“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirildi

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 15 mart 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə tədbir keçirdi. Nazirlikdən "Olaylar" - a bildiriib ki, yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə "Erkən nikahlar və onların fəsadları" mövzusunda təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparıldı.

Tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıldı.

Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan İSİM-in mütəxəssisi Aysel Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. 

Daha sonra İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışdı.

Bundan başqa, natiq erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqət yönəltdi: "Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Çünki onlar özləri də hələ uşaqdırlar".

Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verildi. İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR