Dövlət İmtahan Mərkəzindən abituriyentləri çaşdıran qərar - SAY 50 FAİZ AZALACAQ

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb. Ötən gün açıqlanan siyahı abituriyentlərdə müəyyən çaşqınlıq yaradıb. Buna səbəb əvvəlki illərdən fərqli olaraq bu il sınaq imtahanlarının (27.05.17; 11.06.17) qəbul imtahanlarının birinci mərhələsindən sonraya təsadüf etməsidir. Belə ki, bu ildən qəbul imtahanları iki mərhələdə keçiriləcək. İlk imtahan isə aprelin sonu mayın əvvəlinə təsadüf edəcək.

Baxmayaraq ki, sınaq imtahanın məqsədi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına köməklik olmalıdır.

Bu qərarı şərh edən təhsil eksperti Kamran Əsədov sınaq imtahanlarının qəbul imtahanının birinci mərhələsindən sonraya təsadüf etməsinin ciddi problem yaradacağını deyir:

"Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayının sonu, may ayının əvvəlində ali məktəbə qəbul imtahanının birinci mərhələsi keçiriləcək. Bu qərarda 11-ci siniflərin məktəbi iyun ayının 14-də bitirməsi unudulub. Şagirdlər tədris proqramını başa çatdırmamış onların biliklərinin yoxlanması nə dərəcədə doğrudur? Buradan belə məlum olur ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərin orta məktəb yox, repititor yanında mənimsədiyi biliklərini yoxlayır. Yəni orta məktəb bilikləri onlar üçün önəmli deyil. Lakin bir məqam unudulmamalıdır ki, ilk qəbul imtahanında iştirak edən şagird sonradan keçiriləcək buraxılış imtahanında "2" qiymət ala bilər. Orta məktəb və buraxılış imtahanının orta qiyməti 2.5 olan şagirdlərə attestat yox, orta məktəbi bitirməklə bağlı sənəd veriləcək. Ötən il 1500, ondan əvvəl 3000 nəfər bu səbəbdən attestat ala bilmədi. Nəticədə onların birinci imtahanda iştirak üçün ödədiyi vəsait də itəcək. Çünki attestat ala bilməyən abituriyentlər ali məktəbə qəbul ola bilməyəcəklər. Eyni qayda magistraturaya da aiddir. Burada da imtahanın birinci mərhələsi dövlət imtahanından əvvəl keçirilir. Burada əsas məqsəd pul qazanmaqdır".

Ekspert hesab edir ki, orta məktəbdə tədris prosesi bitməmiş qəbul imtahanı həyata keçirilməməli idi.

"Həmçinin rus bölməsinin abituriyentlərini Azərbaycan dili imtahanları da gözləyir. Hesab edirəm ki, tərtib edilən cədvəldə uyğunsuzluq var. Qəbul imtahanına belə qeyri-ciddi yanaşma abituriyent və valideynlərin Dövlət İmtahan Mərkəzinə inamını aşağı salacaq. Bura bazar deyil ki, istədiyiniz qiyməti qoyasınız. Təhsildə qeyri-ciddi yanaşma olmaz. Bu yanlışlıqları soruşsaq, onlar vaxt çatışmazlığı və tələskənliklə əlaqələndirəcəklər. Lakin necə olur Dövlət İmtahan Mərkəzinin 200 nəfərlik əməkdaşı komanda şəklində işləyərkən, qəbul imtahanlarında 100-dən çox müəllimin hazırladığı suallarda səhv edir. 3 saatda abituriyentin 1 səhvini belə bağışlamırlar".

Ekspert sınaq imtahanlarında iştirak üçün 20 manat ödənişin müəyyən edilməsini də şərh edib. Onun sözlərinə görə, qəbul imtahanı ilə sınaq imtahanında iştirakla bağlı ödənişin bu qədər fərqli olmağı düzgün yanaşma deyil:

"Hər iki imtahanda eyni kadr potensialı, eyni texnologiya istifadə edilir. Amma bakalavrların ali məktəbə qəbul imtahanı 40, sınaq imtahanı 20 manat olur. Hesab edirəm ki, burada bir uyğunsuzluq var. Bu rəqəmlərdən belə məlum olur ki, bir abituriyent üçün xərc əslində 25 manatdır, sadəcə qəbul imtahanında 40 manat etməklə hər abituriyentdən əlavə 15 manat gəlir əldə edirlər. Bu uyğunsuzluğu başqa cür izah edə bilmirəm.

Hesab edirəm ki, qəbul imtahanlarında müəyyən edilən ödəniş qiyməti ali məktəblərə qəbul sayına təsir edəcək. Abituriyentlərin sayı 50 faizə qədər azalacaq, ali məktəblərə qəbul sayı aşağı düşəcək, Azərbaycandan xaricə oxumağa gedənlərin sayı kütləvi şəkildə artacaq. Bu həm beyin, həm də maddi axın deməkdir"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR