Ekspert: “Fransa ilə reallaşdıra biləcəyimiz layihələr və konkret işlərimiz var”

"Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirdi. Şəxsən mənim üçün bu görüşlərin hər biri o məqamla yadda qaldı ki, həm Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə, həm də dünən Fransa prezidenti ilə keçirdiyi görüşlərin yekununda dövlət başçısı Qarabağla bağlı Ermənistana və ona havadarlıq edən bir sıra dövlətlərə konkret sözlərini çatdırdı". Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, işğalçıya açıq və ya bir qədər gizli havadarlıq edən, zaman-zaman onları bəzi addımları ilə həvəsləndirən qüvvələr arasında elə Fransanın olduğu da heç kimə sirr deyil: "Məhz bu görüşlər zamanı Azərbaycan dövlətinin başçısı net olaraq sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bir daha tam açıq şəkildə bizim mövqeyimizi bəyan etdi. Bu Qarabağla bağlı status-kvonun qəbuledilməzliyi və münaqişənin tezliklə həllinin vacibliyi məsələsi idi. Fransa Minsk qrupuna həmsədr olan ölkələrdən biri kimi bir daha bizdən mesaj aldı ki, tezliklə status-kvo dəyişdirilməlidir və münaqişəyə son qoyulmaqla bölgədə sülh təmin edilməlidir. Ən əsası isə Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıtmalıdırlar.

Səfər zamanı təkcə iqtisadi məsələlər deyil, Azərbaycanın bir çox sahələrinin gələcəkdə Fransa dövlətinin müvafiq qurumları ilə işbirliyi qurması baxımından da önəmi böyükdür. Müdafiə və təhlükəsizlik sektoru ilə bağlı da önəmli danışıqlar və müzakirələrin olduğu məlumdur. Yəqin ki, yaxın vaxtlarda tərəflər bəzi məsələlər üzrə niyyətlərini gerçəkləşdirmək üçün konkret addımlara başlayanda biz söhbətin nədən getdiyinin şahidi olacağıq. Bizim Fransadan alacağımız və onlara təklif edə biləcəyimiz kifayət qədər məhsullarımız, onlarla birgə reallaşdıra biləcəyimiz layihələr və konkret işlərimiz var". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR