Narkotiklərə asılılığın doğurduğu fəsadlar

Və buna qarşı aparılan mübarizənin effektivliyi

Bəşəriyyətin ümumi bəlasına çevrilən narkomaniya probleminə qarşı mübarizə aparıldıqca, bu problemin girdabınaq düşən, ondan əziyyətçəkənlərin də sayı nəzərəçarpacaq dərəcədə artır. Hər halda ildən-ilə qeydiyyata düşən narkomanların sayındakı statistika belə deməyə əsas verir. Təəssüflər olsun ki, bu mənfi tendensiya Azərbaycandan da yan keçmir. Rəsmi statistik məlumatlara əsasəsn cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 24056, profilaktik isə 5392 nəfərdir. Narkoman qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir. Ümumilikdə 2016-cı il ərzində 2142 narkoman qeydiyyata götürülüb. Onlardan 1576 nəfəri dispanser qeydiyyatında olanlar, 575 nəfəri isə profilaktikdir. Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı-1249 nəfər olub ki, onlardan 691-i dispanser qeydiyyatında olanlar, 558 isə profilaktik olanlar təşkil edib. Hesabat dövründə inyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər olub. Onlardan 459 nəfəri qadındır. 2016-cı il ərzində Respublika Narkoloji Mərkəzində (RNM) 2852 nəfər müalicə alıb. Onlardan 1183 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 1364 nəfəri isə "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F11) diaqnozları ilə müalicəyə qəbul edilmişdir. RNM-də, həmçinin metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 196 xəstə müalicə alır. Onlardan RNM-də 147 nəfəri, 49 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir. Onu qeyd etmək yerinə düşər ki, Mərkəzdə 2016-cı il ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinələrdən 27825 nəfər keçib. Onlardan 1113 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 590 nəfərdə bu hal aşkarlanıb. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən RNM-nə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması da təmin olunub. Respublika üzrə 2016-cı il ərzində ekspertizadan cəmi 3173 nəfər keçib. Onlardan 1626 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir, onlardan 4 nəfərinin müalicəsi hazırda davam edir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilir ki, narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliklərinin birgə fəaliyyət planına əsasən "Narkotiklərə YOX deyək!" şüarı altında kampaniya davam edir. Bu məqsədlə Respublika Narkoloi Mərkəzinin mütəxəssisləri Bakı şəhərinin 32 məktəbində, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təşkil olunmuş virtual dərsdə, SOS-İnternational Klinikasında təlim proqramında, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunmuş və narkomaniyaya düçar olmuş şəxslərin müalicəsində xüsusi nailiyyətlərin müzakirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər. Bundan əlavə, Xüsusi Dövlət Mühafizə Xidməti, Sabunçu, Pirallahı, rayon polis idarələri tərəfindən Azərbaycan Universitetində, Səbail rayon Polis İdarəsi tərəfindən Təhsil alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təşkil olunmuş tədbirlərdə, Sumqayıt şəhərində DİN ilə Qubadlı və Laçın Rayon İcra hakimiyyətləri tərəfindən təşkil olunmuş "Erkən nikah, dini radikalizm və narkomaniya" mövzusunda tədbirdə Mərkəzin əməkdaşları iştirak ediblər. Mərkəz tərəfindən təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədilə bu problemin müxtəlif aspektlərini işıqlandıran "Narkotiklər haqqında həqiqəti bilin" adlı jurnal, "Alkoqolizm" və "Psixoaktiv maddələrdən asılılıq", "Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!" və "Sağlam, narkotiksiz həyat seç" adlı bukletlər hazırlanıb və aidiyyəti üzrə paylanıb. Bununla yanaşı, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanuna əsasən, bu sahədə aparılan müalicə, mübarizə tədbirləri, onların dövriyyədən çıxarılaraq məhv olunması və digər tədbirlər haqqında digər aidiyyəti orqanların əməkdaşları ilə birlikdə vaxtaşırı kütləvi informasiya vasitələrində təşkil olunmuş verilişlərdə, "dəyirmi masa"larda Respublika Narkoliji Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.

Ümumilikdə, görünən odur ki, nə qədər effektli mübarizənin aparılmasından asılı olmayaraq narkotiklərə aludəçi olanların sayında müsbətə doğru ciddi şəkildə dəyişikliyə nail olmaq hələlik qeyri-mümkünə çevrilir.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR