“Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib”

Bakıda AŞ PA-nın Komitə iclası keçirilir
 

Martın 15-də Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb. İclasda çıxış edən MM-in sədr müavini Valeh Ələsgərov bildirib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq bu, qarşılıqlı hörmətə əsaslanmalıdır. Avropa İttifaqının 2 milyon qaçqının probleminin həllində çətinliklərlə üzləşdiyini söyləyən V. Ələsgərov Azərbaycanın vaxtilə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini və onların problemlərinin həlli istiqamətində ciddi işlər gördüyünü vurğulayıb: "Əgər dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli, ikili standartlardan uzaq mövqe tutsaydı, bu gün dünya belə problemlərlə üzləşməzdi. Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib". V. Ələsgərov həmçinin deyib ki, Azərbaycanda AŞPA-nın daha bir komitəsinin iclası keçiriləcək. Onun sözlərinə görə, Bakıda AŞPA-nın Sosial siyasət, sağlamlıq məsələləri və davamlı inkişaf komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirib ki, Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var. S. Seyidov əlavə edib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var: "Bu sıraya İtaliya, Yunanıstandan olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir". Komitə sədri bildirib ki, Bakıda keçirilən toplantıdan sonra bu problemlərin həlli yollarının tapılacağına inanır. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: "Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib". Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur: "Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir". Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib ki, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb: "Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib". O, qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib: "Bu Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən göndərilmir. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Son illər üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib". P. Musayev onu da deyib ki, Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenefobiya halları qeydə alınmayıb. 
İclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR