İyirmi səkkizinci İran səfərnaməsi

Şahin Fazil

Tarix üzrə elmlər doktoru, professor,

"Məcməüş-şüəra" ədəbi məclisinin sədri

"Nəğməsi bitməz-tükənməz nəğməkardır Şəhriyar"

İki ay bundan qabaq İrana getmişdim - "Ərdəbil günü" şənliyinə, Şah İsmayılın ulu babası Şeyx Səfiəddinin İshaq Ərdəbilnin heykəıinin açılışına. Mən bu haqda "İyirmi yeddinci İran səfərnaməsi"ndə ətraflı yazmışam. İndisə iyirmi səkkizinci səfərnamə. Səfərə çıxım və səfərnamə yazmayım, bu mümkün iş deyil. Necə ki, vaxtilə bir şeirimdə demişəm:

Mənim hər səfərim səfərnamədir!

Bəli, yenə İran, yenə konfrans. Bu dəfə ustad şair Şəhriyarın şərəfinə keçiriləcək növbəti "Şəhriyar konfransı".

13.09.2015

Səfər və səfərnamə! Səfərim hələ başlamayıb. Səfərnaməm hələ yazılmayıb. O ki, qaldı şeirə, iyirmi səkkizinci səfərin birinci şeirini bu gün yazdım. Əlbəttə, ustad Şəhriyarın şəninə:

Qəzəl

Şerü sənətdən deyən yoxdur kənardır Şəhriyar,

Şerü sənət şəhrinə, əlbəttə, yardır Şəhriyar.

*

Çox yazar var, varsa da, yoxdur! Dilim "var" söyləməz,

Amma, cismən yoxsa da, ruhən ki, vardır Şəhriyar.

*

Söz gülüstanında bülbül tək oturmuş şəst ilə,

Nəğməsi bitməz-tükənməz nəğməkardır Şəhriyar.

*

Təkcə İranın deyildir iftixarı, dahisi,

Yox, bütün Şərq aləminə iftixardır Şəhriyar".

*

Yadigardır tarixin yaddaşına "Heydərbaba",

Bizlərə "Heydərbaba"dən yadigardır Şəhriyar.

*

Ey Nizami, "Məxzənül - əsrar"də var qaldımı?

  • "Məzənül - əsrar"də - dilləndi, - vardır Şəhriyar

*

Daxil olsan şeir şəhrinə izn al, Şahina,

Sahibi var: Şəhriyardır, Şəhriyardır, Şəhriyar!!!

 

14.09.15

Yol gedirik. Bakı-Biləsuvar istiqaməti. Maşında bu səfər səfərdaşlarından dörd nəfərik: "Say" qəzetinin redaktoru "Vahid ədəbi məclisi"nin sədri, jurnalist Hacı Rafiq Şirvani, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun əməkdaşı Esmira Fuad və mən - Tarix İnstitutunun əməkdaşı, "Məcməüş-şüəra" ədəbi məclisinin sədri Şahin Fazil.

Artıq mərhum yazıçı dostum Əlibaba Hacızadənin şəhərində - Biləsuvardayıq. Biləsuvarlar. Birinci Biləsuvardayıq. Bir azdan ikincisində olacayıq. Vaxtı ilə bir olan, sonradan ikiləşən Biləsuvar. Gömrük məntəqələrini arxada qoyub İkinci Biləsuvara gəldik. Bizi Təbrizə aparacaq maşının sürücüsü hələ buraya gəlib çıxmamışdı. Amma, bizimlə Təbrizə gedəsi kinorejissor  Ənvər Əbluc  uzaqdan göründü. Görüşdük. Kafedə çay içdik, Esmiranın özü ilə götürdüyü qızardılmış toyuq süfrəyə qoyuldu. Və elə bu zaman iki nəfər kafeyə girdi. Biri sürücü Rza, ikincisi isə bir dövlət məmuruydu. İkincisi, əlində tutduğu siyahıda adlarımızı oxudu, akademiklər İsa Həbibbəyli və Vasim Məmmədəliyevin niyə gəlmədikləri ilə maraqlandı. Onların bizdən əvvəl Təbrizə getməli olduqlarını bildirdik.

İrana bu səfərimizin başlanğıcı. Yol gedirik. Qarşıda hələ 6-7 saatlıq yolumuz var. Əvvəlki səfərlərimizdən adları mənə məlum olan onlarla kənd, qəsəbə... Germi kiçik şəhəri.. Qarşıda Ərdəbildir. Ərdəbilin yanından keçirik. Təbriz istiqaməti.. Bostanabad (keçmiş Ucan) şəhəri... Və nəhayət Təbriz. Yorulmuşuq. Yetişdik. Gözəl bir mehmanxanadayıq - "Başgahe-fərhəngiyane Azərbaycane-Şərqi" ("Şərqi Azərbaycan müəllimlərinin mədəniyyət kompleksi"). Başqa sözlə desək - "Müəllimlər evi kompleksi".

Şam yeməyimizi yeyib yatağa uzandıq. Otaqda 3 nəfərdik: Hacı Rafiq, Ənvər Əbluc və mən. Bu konfransa 15 ölkədən 100-dən çox iştirakçı gəlib. Sıxlıqdır. Təki ürək geniş olsun. Ürəyi geniş şairlərin biri də ustad Şəhriyar idi. Ürəyi sözlə doluydu onun. Üç dildə şeir yazardı: fars, Azərbaycan, ərəb. Əlbəttə farsca yazdığı şeirlər daha çoxdur. Üç dildə və üç vəzndə mövzun əsərlər: əruz, heca, sərbəst vəznlər.

Sərbəst vəzndə bir şeir yazmaq qərarına gəldim və yazdım da. Elə bu gecə. Elə bu yorğun vəziyyətdə. Nisbətən uzun bir şeir alındı. Şerin adı:

Bu dünya itirdi, o dünya qazandı

Biri vardı, biri yoxdu...

Aramızda deyilsə də,

Aramızdan deyil kənar.

Bir şairdən söz açıram,

Biri vardı, biri yoxdu,

Biri vardı, yenə də var!

**

İlhamı qaynayan zaman,

Barmağında

qələmi oynayan zaman

farsca,

türkcə,

ərəbcə

yazar idi,

Nazlanan əruzu da,

Avazlanan hecası da,

Süd kimi ağ-ağ şeiri də var idi -

               Adı Şəhriyar idi.

Yox, yanıldım,

"Var idi" yox, biri vardır!

Onun adı Şəhriyardır!

Biri vardır, yenə də var!

Köksü ümman sinəsində

Doğulduğu bu torpağın

Əbədilik

məhəbbəti, mehri var -

Şəhriyar!

**

Dünənin

Bu günün,

Gələcəyin

fəxri olan,

Qorqud kimi ozanlaşan,

Ozan kimi Qorqudlaşan,

Sədiləşən,

Hafizləşən,

Sabirləşən,

Araz kimi coşub-daşan,

Köksü eşqlə,

Eşqi odla

dolu şair,

ulu şair.

Bir şair ki,

sözlərində,

yüz şairin,

min şairin

möcüzəsi, sehri var -

Şəhriyar!

**

Qəlbində

tükənməz arzusu,

Qanında

yox olmaz duyğusu,

Canında

İran dünyası,

Azərbaycan dünyası,

Heydərbaba tək dağı

Səhənd kimi ovlağı,

Qaradağı,

Qarabağı

olan şair.

Əsla şübhə etmirəm ki,

əsrlərin yaddaşında

əsrlərlə qalan şair,

Bir şair ki,

Təbriz kimi

əzəmətli şəhri var -

Şəhriyar!

**

Qələmi -

mürəkkəblə yox,

Sözü -

qələmlə yox,

çiçək ilə,

gül ilə,

meh ilə,

şeh ilə,

setar ilə,

tar ilə,

saz ilə,

avaz ilə,

Hərdən də ox-kamanla,

qan ilə

yazandı,

Onu,

O şair oğlunu

Bu dünya itirdi,

O dünya qazandı!!

**

Biri vardı, biri yoxdu...

Biri vardı, yenə də var -

Şəhriyar,

Şəhriyar,

Şəhriyar!

15.09.2015

Təbriz Universiteti. "Ləl salonu". Bu salonun qarşısında "Kəhrəba salonu" var. Salonları yaxşı adlandırıblar. Bu gün "Ləl salonu"nda qızıl təqdim olunacaq. "Neşane-fərhəngi" ("Mədəniyyət nişanı") adlanır təqdim olunası qızıl medallar.

Dəyirmi miz ətrafında oturmuşuq. Mənimlə üzbəüz Mirzə Rəsul İsmayılzadə əyləşib. O, bir neçə il bundan qabaq Bakıda İranın "əl-Hüda" nəşriyyatının nümayəndəsi idi. Günlərin bir günü mənə bir "Quran" kitabı bağışladı. Özü tərcümə etmişdi Quranı. Oxuyub ona rəy yazdım, AMEA-nın orqanı "Elm" qəzetində dərc olundu həmin rəy. Adını "Göydən gələn kitabın yerdə növbəti tərcüməsi" adlandırdığım məqaləmdə tərifləyib göyə qaldırmışdım Mirzə Rəsulu. Həqiqətən də böyük alimdir. Bir-birinin ardınca iki kitab da çap etdirdi: Şah İsmayıl Səfəvi - Xətainin "Divan"ını və Mirzə Ələkbər Sabirin "Hophopnamə"sini.

Birinci kitabın üz qabığında Şah İsmayılın bu beyti yazılmışdır:

"Qılıncla düşmənin üstünə yügür,

Qələmlə ölkəni idarə elə".

Sabiri çox sevir Mirzə Rəsul (Sabiri kim sevmir ki?). Bəli, iki Sabirsevər üzbəüz əyləşib bu dəyirmi miz ətrafında. Əvvəlcə gözlə, sonra əl-ələ görüşdük, qısaca danışdıq. Dedik sonra görüşərik.

Mirzə Rəsul hazırda Türkmənistanda işləyir, Aşqabaddakı İran səfirliyinin Mədəniyyət Mərkəzinin sədridir.

Rəsulun yanında Əbülfəz əyləşib. Əbülfəz Quluzadə. AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universiteti Filologiya fakültəsinin dekanı. Mənim çoxdankı tanışımdır Əbülfəz. Arabir görüşürük - Naxçıvanda və Bakıda. Bir yol da Türkiyədə görüşmüşük onunla.

Əbülfəzin yanında Başçı əyləşib. Tehranda oxuyan və dissertasiya müdafiə edən Başçı. Veysəl Başçı. İki ay bundan əvvəl Ərdəbildə görüşdük onunla.

Başçının yanında prof. Ali Gözəlyüz (Türkiyə) və prof. Nemət İldırım (Türkiyə) əyləşmişlər.

Salonun yuxarı başında isə akademik İsa Həbibbəyli, Təbrizdə Azərbaycan Respublikasının Baş Konsulu cənab Əlizadə, Təbriz Universitetinin rektoru cənab Pur Məhəmmədi, Azərbaycan Araşdırmaları Mərkəzinin sədri və bu mərasimin katibi (dəbiri) cənab Fərşbafiyan, Azərbaycan Respublikasında İran İslam Cumhuriyyəti Mədəniyyət Mərkəzinin sədri cənab dr. İbrahim İbrahimi oturublar. Onlarla qarşı-qarşıya isə İranın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab dr.Pakayin və bir neçə yüksək rütbəli məmur əyləşib mərasimin başlanmasını gözləyirlər.

Mərasim başlandı:

Birinci çıxışçı  bu iclasın katibi (dəbir) dr. Fərşbafiyan oldu. O, iştirakçıları salamladıqdan sonra bugünki məclisi "faydalı məclis" adlandırdı, bir qədər Şəhriyardan danışdı, Azərbaycanı "Böyük Azərbaycan" adlandırdı, konfransa 400-dən artıq məqalə göndərildiyini və onlardan 5 nəfərin medal, 3 nəfərin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirdi.

Mən onunla bir neçə il bundan əvvəl Təbrizdə, "Azərbaycan araşdırmaları Mərkəzi"nin yenidən fəaliyyətə başlaması münasibətilə keçirilən bir tədbirdə tanış olmuşdum. Maraqlı adamdır və özü də elə soy adının (Fərşbafiyan - yəni fərş toxuyan) mənasını bildirən fərş (xalça) toxuyan bir peşəkar olmuşdur, elə indinin özündə də sənət naminə evdə fərş toxumaqla məşğul olur,bu peşəyə hörmətlə yanaşır. Mən "sənət naminə" ifadəsini vurğulamaqla bu imkanlı adamın maddi məqsədlə deyl, sənətkar istəyi ilə fərş toxuduğunu xüsusi nəzərə çatdırmaq istədim.

Növbəti çıxışçı rektor dr. Pur Məhəmmədi oldu. O "Heydərbabaya salam" poemasından bir neçə beyt dedikdən sonra mərasim iştirakçıları olan qonaqların adlarını bir-bir sadaladı, Təbrizə təşrif gətirdikləri üçün təşəkkür etdi, "biz bu gün söz şəhriyarı  ustad Şəhriyarın şərəfinə toplaşmışıq" deməklə ustadın şeirlərindən misallar gətirdi:

"İgidlər yurdu Qafqazım, sənə məndən salam olsun,

Sənin eşqindən İranda hələ cəbri-talan vardır.

**

Anam Təbriz mənə gəhvarədə söylərdi: yavrum bil,

Sənin qalmış o tayda xallı-telli bir xalan vardır..

**

Araz düşman əlində bir qılınctək ortanı kəsdi,

Onun övladı varsa, bil, səni yadə salan vardır"!!

Alqışlar. Rektor Pur Məhəmmədi Şəhriyar şeirindən ayrıla bilmir və onun bir qəzəlindən daha bir neçə beyt deyir:

"Gözüm aydın, görürəm sevgili qardaşlarımı,

Basmışam bağrıma öz doğma qarındaşlarımı.

**

Açmışam qolları xəlqimlə üzük həlqəsitək,

Salmışam həlqəyə qiymətli üzük qaşlarımı.

**

Fələyin çərxini sindırmışam əvvəl daşda,

Ətəyimdə hələ də saxlamışam daşlarımı".

Dr.Pur Məhəmmədi bir qədər Təbriz tarixindən və müasir Təbrizdən, onun hazırkı inkişafından, tədris ocaqlarından söz açdı, arada məşrutə inqilabından - Səttar xandan, Bağır xandan, hətta "Rəbe-Rəşidi" adlı məşhur elm və sənət abidəsindən misallar gətirdi, onun kitabxanasında vaxtilə 400 min cild kitabın olduğunu bildirdi.

Sonra aparıcının "ustad" deyə səhnəyə dəvət etdiyi şair Müdərriszadə haqqında kiçik məlumat verdi. Ustad uzun bir qəsidə oxudu və alqışlandı.

İndisə Təbriz haqqında sənədli bir film nümayişi..

Sonra aparıcının Şəhriyarın oğlu Hadi haqqında bir neçə xoş söz. Hadı öz təşəkkürünü bildirdi.

Bu dəfə mən xitabət kürsüsündəyəm. "Şerü sənətdən deyən yoxdur kənardır Şəhriyar" misrası ilə başlayan yuxarıdakı qəzəlimi oxudum.

Söz İran Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Pakayinindir. O, hamını salamladıqdan sonra Şəhriyar haqqında fikirlərini söylədi, onun inqilabi şair olduğunu bildirdi, şairin son dövrdə yazdığı şeirlərin əksəriyyətinin islam inqilabının müdafiəsinə həsr olunduğunu vurğuladı, bu mərasimdə 5 qızıl medal təqdim olunacağını və 2 medalın 2 azərbaycanlı akabemikə veriləcəyini xüsusi qeyd etdi.

Sonra Şəhriyar muzeyinə həsr olunmuş filmin nümayişi. "Heydərbaba" mahnısı. Film bu misralarla bitdi:

"Heydərbaba sənin könlün şad olsun.

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən yaxın olsun, yad olsun,

Deynə mənim şair oğlum Şəhriyar

Bir ömürdür qəm üstünə qəm qalar".

Mükafatlanma mərasimi. Dr.Pakayin, rektor Pur Məhəmmədi, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri dr. İbrahimi, ölkəmizin Təbrizdəki Baş Konsulu cənab Əlizadə, ustad Şəhriyarın oğlu Hadi Behcət Təbrizi, "Səda və sima" televiziyasının sədri cənab Lətifi səhnəyə dəvət olundular. Aparıcı bildirdi ki, akademik Vasim Məmmədəliyev bu mərasimin işinə qatılmamışdır və onun mükafatı başqa vaxt təqdim olunacaqdır, İranın Türkmənistandakı Mədəniyyət Mərkəzinin sədri cənab Rəsul İsmayılzadə Duzal səhnəyə çağırıldı və onun sinəsi üstündə qızıl medal parladı. O, Füzulinin "Nitqim tutulur qönçeyi-xəndanını görcək" misrasını dedikdən sonra "Mədəniyyət medalı"na layiq görüldüyü üçün öz təşəkkürünü bildirdi, "Buraya Türkmənistandan çayları keçdim gəldim, dağları aşdım gəldim" sözləri ilə başlayan lirik bir çıxış etdi.

İkinci medal təqdimatı bizim akademik İsa Həbibbəyliyə təqdim olundu. Döşü medallı akademik də qısa çıxış etdi: "Bu böyük konfransa Azərbaycan nümayəndə heyətini də dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm.... Şəhriyar böyük Azərbaycan şairidir və onun adı Sədi, Hafiz, Saib, Sabir kimi şairlərlə birgə çəkilir, əsərləri ingilis, fransız, ərəb və başqa dillərə tərcümə olunmuşdur. Şəhriyarşünaslıq  sahəsində Teymur Əhmədovun, Nazim Rizvanın, burada iştirak edən Esmira Fuadın və başqalarının qiymətli əsərləri vardır...Ədəbi-mədəni əlaqələrimiz həmişə davam edəcək. Bu ilin dekabr ayında Bakıda Sədi Şiraziyə həsr olunmuş konfrans keçiriləcəkdir". Akademik İ.Həbibbəyli Təbriz Universitetinin rektoruna bir tablo təqdim edərək səhnədən endi, onun yerini Türkiyədən dəvət olunmuş rektor Əli Gözəlyüz tutdu. Bu alim türkcə "Şəhriyar Türkiyədə İranın ən cox sevilən şairlərindən biridir" deyib, çıxışını fars dilində davam etdirdi, Türkiyə şəhriyarşünaslığı haqqında məlumat verdi.

Sonra Ərzrum Universitetinin ustadı prof. Nemət İldırıma medal təqdim olundu və o Təbrizdəki "Azərbaycan Araşdırmaları Mərkəzi"nə təşəkkürünü bildirdi.

Medal təqdimindən sonra 3 həvəsləndirici mükafat öz sahiblərinə verildi, Mehdi Nəlbəndi, AMEA-nın müxbir üzvü Əbülfəz Quluzadə, dr. Mahmud Torabi qısa nitq etdilər. Ə.Quluzadə dedi: "50 il bundan qabaq biz tələbələr eşitdik ki, ustad Şəhriyar Bakıya təşrif gətirəcək. Düz 5 gün gözlədik, amma, təəssüf ki, o böyük şairə Azərbaycandan Azərbaycana gəlmək qismət olmadı". Sonra əlavə etdi: "Şəhriyar dünya şairidir, mənəviyyat şairidir".

Təqdimat mərasimi bitdi və biz rektor Pur Məhəmmədi tərəfindən başqa bir iclas otağına dəvət olunduq, bir mərasimi başqa mərasim əvəz etdi. Bir saatadək davam edən bu səmimi görüşdə dr. Pur Məhəmmədi dedi:

"Mən sizin hamınıza öz təşəkkürümü bildirirəm. Bakıdan, Naxçıvandan, Türkiyədən Təbrizə təşrif gətirən qardaşlara dərin ehtiramım var. İsa müəllimlə bir daha görüşümüzdən çox məmnunam. Bizim Universitetimiz cox böyüyüb. İki hədəfimiz var: İnstitutun beynəlxalq əlaqələrini daha da genişləndirmək, sözdən işə keçərək görüşlərimizi davamlı etmək olduqca vacibdir.... Elmin sərhədi yoxdur. Elm coğrafi sərhədlərə yerləşmir... Universitetlərimiz arasında tələbə mübadiləsi olarsa yaxşı olmazmı?.. Bizim Universitetimizdəki Elmi-tədqiqat şöbələrinin sayı 200-ü keçmişdir".

İsa Həbibbəylinin çıxışından: "Biz bir-birimizi çox yaxşı başa düşürük. Birgə əməkdaşlığımız üçün hazırda geniş imkan vardır... Təbrizdə və Bakıda Saib Təbriziyə, Sədi Şiraziyə həsr olunacaq konfranslar keçirəcəyik... Mən son 25 il ərzində Təbriz Universitetinin 4 rektoru ilə tanış olmuşam. Əməkdaşlıq sahəsində həm Bakıda, həm də Təbrizdə protokollar imzalanmalıdır".

Sonra dr. İ.İbrahimi, R.İsmayılzadə, Hacı Rafiq, Esmira Fuad, Aygün Əlizadə, dr. Fərşbafiyan və bu sətirlər müəllifi də çıxış etdilər.

Universitetdən çıxıb Şəhriyar Muzeyinə gəldik (Şəhriyarın evi). Orada Tacikistandan gəlmiş Dövlətmənd adlı bir tacik müğənni avazla mərsiyə oxumaqdaydı...

16.09.2015

Təbriz Universitetinin Böyük İclas Salonu. Səhnə önünə 15 bayraq düzülmüşdü və təbii ki, bayraqlar içərisində bizim bayrağımız da vardı. Şəhriyarın böyük portreti və bu Beynəlxalq Konfransın emblemi.

Quran tilavətiə başlandı, İran Himni səsləndi, Şəhriyar haqqında film nümayiş etdirildi. Aparıcı sözə başlayıb dedi: Ustad Şəhriyarın həyatı şeir idi, şeiri həyat!

Söz Şərqi Azərbaycan Sənət İdarəsinin (Hovzeye-honəri) rəisi dr. Milaniyə verildi. Dr.Milani İranın yüksək məqamlı rəhbəri ayətullah Xameneyiyə salam söylədi, ostandar İsmayıl Cabbarzadəni və imamcümə Şəbüstərini salamladı, dedi: Bizim bu konfransa xarici ölkələrdən və İrandan göndərilən yüzlərlə məqalə və şeirdən çox azı qəbul edilmiş və müəlliflər Təbrizə dəvət olunmuşlar. Azərbaycandan, Türkiyədən, Əfqanıstandan, Litvadan, Rusiyadan, İraqdan, Hindistandan və başqa ölkələrdən gəlmiş möhtərəm qonaqlarımızın hamısını buraya Şəhriyara olan sevgi çəkib gətirmişdir.

Film nümayişi. Rektor dr. Pur Məhəmmədinin çıxışı dünənki çıxışından az fərqləndi, amma Şəhriyardan böyük həvəslə şeirlər dedi:

"Aşıq deyər bir nazlı yar var imiş,

Eşqindən odlanıb yanar var imiş,

Bir sazlı, sözlü Şəhriyar var imiş,

Odlar sönüb, onun odu sönməyib,

Fələk çönüb, onun çarxı çönməyib.

**

Heydərbaba, alçaqların köşk olsun!

Bizdən sonra qalanlara məşq olsun.

Keşmişlərin gələnlərə məşq olsun,

Evladımız məzhəbini danmasın,

Hər içiboş sözlərə aldanmasın!"

 

Sonrakı çıxışçılar: İmamcümə Şəbüstəri, ostandar dr. Cabbarzadə, Mədəniyyət və İslam İrşadı nazirinin müavini cənab Nuşabadi, Şərqi Azərbaycan Sənət İdarəsinin Rəyasət heyətinin üzvü cənab Mömini.

Sonra ustad Şəhriyara həsr olunmuş kitabın və fotoalbomun təqdimat mərasimi başlandı, İsmət Kərimiyə, Aygün Əlizadəyə, Səməd Abdullahiyə, Esmira Fuada, Hüseyn Sidqiyə, Səid Tərzəmiyə və başqalarına mükafat təqdim olundu.

Ayətullah Xameneyinin müşaviri Natiq Nurinin çıxışından sonra bu günki konfrans öz işinin bitirdi və maçınlara əyləşib "Şairlər Məqbərəsi"nə ("Məqbətətüş-şüəra") gəldik, Şəhriyarın məzarı üstünə gül qoyduq, 3 nəfər "söz mülkünün şəhriyarı" adlanan böyük şairə həsr etdikləri şeirlərini oxudu ki, onların biri şair Sədr Məhəmmədi, ikincisi isə mən oldum (üçüncüsünün adını unutmuşam). Qeyd edim ki, bir neçə il bundan əvvəl Təbrizdə tanış olduğum şair Sədr Məhəmmədi hazırda "Məqbərətüs-şüəra"nın müdiri vəzifəsində işləyir.

Axşam "Şeir axşamı" keçirildi. Şairlərdən Beytulla Cəfərinin, Əkbər Şəfii Yaşarın, Məhəmməd Raifin, Fərşid Bağşomalın, Məhəmməd Cavadın, Güldəstənin, Hindistan, Pakistan, Əfqanstan, İraq, Tacikstan şairlərinin və mənim şeirlərim dinlənildi.

Axşam saat 21-də Lalə-park Ticarət Mərkəzinin "Sultan" restoranında konfrans iştirakçılarının şərəfinə ziyafət verildi.

Bu gün çox məhsuldar oldu. Dünən şeir yazmamışdım. Bu gün ikisini yazdım:

Qəzəl-təzmin

İstərəm Qeys kimi mən dəxi üqbayə gəlim,

Orada əqlə gəlib sonra bu dünyayə gəlim.

**

Bilirəm ki, Ərəbistandə səhra çoxdur,

İstərəm Azəribaycandakı səhrayə gəlim.

**

İstərəm mən, bu səbəbdən ki, cahan tazələnib,

Olub aşiq təzə Leyla ilə sevdayə gəlim.

**

İstərəm qəlbi sevinc səhnəsi etsin xoşhal,

Qəm təmaşasına yox, qeyri təmaşayə gəlim.

**

Kərbəla faciəsi bir də qiyam eyləməsin,

Nə o "vaveyla" ucalsin, nə də ki, "vay"ə gəlim.

**

İstərəm sönməyə eşqin odu bir ləhzə belə,

Köhnə aşiq kimi əvvəlki təmənnayə gəlim.

**

Şəhriyar bircə olar bircə, şeir şəhrində

Varmı bir qeyri desin "mən də o xülyayə gəlim".

**

"Şirdir Şəhriyarım", mən isə şahin quşuyam,

"Kim deyər mən belə bir şir ilə dəvayə gəlim?"

 

Bu gün yazdığım ikinci şeirim ustadın başqa bir şeirinə yazdığım qəzəldir:

Qəzəl-təzmin

Əl yar əlini almadı, dərman alır indi,

Şadəm ki, mənə can verənim can alır indi.

**

Neyçün daha Sina kimi Loğman görünmür?

Əzrail alan canları loğman alır indi.

**

Dünya dəyişibdir necə!... Bir bəndə olur şah,

Fərman verən şah isə fərman alır indi.

**

Şeytanı görən varmı ki, düzgün yola gəlmiş?

Gördüm neçə şeytan ələ Quran alır indi.

**

Kafərləri etmişdi müsəlman - o ərəblər,

Yarəb, neçə kafər Ərəbistan alır indi.*

**

Bax Şəhriyara, xətm edə bilmiş neçə "Divan",

Şahinsə utanmır, ələ "Divan" alır indi.

 

17.09.2015

Bu gün konfransın elmi çıxışlar günüdür.

"Başgahe - fərhəngiyan" ("Müəllimlər evi kompleksi") adlanan yaşadığımız yaraşıqlı binanın 3-cü mərftəbəsindəki konfrans salonundayıq. Dəyirmi miz. Bu gün onlarla şəhriyarşünasın onlarla məruzəsi dinləniləcək. Dr.Veysəl Başçı (Türkiyə), Hacı Rafiq Şirvani, filologiya üzrə fəlsəfə doktorları Esmira Fuad, Aygün Əlizadə, Şəiri, Məhəmməd Milani, Rəna Əli Məcid (İraq), Bəşarət Bəşiri, Lətif Həlmət (İraq), Mehdi Rəməzani, Şahmənsur Xocayev (Tacikistan), Möhsin Fərəci, Məhəmməd Paşayi, Nasir Əlizadə, Fatimə Mehrpuya, Əbdüləhəd Qəmi, Nahid İsazadə, Əmir Əqdəm, Şəhruz Şəhabi, Seyid Nəqi Abbas, Əhməd Çoli, Həqiqət, Bəlran Şəkəba (Hindistan), İsmət Kərimi, Məhəmməd Qazi Dehi (İraq),  Bolxari, Anna Berezina (Moskva), Balrah Şuhra,  (Hindistan) və mən yerlərimizdə əyləşib məclisin açılışını gözləyirik. Konfransın Elmi Komitəsinin üzvləri olan dr. İqbali, dr. Camalpur, dr. Hacı Bolənd, dr. Radpur rəyasət heyəti üçün ayrılmış yuxarı başda oturdular və çıxışlar başlandı.

Məclisi dr. İqbali aparır. Sözü dr. Bolxariyə verdi. Çıxışçı "şeir" kəlməsinin iki məna kəsb etdiyini bildirdi ("tük" və "dərin şüur"), diqqəti ustad Şəhriyara yönəltdi. Dr. Hacı Bolənd 10 dəqiqə sonra (hər çıxışçıya dəqiq olaraq 10 daqiqəlik vaxt verilir) sözü Esmira Fuada verdi. Esmira Fuadın məqaləsinin adı "Şəhriyarın əsərləri təhrif və dəyişikliklər müstəvisində"dir və olduqca maraqlıdır. Məruzəçi dıqqəti Şəhriyarın bu günədək çap olunmuş və müəyyən təhriflərdən xali olmayan əsərlərinə cəlb etdi, Rəhim Sultanov, Həmid Məmmədzadə, Nazim Rizvan və Hökümə Bülluri, Qulamlhüseyn Begdeli, Əsgər Fərdi tərəfindən hazırlanan və çap olunan Şəhriyar kitablarının məziyyət və qüsurlarından danışdı, qeyd etdi ki, ustadın əsərlərinin orijinalında yazılan cümlə istilah və  ibarələrin tədqiqatçılar tərəfindən təhrif olunması yolverilməzdir. Məsələn, "Heydərbabaya salam" poemasının birinci bəndində "Heydərbaba ildırımlar şaxanda" misrasındakı bəzi sözlər "çaxanda", "Heydərbaba, gün dalıvı dağlasın" misrasında "dalıvı" sözü "sinəvi", qərə-qara, qədəğən-qadağan, qeyidəx-qayıdaq, gidax-gedək, qeytər-qaytar və s. kimi verilmiş və təhrif olunmuşdur. Esmira Fuad çıxışina davam edərək bildirdi: "İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri dr. İbrahimi ilə razılığa gəlmişik ki, Şəhriyarın həm türk, həm də fars dilindəki əsərləri orijinalda olduğu kimi Bakıda nəşr olunsun və mövcud yanlışlıqları əsaslı çəkildə aradan qaldıraq".

Esmira Fuad Şəhriyarın "Şair Məhəmməd Füzuli" ünvanlı şeirinin sonuna Əsgər Fərdi tərəfindən əlavə olunmuş son beyt xüsusunda da öz mülahizəsini irəli sürür və

"Fərdinin xidməti izzətlə qəbul olmalıdır,

Mənzilə xidmət üçün xadimi-mənzil doğulur".

 

beytinin müəllifinin Şəhriyar yox, elə Əsgər Fərdi olduğunu bildirdi.

İsmət Kəriminin çıxışından sonra Aygün Əlizadə öz məqaləsini oxudu, özü də səlis fars dilində. Bu dili çox yaxşı mənimsəyib Aygün. Hamı onu dıqqətlə dinləyirdi. Sonda, əlbəttə, alqışlar!

Aygün nədən danışdı? Aygün nəyə toxundu? Əlbəttə, Şəhriyarın fars divanındakı irfani qəzəllərə. Özü də, fars dilində danışdı Aygün. O, çoxdandfır ki, irfani qəzəllər üzərində araşdırma aparır. Gərginliklə araşdırır irfani qəzəlləri Aygün. O, Şəhriyarın irfani qəzəllərinin ilham mənbəyi olan Hafiz Şirazi, Cəlaləddin Rumi və Fəridəddin Əttarın qəzəlləri ilə qarşılaşdırmalar aparmış və bu şairlərin yaradıcılığında olan müştərək məzmunlara üstünlük vermişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Şəhriyar klassik fars ədəbiyyatinı da gözəl bilmiş, əsərlərində yüksək bəşəri ideyaları təbliğ etmişdir. Məqalənin sonunda Şəhriyarın fars divanının tərcüməsində bu məsələlərə bundan sonra da diqqət olunması vurğulanmışdır.

İraqın Əbdül şəhərindən gəlmiş Məhəmməd Qazi Dehidən sonra növbə Hacı Rafiq Şirvaniyə çatdı.

Sonra Şəiri, Veysəl Başçı, Rəna Əli Məcid, Naser Naseri, Sədiqi Xodabəxş və Səid Tərzəmi çıxış etdilər və konfransın bu günü beləcə başa yetdi.

Nahar fasiləsindən sonra otağıma gedib televizorun düyməsini basdım. Quran oxunurdu. Quran-Allah səsidir zənnindəyəm. Belə bir qitə yazdım:

Qürbətə gəldim və eşitdim yenə

Verdi ürəkdən mənə çox kəs salam.

**

Çox səsə bəndəm: Su səsi, ney səsi...

Amma, ən üstün mənə bir səs: Salam!

**

Bir də ki, Quran səsidir sevdiyim,

Çünki o Allah səsidir, vəssalam!!!

 

Azacıq istirahətdən sonra Culfa istiqamətinə yollandıq. Konfransımızin qapanışı orada olacaqdır.

Sufiyan şəhərciyi. Orada çay içdik. Mərənd şəhəri. Culfa istiqaməti. Yol boyu sağ və solda dağlar. Zünuz şəhəri. Vam dağları. Yanından keçdiyimiz bəzi çayların  su əvəzinə daşlarını görürəm. Hələlik quraqlıqlar.

Hərzənd, Gəlintəpə, Qarabulaq... Tuneldən keçirik. Hadişəhr sağda qaldı... Və nəhayət Culfa şəhəri. Sağ tərəfdə Naxçıvan ərazisi və uca dağlar.

Yol boyu Təbrizdə çıxan "Sobhe-Təbriz" jurnalının redaktoru Hamid Xosrov Şahi adlı bir jurnalist mənə cürbəcür suallar verirdi:

Sual: - Orta əsrlərdə müəyyən İran ərazilərində mövcud olmuş dövlətlər İran dövlətləri idilər, yoxsa Azərbaycan?

Cavab: - XX əsrin II rübünədək "İran" adı coğrafi istilah xarakteri daşıyırdı. O vaxtlarda bütün Yaxın və Orta Şərq ölkələrinin ərazilərində hakimiyyət tayfa və tayfa birliklərinin əlində olub. Məsələn qaraqoynluları, ağqoyunluları, səfəviləri, əfşarları, qacarları götürək. Bu tayfaların hökmdarlarının hamısı türk olmuşlar və onların dövlət paytaxtları əsasən Azərbaycan və ona qonşu olan ərazilərdə hakimiyyət sürmüşlər. Belə olan halda həmin dövlətlərin Azərbaycan dövlətləri adlandırılması məntiqi deyilmi?

Sual: - Siz Qarabağı ermənilərdən ala biləcəksinizmi?

Cavab: - Əlbəttə!

Sual: - Sülh yolu iləmi?

Cavab: - Əgər sülh yolu ilə ala bilməsək cəng yolu ilə o torpaqlarımızı geri qaytaracağıq.

Sual: - Siz istərdinizmi ki, sizin Azərbaycan bu Azərbaycana birləşsin?

Cavab: - Qətiyyən yox! Müstəqillik hər şeydən üstündür. Mən bu yolda - müstəqillik yolunda canımı da verərəm!

Bəli, artıq İran Culfasındayıq. "Azərbaycanın məşhur adamlarının Ticarət və Mədəniyyət Mərkəzi" adlanan binanın qarşısında yığışanlar bizi gözləyirdilər. İçəridə şirniyyat və meyvəcat süfrələri açılmışdı. Mehmannəvazlıq davam etməkdəydi. Mən çölə çıxıb binanı seyr etməyə başladım. Ön divara müxtəlif büstlər yapışdırılıb. Sol tərəfdən Sərdar Bakeri, Əllamə Cəfəri, Səttar xan, Şair Nəbati, Abbas Mirzə Qacar, Şeyx Eşraq Sührəverdi, sağda şair Pərvin Etisami şəstlə baxırlar. Orta hissədə Mövlana Rumidən iki sütun şeir həkk olunmuşdur və bu sütunlar arasında Şəms Təbrizi ilə Mövlana Ruminin görüşünü əks etdirən böyük bir barelyef yerləşmişdir.

Mən bunları seyr edib qurtaranda bina içərisindəki ziyafət məclisi də qurtardı, içəridəkilər eşiyə çıxdılar. Mərkəzin sahibi Əbülfəz Məliki Ərəşi xanımı, qızı və yaxın adamları ilə birlikdə gəlib bina önündə dayandılar. Hamı mənim bayaqdan gördüyümə indi tamaşa etməyə başladı. Cənad Ərəşi barelyeflər və onların yaranması haqqında məlumat verməyə başladı və xüsusi olaraq vurğuladı ki, onların hamısı rəssam Əhəd Hüseyn tərəfindən işlənmişdir. Qeyd etdi ki, sizin divar boyu seyr etdiyiniz bu adamların hər biri tarixi çəxsiyyətlər olmuşlar və onlar dünya durduqca xatırlanacaqlar. Culfada Abbas Mirzə Qacarın adına "Meydane-Abbas Mirzə" və "Qəleye - Abbas Mirzə" vardır.

Culfanın "Pəyame-Nur" Universitetinə gəldik. İclas salonu. Səhnə önündə yenə 15 bayraq yan-yana düzülüb.

Aparıcı elə Təbrizdə konfransına aparıcılıq edən şəxsdir. Şəhriyardan bir neçə beyt şeir ifasından sonra dedi: "Biz 48 saatdır ki, Şəhriyar şairimizin şərəfinə yığışıb o böyük ustadı dönə-dönə yad edirik. İndi isə konfransımızın son günü və bağlanışıdır".

Culfalı şair Əli Muradi və mən öz şeirlərimizi dedik. Sonra Culfa Azad Araz Məntəqəsi Bələdiyyə Şurasının sədri Həsən Fədayi danışdı. Bir neçə Culfa şair və ziyalısı mükafatlandırıldıqdan sonra başçılıq etdiyi musiqi qrupunu "ev ansamblı" adlandırılan tacik müğənni və xanəndəsi Dövlətmənd 7 mahnı ifadə etməklə bizi yamanca yordu və konfrans yekunlaşdı.

"Mega çilovkabab" restoranında şərəfimizə verilən böyük ziyafət mərasimi bitdikdən sonra Təbriz istiqamətinə yola düşdük...

18.09.2015

Sübh tezdən oyanıb bu səfərnaməmin sonuncu - altıncı şeirini yazdım. Təzmindir və təbii ki, ustad Şəhriyarın qəzəlinin təsiri ilə mənim nəzm ipimə düzüldü:

Qəzəl - təzmin

"Qeyrətin dağ kimidi, dağ dağa  əlbət dayanar,

Sən də dağlar kimi dağları dayaq eyləmisən".

**

Dedilər ki, məni günlərlə soraq eyləmisən,

Qapqaraydı, günümü gör necə ağ eyləmisən!

**

Qollarından qolumu mən ayıra bilməyirəm,

Qoluma qollarını gör nə calaq eyləmisən.

**

Görməyəndən səni uçmuş yuxusu gözlərimin,

Yatmıram mən, gözümü çünki oyaq eyləmisən.

**

Ey könül, sevgidən inşa eləmə bir də qəzəl

De rəzil qonşuna ki, cəngi nahaq eyləmisən.

**

Nə yaman fitnə yaratdın Qarabağ yurdunda...

Neçə ildir ki, məni sən sinədağ eyləmisən.

**

Keçirəm qarğışa, kafər, ayağın sınsın qoy,

Niyə, torpağıma qeyz ilə ayaq eyləmisən?

**

Daha mən sənlə qətiyyən edə bilməm saziş,

Məni sən birkərəlik səndən uzaq eyləmisən.

**

Şahina, at qələmi, bir də qəzəllər yazma,

Qələmi çünki tüfəng boyda bıçaq eyləmisən.

 

Artıq 4 gündür ki, Təbrizdəyik. Bu gün Azərbaycandan Azərbaycana, Təbrizdən Bakıya yola düşməliyik. Bu günlər ərzində bizə can-başla xidmət göstərən Cavad Kəriminejad bizi yola saldı və yeni görüşlər istəyi ilə Təbrizdən ayrıldıq.

Əlvida, Təbriz!

Salam, Bakı.

14-18 sentyabr 2015

Bakı-Təbriz-Bakı

Misra M.Şəhriyarındır.

"İŞİD" adlanan və getdikcə genişlənən terrorçu bir "dövlət"ə işarədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR