Azərbaycanda məktəblərdə tənəffüs vaxtının uzadılması təklif olunur

"Azərbaycanda bir məktəbdə ən azı 400 şagird təhsil alırsa, onların sağlam qidalanması üçün 15 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir. Bunu nəzərə alaraq, Milli Məclis qarşısında məsələ qaldırmışdım ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə arası tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər".

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov sağlam qidalanmaya dair keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Sağlam qidalanmanın təhsil proqramına daxil edilməsi məsələsinin də müzakirə mövzusu olduğunu deyən İ. Əhmədovun sözlərinə görə, bununla bağlı Milli Məclisdə məsələ qaldırılıb. O qeyd edib ki, bu gün şagirdlərə əsas sağlam qidalanma vərdişlərini aşılamaq lazımdır: "Çünki müasir zamanda uşaqları "fast-food", şirniyyatlar cəlb edir. Təbii ki, bunların da hamısı trans-yağlardan hazırlanır. Bu gün ən çox müşahidə olunan ürək-qan damar sistemi, təzyiq və digər xəstəliklərin meydana çıxmasında isə trans-yağların mühüm rolu var"

İ. Əhmədov qeyd edib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərdə yalnız sağlam qidalanma deyil, həm də yerli amillər və iqlim müəyyən rol oynayır. Onun sözlərinə  görə, bu gün müəyyən məhəlli xəstəliklərin dəyişdiyinin də şahidi oluruq: "Məsələn, ötən əsrin sonlarında yod çatışmazlığı xəstəliyindən danışanda, 11 rayon endemik zona olaraq qeyd edilirdi. Lakin 2007-2009-cu illərdə respublika üzrə keçirilən bioloji monitorinq nəticəsində dəniz kənarında olan Bakı, Sumqayıt və Lənkəran kimi ərazilərdə yaşayan əhali ilə dağlıq ərazilərdə yaşayan əhali arasında elə də ciddi fərq müşahidə olunmadığı aşkar olunub. Halbuki dəniz ətrafı ərazilərdə yaşayan insanlarda bu tip xəstəlik mövcud olmalı deyil. Bundan əlavə, müəyyən rayonlarda öz adət-ənənələri və onlar üçün xarakterik olan yeyinti məhsulları olur. Ancaq bu gün xəstəliklərin məhəlli xüsusiyyət kəsb etməsi barədə danışa bilmərik. Çünki rayonda öz məhsulunu becərənlərin çoxu onu yemir, Bakıya satmağa gətirir". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR