Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq "Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı", "Daha bir əsgər ölümü" və "Daha bir əsgər ölümü - İntihar, yoxsa?.." başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən "Meydan TV"yə istinadən sensasiya naminə məlumatlar dərc edilib.

"Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər.

Bununla əlaqədar internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar ediliblər", - deyə məlumatda qeyd olunur. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR