Coğrafiya İnstitutundan tozlu hava ilə bağlı AÇIQLAMA

"Azərbaycana toz dumanının daxil olması adi haldır və belə hal tez-tez müşahidə edilir". Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, Azərbaycana cənubdan daxil olaraq, tozlu havanın yaranmasına səbəb olan tropik hava kütləsi Ərəbistan yarımadası və Afrika üzərində formalaşır:

"Belə hava kütləsi həmişə isti, quru, tozlu hava kütləsi yaradır. Ölkə ərazisinə belə tozlu hava kütləsinin daxil olması qeyri-adi hal deyil".

M.Həsənov qeyd edib ki, Azərbaycanda tozlu havanın yaranmasına səbəb olan digər hava kütləsi Türkmənistan, Özbəkistan və Qazaxıstanın - Qaraqum və Qızılqum səhralarının üzərində formalaşan Orta Asiya hava kütləsidir: "Bu hava kütləsi yayda havanı nisbətən isti, qışda isə nisbətən soyuq edir. Bu hava kütlələri səhraların üzərində yarandığından bir qədər tozlu olsa da, Xəzər dənizi üzərindən keçdikdə onun tozu xeyli azalır. Amma ola bilər ki, hazırda daxil olması gözlənilən Orta Asiya hava kütləsi Azərbaycana yenə də tozla bərabər daxil olsun".

M.Həsənov deyib ki, Azərbaycana daxil olan tozlu hava kütləsinin təsiri daha çox Xəzər dənizi sahillərində, xüsusilə Bakıda hiss olunur:

"Amma Bakıya daxil olduqdan sonra bu toz getdikcə azalır. Bu tozlanma nəticəsində atmosferdə elə qlobal çirklənmə olmur. Ancaq sözsüz ki, belə tozlar insanın nəfəs yollarına mənfi təsir göstərir".

Alim onu da əlavə edib ki, Azərbaycana tozlu hava kütlələri hazırkı dövrdə bir qədər az daxil olur, amma yay dövrlərində belə hava kütlələrinin ölkə ərazisinə daxil olması halları daha çox olur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ötən gün verilən məlumata görə, son iki gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olub. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib. Bu gün gecə və sabah səhər saatlarında isə Türkmənistandan Azərbaycana toz dumanının gələcəyi proqnozlaşdırılır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR