Novruz bayramına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

Martın 16-da "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə I yerə layiq görülmüş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əlamətdar bayram ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənəyə çevrildiyini bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi məqsədilə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.

Çıxışını davam etdirən Vüqar Səfərli yanvarın 25-dən martın 7-dək davam edən müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatlandırıldığını bildirən icraçı direktor 15 nəfər jurnalistin I, 30 nəfər jurnalistin II, 45 nəfər jurnalistin III yerə layiq görüldüyünü bildirib. Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə verilib. Novruz bayramı münasibətilə qonaqları və mətbuat işçilərini təbrik edən Vüqar Əliyev Novruz bayramı ərəfəsində fərdi jurnalist yazıları müsabiqəsinin təşkilini və qaliblərin təntənəli şəkildə mükafatlandırılmasını uğurlu ənənə kimi dəyərləndirib. Vüqar Əliyev bu müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Vüqar Əliyev Azərbaycan jurnalistikasının bu gün daha güclü olduğunu, fəaliyyətinin genişləndiyini xüsusi vurğulayıb: "Bunun, ilk növbədə, səbəbi əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi ilə bağlıdır. Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları fəaliyyət göstərir. Bu gün ölkə mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bayram münasibətilə jurnalistləri təbrik edib və onların fəaliyyətini yüksək dəyərləndirib: "Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir".

Daha sonra müsabiqədə I yerə layiq görülmüş jurnalistlərə Fondun xüsusi diplomları təqdim edilib.

Tədbirin rəsmi hissəsini yekunlaşdıran Vüqar Səfərli tədbir iştirakçılarını bir daha Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra tədbir bədii hissə ilə davam edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR