İctimai yerlərdə siqaret çəkənlər çəzalanacaq

İnzibati yolla tütün məhsullarından istifadəni tənzimləmək mümkün olacaqmı? 

Nəhayət ki, uzun müddətdən bəri gözlənilən tütün məhsullarından istifadəni tənzimləyəcək qanun layihəsinin müzakirəsinə start verilib. Artıq Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi və İnsan hüquqları komitələrinin bu birgə iclasında "Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Əmək və əhalinin sosial müdafiəsi kimitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd hazırlanarkən model qanun olaraq Türkiyə və Rusiya təcrübəsindən istifadə olunub: "On ildir bu qanun layihəsi üzərində iş gedir. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Odur ki, qanun səhiyyə müəssisələrində, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda tütün məmulatlarından istifadəni məhdudlaşdırır. Daha dəqiq, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayancaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək. Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar sitisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək. Eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa kçərli olacaq. Qanunun tələblərini pozan şəxslər inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunacaq. Lakin sənəddə əksinin tapmış müddəalar cəmiyətdə birmənalı qarşıalanmayıb. Xüsusən, siqaret çəkmək üçün nəzərdə tutulan yerlərin sıyahısı etiraz doğurub. Belə ki, xüsusi istirahət məkanlarında və açıq ərazilərdə siqaretdən istifadənin məhdudlaşdırılması icrası mümkün olmayan müddəa kimi dəyərləndirilir. Millət vəkili Musa Quliyev bildirib ki, qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması ilə bağlı qanun layihəsində əksini tapan məsələ doğru deyil: "Mən təklif edirdim ki, bütün qapalı məkanlarda siqaretin çəkilməsi tam qadağan olunsun. Amma layihədə dəyişiklik edilib və qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrıması nəzərdə tutulub, lakin bu, vəziyyətdən çıxış yolu deyil. Hesab edirəm ki, bu yalnış addımdır. Biz Türkiyə modelini nümunə götürməliyik ki, qapalı məkanlarda tam qadağan olunsun, insan yalnız bayırda çıxıb siqaret çəkə bilsin. İnsan restoranda neçə saat oturur?! 2-3 saat və ya 4 saat. Bu müddət ərzində dözə bilməyəcək?! Dözə bilməyəcəksə, çıxıb çöldə çəkib gəlsin. Necə olur təyyarədə 8-9 saat uçurlar siqaret çəkmirlər, indi 3-4 saat dözə bilmirlər?! Qapalı məkanda nə qədər xüsusi yer ayırsan da onun tüstüsü ətrafa yayılacaq, istər-istəməz siqaret çəkməyən insanlara da təsir edəcək. Bu baxımdan qapalı məkanda tamamilə qadağan olunmalıdır". M.Quliyev bildirib ki, digər bir məsələ televiziyada nümayiş olunan filmlərdə, verilişlərdə, tamaşalarda siqaret və ya siqaret tüstüsünün görünməməsi ilə bağlıdır: "Bu qanun layihəsində nəzərdə tutulur ki, yeni çəkilən, yəni bu qanun layihəsi qəbul olunandan sonra çəkilən filmlərdə, verilişlərdə siqaret və ya siqaret tüstüsü görünməməlidir. Amma belə baxanda Azərbaycan telekanallarında göstərilən filmlərin demək olar ki, 95 faizi qanun layihəsi qəbul olunana qədər çəkilənlərdir. Belə çıxır ki, 95 faizinə icazə veriləcək, 5 faizinə qadağa qoyulacaq?! Bu da mənasız bir şeydi. Ona görə bizim bu məsələdə də Türkiyə üsulu ilə getməyimiz yaxşı olardı ki, bütövlükdə siqaret görüntüsü yığışdırılardı". Deputat əlavə edib ki, qanun layihəsi qəbul olunduqdan sonra maarifləndirmə işi gücləndirilməli və dəqiq icra mexanizmi olmalıdır.

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR