Fikir, söz, məlumat azadlığı baxımından nümunə ölkə

Uzun bir tarixə malik olan Azərbaycan mediası günümüzdə öz inkişaf dövrünü yaşayır.  Bu gün Azərbaycan mediası bütün parametrləri üzrə region ölkələrindən öndədir. Ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunması, kütləvi informasiya vasitələrinin azad və müstəqil şəkildə fəaliyyəti üçün mövcud olan imkanlar, mətbuata və bu sahədə çalışan kütləvi informasiya vasitələri nümayəndələrinə olan dövlət qayğısı deyilənlərin əyani sübutudur. Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan mediası bu günkü durumuna gəlib çatana qədər çox çətinliklər görmüş, məşəqqətli, ancaq şərəfli bir yol keçmişdir.

Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycanın milli mətbuatının keçdiyi yola nəzər salsaq, onu bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ, XIX əsrin sonları-XX əsrin əvvəlləri, yəni Milli Mətbuatın əsasının qoyulduğu tarixdən 1920-ci illərə qədər olan dövr. İkinci mərhələ, XX əsrin əvvəllərindən bu əsrin 90-cı illərinə qədər davam edən dövr. Və nəhayət, üçüncü mərhələ XX əsrin 90-cı illərindən başlayaraq günümüzdə də davam edən dövr. Əgər bu üç dövrün tarixinə, həmin dövrlərdə dərc edilən qəzet və jurnalların nüsxəsinə, orada yer alan məqalələrə nəzər salsaq aydın şəkildə görə bilərik ki, XIX əsrin 70-80-ci illərindən başlayaraq XX əsrin 20-ci illərinə qədər davam edən mərhələ, eləcə də XX əsrin 90-cı illərindən başlayaraq günümüzdə də də davam edən dövrdə, mərhələdə azad, fikir, söz azadlığı öz yerini tapıb, insanlar müstəqil fikirlərlə, fərqli yanaşmalarla qəzet səhifələrində tanış ola biliblər. Düzdür, birinci və üçüncü mərhələ arasında da müəyyən mənada fərqliliklər olub. Yəni XIX əsrin 70-80-cı illərindən XX əsrin 20-ci illərinə qədər davam edən mərhələdə qəzet və jurnallarda azad fikir, müstəqil yanaşma öz yerini tapsa da, lakin təzyiqlər, təqiblər də az olmayıb. İstər "Əkinçi", istər ondan sonra işıq üzü görən digər mətbu orqanlar, "Molla Nəsrəddin" jurnali, "Kapsi" qəzeti, "Ziya", "Kəşkül" və s. bu kimi mətbu orqanlarda o dövrün ədib və mütəfəkkirləri dolayısıyla, qapalı şəkildə də olsa öz fikir və düşüncələrini ifadə edə bilir, müstəqil, azad fikirlərini cəmiyyətə çatdırmağa müvəffəq olurdular. Düzdür, bir neçə nömrə sonra adıçəkilən həmin qəzetlər ya qapadılır, ya da öz nəşrini qonşu respublikalarda, xüsusilə Gürcüstan və İranda davam etdirirdi. Elə "Molla Nəsrədiin" jurnalının timsalında bunu aydın şəkildə görmək mümkündür.  Eləcə də digər yuxarıda adı çəkilən qəzetlər də eyni aqibəti yaşamalı olurdular. Amma, onu da qeyd etmək lazımdır ki, həmin mətbu orqanlar qonşu Gürcüstan və ya İranda çap edilsə belə, həmin qəzet və jurnallarda görkəmli ədib və mütəfəkkirlərimizin xalqın milli oyanışına hesablanmış azad fikirləri, müstəqil yanaşmaları əksini tapırdı. Xüsusilə, 1918-ci ilin may ayının 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti zamanında, eləcə də həmin tarixi anın yetişdiyi ərəfəyə qədər Azərbaycanda dərc edilən dövrü mətbuatda, qəzet və jurnallarda azad sözə, fikirə, müstəqil yanaşmaya rast gəlmək mümkün idi. Həmin illərdə dərc edilən müxtəlif mətbu orqanlarda cəmiyyətdə kifayət qədər çəkisi və nüfuzu olan ayrı-ayrı tanınmış şəxsiyyətlər öz məqalələrini dərc edir, cəmiyyətə öz fikir və mülahizələrini, yanaşmalarını çatdırırdılar.

Ancaq eyni fikri, sözləri XX əsrin 20-ci illərindən 80-90-cı illərə qədər olan dövrə aid etmək qətiyyən mümkün deyil. Məlumdur ki, 1920-ci ilin, aprel ayında XI Qızıl Ordu Bakıya daxil olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu. Bununla da tədricən hər şey nəzarət altına keçdi, cəmiyyətin marriflənməsi, ictimai şüurun formalaşmasında müstəsna xidmətləri olan qəzet və jurnallar təzyiq və təpkilər hesabına öz fəaliyyətini dayandırdı. Nəşrini Azərbaycandan kənarda davam edən bir çox mətbu orqanların nüsxələrinin Azərbaycan cəmiyyətinə çatdırılması isə qadağan edildi. Bu sahədə ciddi problemlər yaradıldı. Sovet hakimiyyətinin qurulmasından sonra isə ümumiyyətlə mətbuatın fəaliyyəti ciddi nəzarətə götürüldü. 70 il ərzində Azərbaycanda işıq üzü görən cəmi bir neçə qəzet vardı ki, həmin qəzetlər də yalnız Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ciddi nəzarəti altında işıq üzü görürdü. Bir qayda olaraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarları, iclas və plenumları, Mərkəzi Komitə üzvlərinin, partiya rəhbərliyinin keçirdiyi görüşləri dərc edən "Kommunist", "İzvestiya", "Pravda" kimi qəzetlərdə hansısa müstəqil, azad fikrə rast gəlmək qətiyyən mümkün deyildi. Nəinki, müstəqil, azad fikir. hətta cəmiyyətdə mövcud olan çoxsaylı problemləri dilə gətirmək belə qeyri-mümkün sayılırdı. Ancaq maraqlı bir məqam ondan ibarət idi ki, həmin qəzetlərin əsl gerçəkliyi yazmamasını, yalnız Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə xidməıt etdiyini bilə-bilə cəmiyyət həmin mətbu orqanları sevə-sevə oxuyur, onları mütaliə edirdilər. Qəzet köşklərinin önündə yaranan növbələr mətbuata olan marağın göstəricisi idi.

Ancaq XX əsrin 80-ci illərindən başlayaraq situasiya dəyişməyə başladı. Birləşmiş Ştatlarla diplomatik mübarizə meydanında məğlub duruma düşən SSRİ-nin dağılma təhlükəsinin çox da uzaq olmadığı o zamankı müttəfiq respublikaların əksəriyyətinə bəlli idi. Ancaq cəmiyyətin buna alışması çətin görünürdü. 70 il canla-başla xidmət etdiyi ittifaqın dağılmasını cəmiyyətin ani anda qəbul etməsi mümkün deyildi. Ona görə də bu proses tədricən, anlaşılan şəkildə cəmiyyətə çatdırılmalı idi. Heç şübhəsiz ki, bu funksiyanı da mətbu orqanlar, yeni çap edilən qəzet və jurnallar oynamalı idi. Artıq XX əsrin 80-90-cı illərində Azərbaycanda müstəqil şəkildə qəzetlər dərc edilməyə başlayırdı. Amma həmin mətbu orqanlar da gizli yollarla çap edilirdi. Çünki Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi heç cür ittifaqın dağılması reallığını qəbul etmək istəmir, onu yaxına buraxmırdı. Paralel olaraq ölkədə formalaşmaqda olan azad, müstəqil fikirə qarşı kəskin şəkildə basqılar olur, təqiblər, təzyiqlər edilirdi. Əsas təqib və təzyiqlər isə təbii ki, müstəqil şəkildə çap edilərək işıq üzü görən qəzetlərə, mətbu orqanlara qarşı idi. Çünki müstəqil şəkildə işıq üzü görən qəzetlər xalqın milli oyanışında mühüm rol oynayır, öz səhifələrində azadlıq, müstəqillik çağırışları edirdilər.  Yetişməkdə olan situsiya ilə barışmaq istəməyən Moskvaya bağlı qüvvələr,  mövcud hakimiyyət ciddi cəhdlə müstəqil medianın formalaşmasına maneçilik törədir,  azad söz, fikir və ifadə azadlığını məhdudlaşdırır, kütləvi informasiya vasitələrinə qarşı basqılar edirdi. Nəticə etibarilə paytaxtda nəşr olunan və xalqın milli şüurunun formalaşmasında müstəsna xidmətlər göstərən mətbu orqanlar basqılara tab gətirməyərək əyalətlərə üz tutur, gizli şəkildə çap olunmağa başlayırdılar. Sanki XX əsrin əvvələri təkrar olunurdu. Hətta bəzi hallarda həmin dövrdə işıq üzü görən qəzetlər daha təhlükəsiz məkanlarda, qonşu Türkiyə və  Gürcüstanda çap edilirdilər.

Azərbaycan mətbuatında hazırda da yaşadığımız yeni mərhələ isə XX əsrin 90-cı illərindən başlayaraq günümüzə qədər davam edir.  Bu dövr haqlı olaraq Azərbaycan mətbuatının inkişaf mərhələsi kimi xarakterizə edilir. Bu dövr daha çox ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidli tələəbi ilə hakimiyyətə qayıdan ümummilli Heydər Əliyev bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atdı, ölkədə azad sözün, fikrin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdı. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə senzura ləğv edildi,  müstəqil mətbuatın inkişaf etdirilməsi üçün məqsədyönlü addımlar atıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası gücləndirildi.

Hazırda Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Mətbuata. kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşan İlham Əliyev müntəzəm olaraq mətbuat nümayəndələrinin mövcud problemlərinin həlli istiqamətində addımlar atır. Azərbaycan Respublikasının Prezidenti yanınds Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, media işçilərinin sosial-məişət problemlərinin həlli məqsədilə dövlət hesabına yaşayış binasının tikilib mətbuat işçilərinə pulsuz paylanılması,  KİV təmsilçilərinin mütəmadi olaraq fəxri adlarla təltif edilməsi məhz dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Bütün bu müsbət faktorlar həmçinin Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunduğunun əyani sübutudur.  Təsadüfi deyil ki, bu gün Azərbaycan fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması baxımından əksər ölkələrə nümunə kimi göstərilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR