Mətbuat tariximizdə Rzaqulu Nəcəfov imzası: keşməkeşli ömrün səhifələri

Azərbaycan mətbuat tarixində Rzaqulu Nəcəfovun xüsusi yeri vardır. Naxçıvan, Tiflis və Bakı ədəbi mühitində, eləcə də ictimai-siyasi fəaliyyətində fəallığı və işgüzarlığı ilə seçilən Rzaqulu Nəcəfov Sovet hakimiyyəti illərində çox az xatırlanan şəxsiyyətlərdən biridir. 

Bu ensiklopedik ziyalının göstərdiyi xidmətlərə baxmayaraq, adı 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasına düşməmişdir. Onun haqqında ancaq professor Əziz Şərifin gündəlikləri əsasında yazdığı xatirələrdə məlumat verilir. Bunun səbəbini bir az sonra söyləyəcəyik. Əvvəlcə istərdik, Rzaqulu Nəcəfovun avtobioqrafiyasından bəzi məqamları xatırlayaq. Yeri gəlmişkən bildirək ki, bir çox şəxsiyyətlər kimi, Rzaqulu Nəcəfov haqqında da ilk ensiklopedik məlumat Naxçıvan Ensiklopediyasında verilmişdir. Rzaqulu Məşədi Ələkbər oğlu Nəcəfov 1884-cü ildə Naxçıvan şəhərində anadan olmuş və Naxçıvanda ibtidai təhsil almışdır. Sonralar təhsilini İrəvanda və Tiflisdə davam etdirmiş, atasının vəfatından sonra Naxçıvana qayıdıb Culfa gömrükxanasında işləmişdir. Nəcəfovlar Culfada və Naxçıvanda ticarətlə məşğul olsalar da, onların elm öyrənməyə hədsiz maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı elmi dünyagörüşləri yüksək olan insanlar idi. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı şair Əliqulu Qəmküsarın xüsusi rolu olmuşdur. 

1912-ci ildə Tiflisə köçmüş, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilmişdir. Əslində, o, jurnala redaktorluq edən Əliqulu Qəmküsarın köməkçisi idi. Həmin dövrdə Tiflisdə çıxan rusdilli qəzetlərdə və məşhur "Molla Nəsrəddin" jurnalında maraqlı yazıları ilə tanınan Rzaqulu artıq oxucuların sevimlisinə çevrilmişdi. Hələ Culfada yaşayarkən o, inqilabi fəaliyyətlə məşğul olmuşdur. Tiflisdə yaşadığı illərdə də Rzaqulu inqilabi fəaliyyətini davam etdirmişdir. Ona görə də Rzaqulunu tez-tez həbs edir və sorğu-suala tuturdular. Hətta ona bir dəfə Kutaisi həbsxanasında işgəncə vermişdilər. 1918-1920-ci illərdə Rzaqulu Nəcəfov Tiflisdə Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Rzaqulu Nəcəfov Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi və məsul vəzifədə işləyirdi. Qafqazda populyar olan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfov naxçıvanlı gənclərin Tiflisdə təhsil almalarına yaxından maddi və mənəvi köməklik göstərirdi. Sonralar "Dan ulduzu" jurnalına da baş redaktorluq etmişdir. 

"Molla Nəsrəddin" jurnalı ilə mənəvi doğmalığı hələ o, Naxçıvanda yaşadığı illərdən başlamışdı. Xatirələrində yazır: "... Hələ məcmuə çap olunmamışdan bir neçə ay qabaq ətraf şəhərlərlə - Naxçıvan, İrəvan, Gəncə, Şəki, Şirvan və Bakı ilə rabitə bağlayır. Biz o vaxt Naxçıvandaydıq. Mirzə öz oğulluğu     

Heydər ağa Şahtaxtinskini Naxçıvana göndərmişdi, oradakı dostlarına məcmuənin çıxacağını xəbər verib material istəmişdi".   Rzaqulu Nəcəfov Cəlil Məmmədquluzadənin yaxın silahdaşı olduğundan "Molla Nəsrəddin" jurnalına müxbirlik etməyi mənəvi borc bilir və bundan qürur duyurdu. O, Tiflisdə yaradılmış Yeni Əlifba Komitəsinin sədr müavini olmuş, Tiflis (Azərbaycan) Dövlət Dram Teatrına direktorluq etmiş və 1930-cu ildə obyektiv səbəblər üzündən Bakıya köçmüş, nəşriyyatda işə düzəlmişdir. Həqiqət naminə demək lazımdır ki, 1920-ci ildən sonra Rzaqulu Nəcəfovu açıq və gizlində izləyirdilər. Gənclik və əməl dostlarının bir çoxu həbs edilmiş, güllələnmiş, yaxud da Sibirə sürgün edilmişdi. Hələ o, Tiflisdə yaşayanda sorğu-suala tutulmuşdu. Bu haqda azacıq da olsa, tədqiqatçı alim Əziz Şərif "Keçmiş günlərdən" (Bakı, 1983) kitabında məlumat vermişdir. Əziz Şərif yazır: "1927-ci ildə atamın (Qurbanəli Şərifzadənin - müəllif) vəfatından on il keçirdi. O zaman məsul vəzifələr daşıyan və uzun müddət "Yeni fikir" qəzetinin baş redaktoru olan Rzaqulu Nəcəfov vaxtilə yaxşı tanıdığı, dərin hörmət bəslədiyi, ictimai xidmətlərini yüksək qiymətləndirdiyi Qurbanəli Şərifzadəni yada salıb ona "Hüznlü bir xatirə" başlıqlı məqalə həsr etmişdi. Böyük qardaşı, görkəmli şair Əliqulu Qəmküsar, İran inqilabının iştirakçılarından olan əmisi oğlu Nəcəfqulu Nəcəfov və Naxçıvanın açıqfikirli ziyalı gəncləri kimi, Rzaqulu da Naxçıvan mühitində böyümüş, ərsəyə çatmış və Q.Şərifzadənin təsiri ilə ictimai fəaliyyətə başlamışdır..."  

Rzaqulu Nəcəfovun maraqlı olan bu nekroloq yazısı "Dan ulduzu" jurnalının 1927-ci il tarixli 12-ci nömrəsində dərc edilmişdir. Əziz Şərifin yazdıqlarından məlum olur ki, bu yazının çapından sonra Rzaqulu Nəcəfova qarşı kampaniya başlanmış və sonda ona rəsmi xəbərdarlıq edilmişdir. Rzaqulu Nəcəfovu zəiflik göstərməkdə, sovet mətbuatından və öz məsul mövqeyindən sui-istifadə etməkdə günahlandırırdılar. Bəhanələri də bu imiş ki, guya Qurbanəli Şərifzadə xatırlanmağa layiq olan şəxsiyyət deyilmiş və sair. Qeyd edək ki, Q.Şərifzadə haqqında yazılan elmi məqalələr, sanballı monoqrafiyalar həmin illərdə Rzaqulu Nəcəfova qərəzli kampaniya aparanların yalanlarını üzə çıxarır və ifşa edir. Əziz Şərifin yazdıqlarına görə o, bu məsələdə Rzaquluya köməklik edə bilmir və işə böyük yazıçı Cəlil Məmmədquluzadə qarışır. Mirzə Cəlil Zaqafqaziya Ölkə Partiya Komitəsində məsul vəzifədə olan dostu Teymur Hüseynova müraciət edir və Rzaqulu Nəcəfova qarşı olan kampaniya dayandırılır. Əlbəttə, Əziz Şərif Sovet hakimiyyəti illərində bu hadisələr haqqında hərtərəfli və açıq yaza bilməzdi. Həmin illərin sənədləri Tiflisin xüsusi arxiv fondlarında tədqiqatçıların yolunu gözləməkdədir... 

Bu kampaniyanı aparanlar 1937-ci ildə yenidən Nəcəfovlara qarşı hücuma keçdilər. Bolşeviklər 1937-ci ildə Bakıda və Naxçıvanda xalqın etimadını qazanan Nəcəfovları həbs edir, amansızlıqla qətlə yetirir, ailələrini isə sürgünə göndərirdilər. Bu istiqamətdə axtarışlarımız hələ davam etdiyindən mətləbimizə qayıdaq. Şair Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadənin yazdığı xatirələrdən ("Kiçik pəncərədən görünən dünya" Bakı, 1990) məlum olur ki, Rzaqulu Nəcəfov iki dəfə ailə qurmuşdur. Tiflisli Məsumə Fərəcullayeva ilə nikahından Akif və Orxan adlı oğlanları olmuşdur. Məsumə xanım cavankən vəfat etdiyindən Rzaqulu ikinci dəfə Rza xanın qızı Bilqeyis xanım Talışinskaya ilə ailə qurur. Əvvəlki yazılarımızda Akiflə Orxanın kədərli həyatından yazmışdıq. O yazıda qeyd etmişdik ki, Akif və Orxanla bağlı axtarışlarımız davam edir. Bu axtarışlarda bizə Nəcəfqulu Nəcəfovun və Nazlı xanım Tahirovanın oğul nəvəsi Anar Nəcəfzadə köməklik göstərdi. 

O, Azərbaycandan uzaqlarda - Qətərdə yaşasa da, ata yurdu Naxçıvana bağlı olan ziyalı bir insandır. Mətbuatda dərc olunan yazılarımızı oxuduqdan sonra özünün topladığı sənədlərin surətini bizə göndərmişdir. Aydın olmuşdur ki, Akif Rzaqulu oğlu Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə doğulmuşdur. Əvvəlcə Tiflisdə, sonralar isə Bakıda alman məktəbində təhsil almışdır. İkinci Dünya müharibəsi illərində əvvəl polk, sonra isə ordu kəşfiyyatçısı kimi hərbi xidmət keçmişdir. Akif alman dilini mükəmməl bildiyindən bacarıqlı bir kəşfiyyatçı kimi ad qazanıbmış. Müharibədən sonra SSRİ Müdafiə Nazirliyinin əməkdaşı kimi iki il Berlində və Almaniyanın bir sıra başqa şəhərlərində hərbi xidmətdə olmuşdur. Cəbhədən qayıtdıqdan sonra o, Leninqrad Dövlət Universitetinə (indiki Sankt-Peterburq) daxil olur. Hələ birinci kursda ikən, yəni 1947-ci ildə universitetin həmkarlar ittifaqına sədrlik edir. 

Üçüncü kursda oxuyarkən Stalin təqaüdünə layiq görülən Akifin uğurlarına sevinməyənlər də tapılır. Xəfiyyələr öz işlərini görürlər. 1949-cu ildə iki nəfər təxribatçının şahidliyi ilə antisovet təbliğatında təqsirli bilinib on il müddətinə sürgün edilir. Sürgün illərindən sonra Akifə Azərbaycana gəlməyə icazə verilmir. Buna görə də Tacikistanın paytaxtı Düşənbədə yaşayır. Akif Nəcəfov 1964-cü ildə Tacikistan Dövlət Universitetinin tarix ixtisasına qəbul olunur. Universiteti bitirdikdən sonra həmin ali məktəbdə "İncəsənət tarixi" fənnini tədris etmişdir. 1965-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Tacikistanın təsviri sənəti və musiqisi barədə çoxsaylı məqalələrin müəllifidir. Akif Nəcəfov Vətən həsrəti ilə 21 yanvar 1989-cu ildə dünyasını dəyişmişdir. Üç qızı vardır: Leyla, Osanna və Stella. Hər üçü Sankt-Peterburqda yaşayırlar və "Nəcəfov" soyadını daşıyırlar. 

Arzuları babalarının Vətəni Naxçıvanı görməkdir. Orxanın isə İkinci Dünya müharibəsində həlak olduğunu deyənlər olsa da, bunula bağlı rəsmi sənədlər tapılmamışdır.  Nəcəfqulu Nəcəfovun Ankaradakı Sovet səfirliyində fəaliyyətindən məlumat vermişik. Rzaqulu Nəcəfov isə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Tiflisdə konsul vəzifəsini layiqincə yerinə yetirmişdir. Yenə də Qəmər xanımın xatirələrindən: "İbrahim Əbilov tanıdığı, etibar etdiyi adamlarla Ankaraya yola düşdü. Bu adamların içində bizim ailənin yaxın tanışları və qohumları da vardı: Naxçıvandan Əliqulu və Rzaqulu Nəcəfovların əmisi oğlu Nəcəfqulu Nəcəfov, Rza Təhmasib, Musa Həsən oğlu". Yəqin ki, Nəcəfovların diplomatik fəaliyyətləri ilə bağlı sənədlər Moskvada Rusiya Xarici İşlər Nazirliyinin arxivində və Tiflis arxivlərində saxlanılır. Çalışacağıq ki, bu istiqamətdə axtarışlarımızı davam etdirək.  

Rəsmi sənədlərdə Rzaqulu Nəcəfovun ölüm tarixi 1938-ci il kimi qeyd edilir. Lakin NKVD-yə məxsus sənədlərdə 1937-ci ildə güllələnənlərin siyahısında Nəcəfov Rzaqulu Ələkbər oğlunun da adı var: (1885, Naxçıvan - 29.10.1937, 52 yaş). Onun həbs olunduğu tarix belə qeyd edilmişdir: 27.9.1937. Bu siyahıda əmisi oğlu Nəcəfqulu Nəcəfovun da adı vardır. Qəribə bir tale: hər iki əmioğlu oktyabrın 29-da güllələnmişdir. Bütün həyatlarını elmə, maarifə, siyasi-ictimai fəaliyyətə həsr etmiş Nəcəfovlar təpədən-dırnağa azadlıq mücahidləridir, - desək, heç də yanılmarıq. Hələ yeni sənədlər aşkar edildikcə Nəcəfovların, o cümlədən haqqında söhbət açdığımız Rzaqulu Nəcəfovun Vətən qarşısında xidmətlərinin böyüklüyünün bir daha şahidi olacağıq. Həyatını Azərbaycanın azadlığı və milli dövlətçiliyimiz uğrunda qurban verən Rzaqulu Nəcəfov tarixdə yaşayacaq böyük şəxsiyyətlərdən biridir. 

Musa QULİYEV,  
AMEA Naxçıvan Bölməsinin  əməkdaşı 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR