Fərdi mənzil tikintisi üçün icazə hansı qaydada alınır?

Hazırda ölkədə fərdi mənzil tikintisinə tələbatın artması müşahidə olunur. Çoxmənzilli binalarda evlərin baha olması, üstəlik vətəndaşların böyük əksəriyyətinin ipoteka kreditindən yararlanma imkanının məhdud olması və tikinti şirkətlərinə etibarın azalması fərdi mənzillərə tələbatı çoxalmasına səbəb olur. Məsələ orasındadır ki, vətəndaşların əksəriyyətinin fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması proseduru barədə bilgilərinin kifayət qədər olmaması bu sahədə də müəyyən problemlərin yaranmasına səbəb olur. Maraqlıdır, fərdi mənzil tikintisinə icazə hansı qaydada verilir? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir: "Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Şəhərsalma və Tikinti Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Yerli icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər". Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən tikintisinə icazə tələb olunan obyektlərin tikintisinə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Məlum olduğu kimi fərdi mənzil tikintisinə başlamaq üçün vacib olan şərtlədən biri müvafiq torpaq sahəsinin ayrılması ilə bağlıdır. Hazırda ölkədə elə vəziyyət yaranıb ki, bələdiyyələr nəinki qonşu bələdiyyənin, eləcə də dövlət mülkiyyətində olan torpaqlara sərəncam verir. Bu isə fərdi mənzil tikintisi aparmaq üçün ən böyük maneələrdən hesab olunur. Məhz tikinti üçün qanunsuz torpaq sahəsinin ayrılması sonradan tikilinin sənədləşdirmək məsələsində ciddi bir əngələ çevrilir. Bəzən isə vətəndaş mənzili tikib başa gətirdikdən sonar məlum olur ki, binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün nəzərdə tutulubmuş. Xatırladaq ki, Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən, yaşayış sahəsinin və ya onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hüquqşünas qeyd edib ki, hazırda müşahidə olunan əsas problemlərdən biri dövlət mənzil fonduna məxsus mənzilin özəlləşdirilməsi ilə bağlıdır: "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən, Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Lakin, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin yaşayış sahələrinin özəlləşdirilməsi yalnız Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər". Onun sözlərinə görə, qanunvericiliklə özəlləşdirilməsi qadağan olunmayan dövlət mənzil fonduna aid evlərdəki mənzillərin özəlləşdirilməsi üçün müəyyən sənədlərin hazırlanmasına ehtiyac var. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq Milli Arxiv İdarəsi tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə Əmlak Məsələləri Dövlət Komitəsinə verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

 Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR