Azərbaycanda ilk dəfə Bakı Şopinq Festivalı keçiriləcək

Əbülfəz Qarayev: "Bu ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir"

Martın 16-da Turizm Şurasının üzvləri Bakı Şoppinq Festifalının keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçiriblər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən bir çox mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama əsasən, həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının təşkilidir. Hər il keçirilməsi nəzərdə tutulan festivalbu il, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək: "Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar". Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir: "Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirəcək. Festival zamanı "Tax-free" tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək". Ə. Qarayev qeyd edib ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. Onun sözlərinə görə, festival yüngül sənaye məhsulları üçün nəzərdə tutulub. Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox qonşu ölkələrdə maraq yaranıb. Xüsusilə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axını olacağı gözlənilir. Onun bildirdiyinə görə, Festivalın təşkili Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə hətta bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır. Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, Festivala hazırlıq çərçivəsində artıq bir sıra mühüm işlər görülüb. Festivalın rəsmi internet saytı olanwww.bakushopfest.com Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar, turist və alıcılarda yarana biləcək bütün sualların cavabları, ümumiyyətlə, Bakı Şopinq Festivalı ilə bağlı bütün məlumatlar əks olunub: "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 20-də imzaladığı "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında Fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir edəcək. ƏDV-nin qaytarılması qaydaları Bakı Şopinq Festivalı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində (iştirakçı-sahibkar) tətbiq ediləcək. Xarici turistlər, eyni zamanda Azərbaycan vətəndaşları ƏDV qaytarılması kampaniyasından yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyində və ya Bakı Şopinq Festivalının vebsaytında qeydiyyatdan keçmiş iştirakçı-sahibkarların xidmətindən istifadə etdikləri və onlardan mal aldıqları zaman yararlana biləcəklər". Onun bildirdiyinə görə, artıq Azərbaycanda "Tax-free"nin milli sistemi tətbiq olunur. Bu sistemə ötən ilin iyul ayından indiyə qədər 6363 gaktura daxi olub. Nəticədə ticarət dövriyyəsinə 12 milyon manatdan artıq vəsait daxil olub ki, ondan da bir milyon manat xarici vətəndaşlara ƏDV kimi qaytarılıb. İlk festifalda bu mexanizm daxili turizmin inkişafı məqsədilə Azərbaycan vətəndaşlarına da şamil ediləcək. 100 manatdan artıq alış-veriş edən hərbir Azərbaycan vətəndaşı ən geci 10 gün müddətində nəğd şəkildə ƏDV-ni geri ala biləcək. Tədbirdə qeyd edildi ki, Festivalın daha maraqlı və cəlbedici olması üçün festival dövründə müxtəlif lotereya oyunları, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların nümayişi, kinofestivallar təşkil ediləcək. Festival dövründə paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və Azərbaycan əhalisinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının xidmətinə Çağrı Mərkəzi(Call Center) də istifadəyə veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı Mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.

Zəka 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR