100 vətəndaş “Kütləvi çıxarış” kampaniyasından faydalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib. Komitədən "Olaylar"a verilən məlumata görə, , 16 mart tarixində keçirilən növbəti "Kütləvi Çıxarış" kampaniyasından Abşeron rayonunda yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin sakinləri faydalanıb. Kampaniya çərçivəsində yaşayış kompleksinin 100 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Bir qrup sakinə isə komitənin əməkdaşları tərəfindən hüquqi yardım göstərilib, onların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualları cavablandırılıb. Sənədləşdirmə zamanı müvafiq qurumlardan alınması zəruri olan sənədlərin adı, belə sənədlərin əldə olunması ardıcıllığı, qeydiyyat müddətləri və digər məsələlər vətəndaşlara çatdırılıb. 
Qeyd edək ki, çox mərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması çox əhəmiyyətlidir. Belə ki, çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Yeni tikili binaların (MTK) mənzillərinə çıxarış əldə etmək üçün lazım olan sənədlərə istismara Qəbul aktı (bina üçün), protokoldan çıxarış və maliyyə arayışı daxildir. Vətəndaşlar yuxarıda sadalanan sənədləri komitənin əməkdaşlarına təqdim etməklə birbaşa ünvanlarda, iş yerlərində hazır çıxarış əldə edə bilərlər. 
Məlumatda o da bildirilir ki, kütləvi Çıxarış kampaniyası çərçivəsində 2017-ci ilin ilk 3 ayında paytaxt və regionlarda 10-a yaxın məntəqədə vətəndaşlara xidmət göstərilib. Kampaniya çərçivəsində komitənin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında, o cümlədən regionlarda vətəndaşların birbaşa ünvanlarında habelə onların fəaliyyət göstərdikləri iş yerlərində, zavod və fabriklərdə əhaliyə xidmət göstərilib. 2017-ci ildə bu kampaniya çərçivəsində daha bir yenilik edilərək iş yerlərində də vətəndaşlara xidmət göstərilib. Belə ki, kampaniya son 1 ay ərzində müxtəlif fabrik və zavodlarda fəaliyyət göstərən vətəndaşları iş yerlərindən ayrılmadan, əlavə vaxt itirmədən hazır çıxarışla təmin etmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR