Dövlət qurumları arasında zəli qalmaqalı böyüyür

Dövlət Gömrük Komitəsinin dünən müsadirə etdiyi zəlilərlə bağlı qalmaqal böyüyür. Qanunvericiliyin tələblərinə əsasən, zəlilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli olsa da, Komitə onları Zoologiya İnstitutuna təhvil verib. Bu məsələ isə qurumlar arasında narazılıq yaradıb.

Bildirək ki, zəlinin bir ədədinin daxili bazarda topdansatış qiyməti 50-70 qəpik, pərakəndə satış qiyməti isə 1 manatdır. Məsələ ilə bağlı Zoologiya İnstitunun direktor müavini Elman Yusifovla əlaqə saxlayıb. E. Yusifov qeyd edib ki, 4 ay bundan əvvəl Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 30 minə yaxın zəlinin istintaq müddətində saxlanılması üçün instituta müraciət daxil olub: "Hazırda bu məsələ ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Biz komitəyə bildirdik ki, zəlilərin təbiət elementi kimi sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Biz alimlər isə ekspert rəyi bildirə bilərik.

Gömrük Komitəsindən isə bizə cavab olaraq dedilər ki, zəliləri əvvəlcə nazirliyə aparıblar. Nazirlik isə deyib ki, zəliləri təbiətə buraxa bilərlər, saxlamaq üçün şəraitləri yoxdur, Şirvan Milli Parkındakı Qızılbaş gölünü təklif ediblər. Ora isə uyğun deyil.

Bundan sonra təkrar Komitə institutumuza müraciət etdi və biz bu işlə bağlı 6 nəfər mütəxəssis ayırdıq. Zəlilərə qulluq etdik. Çünki zəliləri süni şəraitdə saxlamaq çətin məsələdir. Hər gün onları təmiz bulaq suyunda dializ etmək lazımdır. Hava soyuq olduğu müddətdə biz onları institut daxilində saxladıq. Ancaq temperatur son zamanlar 10 dərəcəyə qalxdı və zəlilər ayılmağa başladılar. Və bu barədə Nazirliyə də məlumat verdik.

Zəliləri institutun Mingəçevirdə yerləşən laboratoriyasına köçürtdük.

Hazırda komitənin iki nəfər müstəntiqi zəlilərlə bağlı bizimlə mütəmadi əlaqə saxlayır. Zəlilər də tam nəzarətdədir. Bu gün institutun iki laboratoriya müdiri Mingəçevir şəhərinə ezam edilib. Zəliləri ordakı süni göldə saxlayırıq. Və bu günlərdə onları Gömrük Komitəsinin işçilərinə təhvil verəcəyik. Ondan sonrakı prosesə isə Komitə artıq özü qərar verəcək".

E. Yusifovun sözlərinə görə, zəlilərlə bağlı məsələdə müqəssir yoxdur: "Hamının məqsədi dövlətə, təbiətə kömək etməkdir. Bizim 6 işçimiz 4 ay təmənnasız olaraq zəlilərə qulluq edib. Zəlini necə və hansı şəraitdə saxlamağı bizdən yaxşı inanmıram ki, kimsə bilər.

Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycandakı zəlilər talanır, ona nəzarət edən yoxdur. Gömrük Komitəsinin tutduğu bu zəlilər heç indiyə kimi aparılan zəlilərin 5-10 faizi deyil. Hamı da gözəl bilir ki, zəliləri kim harada saxlayır, kimin harada süni gölləri var. Ancaq nədənsə ona göz yumurlar. İndi isə deyirlər ki, niyə Gömrük Komitəsi zəliləri Zoologiya İnstitutuna verib? Oturub qiymət hesablayırlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə sayta bildirilib ki, zəlilərin geri qaytarılaması üçün müvafiq addımlar atılır və nəticə haqda mətbuata açıqlama veriləcək. Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR