Səməd Vurğundan xatirələr

Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə də ədəbiyyat xiridarlarına yaxşı tanışdı. O, Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı olub. Şairin uşaqlıq və gənclik illəri gözləri önündə keçib. Mehdixan Vəkilov Səməd Vurğunun 50 illik ömür yolunda keçib gəldiyi hər bir cığırda əlindən tutub, həssas bələdçisi olub. Onun taleyinin ən həssas çağlarını həyəcanla, nigarançılıqla izləyib, köməyini əsirgəməyib, çətin və sarsıntılı məqamlarda əsil qardaş kimi fədakarlıq edib. 13-14 yaşlarından Səməd üçün həm böyük qardaş, həm də ata - ana əvəzi olan Mehdixan Vəkilov keşməkeşli bir gənclik dövrü keçirən qardaşına arxa, dayaq olub. Mehdixan müəllim xatirələrində belə yazır: "Müasirləri yaxşı bilirləri ki, mən Səməd Vurğunun başına dolanan pərvanə olmuşam. Hər vasitə ilə onu həyat yoluna, yaradıcılığın geniş xiyabanına salmağa çalışmışam. Subyektiv hiss və duyğulardan doğan hərəkətlərdən əl çəkməsi, "Dəli Səməd", "Dəli şair" yolundan çıxması, şəxsi məhəbbətdən daha güclü romantikaya malik yeni həyatı tərənnüm etməsi üçün çox yalvarmış, çox məktublar yazmışam". Bu sözlər Mehdixan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" kitabındandı.

Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin kitabdan xatirələri jurnalist Züleyxa Nadirin "vasitəçiliyi" ilə təqdim edirik.

(əvvəlini buradan oxuya bilərsiniz: 10 Fevral)

...Bakıda sovet hakimiyyətinin qələbə xəbəri Qazağa çatmışdı. Şəhərdə bir vəlvələ vardı, sanki, dünya qopurdu. Qubernator Xan Xoyski qaçmışdı. Yerli kommunustlər hakimiyyəti ələ almışdılar. 14-15 yaşlı Səməd inqilabın nəfəsi ilə isinirdi.

Biz inqilab xəbərini eşidən kimi məktəbin həyətinə toplaşdıq.Müəllimlər həyəcan içində idilər. Firudin bəy görünmürdü. (Onu  həbs edibmişlər).  Bir nəfər türkiyəli müəllimimiz vardı (adını unutmuşam. O, tələbələrə yanaşaraq "bunları həp yapan Lenindi" dedi. Biz ilk dəfə Leninin adını eşitdik. (Qəribədir seminariyada oxuduğumuz illərdə (1918-1920) inqilab haqqında, Lenin barədə müəllimlərimizdən bir kəlmə də eşitməmişdik. Siyasi mövzularda söhbət olmazdı).

Hadisələr sürətlənməyə başlamışdı. XI Qızıl Ordunun hissələri Qazağa daxil oldu. Biz Səmədlə birlikdə yol kənarında durub tamaşa edirdik. Əsgərlərin və zabitlərin təkbuynuzlu, şiş papaqları vardı, bir-birindən fərqlənmirdilər. Çoxunun ortadan kəsilmiş beşatılan tüfəngi nəzərimizi daha çox cəlb edirdi.  Əsgərlərin paltarları və ayaqqabıları da köhnə idi. Elələri vardı ki, ayaqqabının  (çəkmənin) üstündən kəndirlə bağlamışdılar, inqilabi mahnılar oxuyurdular.

Atamız bizə acıqlanıb evə göndərdi və gəlib qapını  basğladı. Hamı qorxudan evinə çəkilmişdi. Soldatları ikbir, üçbir  evlərə yerləşdirdilər. Səməd "bizim rus" adlandırdığımız qonağımızı sonralar  tez-tez xatırlardı...

1920-ci ilin yay günləri idi. Atamızın balaca otağının bir küncündə ər-arvad iki hərbçi qonaq qalırdı. Deyəsən,  kişi hərbi rütbə sahibi idi. Səməd həmin ruslarla dostlaşmışdı, onlar üçün skripka  çalırdı. Onlar isə ağızlarında rus xalq mahnıları çalıb Səmədə öyrədirdilər.

Bir dəfə hamımız  döşəmədə oturmuşduq. Ortada samovar qaynayırdı. Analığımız ortaya balaca bir süfrə salıb çörək, şor, bəhməz, bir qədər də kişmiş qoymuşdu. O zamanlar alverçilər, möhtəkirlər  hər şeyi gizlətmişdilər, qənd tapılmırdı. Ona görə də çayı bəhməz, ya da kişmişlə içirdik.

Rus qonaqlarımız qabaqlarına saldıqları qəzetin üstündə  qara çörək doğrayıb, bir qədər də  donuz piyi və kolbasa qoymuşdular. Atamız rusca az-maz bildiyindən qonaqlarla kəsik-kəsik danışmırdı, bəzi sözləri başa düşməyəndə Səmərə müraciət edirdi. Səməd rus dilini məndən yaxşı bilirdi.

Çay içilən vaxt "bizim rus" atamıza bir-iki parça kirli qənd verdi. O, qəndi götürmək istəmədi, lakin "bizim rus" təkid etdi. Kişi mat-mat üzümüzə baxır və sanki "bunlar nə yaxşı adamdırlar" deyirdi.

Atamız bərk papiros çəkən idi. Lakin o günlərdə özü dediyi kimi tənbəki tapa bilmirdi, yazıq kişi yanıb-tökülürdü. Bunu hiss edən rus qonaq "babay, vı kurite?" deyə soruşdu. Atamız başı ilə təsdiq etdi. Qonaq dərhal kişinin qabağına bir ovuc maxorka  tökdü. Atamız bu dəfə "isbasibo, isbasibo" deyə razılıq etdi. Onun gözlərinə işıq  gəlmişdi. Üzünü bizə tutub "a bala, deyəsən, bunlar Allah adamıdırlar" dedi. Səməd dərhal "ay bava,  bə əvvəllər deyirdin ki, ruslar kafirdilər, indi sənə maxorka verən kimi nə tez allah adamı oldular?" deyib kişiyə sataşdı. Atam da gözlərini ağardaraq "kiri, başa düşərlər birdən, ayıfdı" dedi...

Biz artıq Fəhlə-Kəndli Gəncələr İttifaqının (komsomol) üzvləri idik. Siyasi və ictimai işlərdə fəallaşmışdıq. İyirminci illərin coşqun inqilab günlərində baş verən hadisə - Dilicanda həbsə alınan əksinqilabçılardan iki nəfərin, sonralar isə Gəncə qiyamında iştirak edən və qaçarkən Qazaxda həbs olunan iki zabitin hərbi inqilab komitəsinin hökmü ilə güllələnməsi 14 yaşlı Səmədə sarsıdıcı  zərbə buraxmışdı.

Bir əhvalat da Səmədin xatirində  silinməz iz buraxmışdı. 1921-ci ilin fevral ayının əvvəlləri idi. Bizim tələbə dram  dərnəyimiz sadə ürəkli və həssas müəllimimiz Mirzə Əfəndi Vəlizadənin rəhbərliyi altında Aslanbəyli kəndinə tamaşa göstərməyə getmişdi. Orada tamaşa göstərməyə yeganə münasib yer Hacı Əfəndinin evi idi. Biz ora toplaşmışdıq. Axşam müridləri tövləyə (dama) topladılar. Əvvəlcə nəğmələr oxuduq, gülməli deklomasiyalar dedik, konsert verdik. Səməd skripka çalır və gözəl səslə "Əsli-Kərəm"dən, "Leyli-Məcnun"dan oxuyurdu. Sonra kiçik formalı "Xorxor" komediyasını  göstərdik. Ömürlərində tamaşa görməyən mövhumatçı və fanatik müridlər heyrət içində idilər, necə deyərlər ağızları açıq qalmışdı...

Səməd balaca olduğuna görə atamızın təkidi ilə həmişə mənimlə olurdu. Onun hafizəsində saxlanılan rus sözləri fondu mənə nisbətən daha çox idi. Odur ki, ruslar ən çox ona müraciət edirdilər. Hərbçilər Səmədi sorğu-suala tutub onunla əylənirdilər. Bu mehriban adamlar hərdən bizə "payok" da verirdilər. Ordu ilə bizim bu cür təmasımız inqilabi ruhumuzu daha da qüvvətləndirirdi.

... Günlər sürətlə keçirdi. Şəhərimizdə tez-tez mitinqlər olur, alovlu inqilabi nitqlər söylənilirdi. Kənddə sinfi mübarizə qızışmışdı. Tez-tez "öldü", "öldürüldü" xəbərlərini eşidirdik. Mülkədarların əmlakı müsadirə olunub yoxsullara paylanılırdı. Belə tədbirlərdə komsomolçular da iştirak edirdilər. Torpaqları əldən çıxan Gəray bəy bandit dəstəsi düzəldib Qarayazı meşəsinə və dağlara çəkilmişdi. Köhə dünya kökündən uçub dağılırdı...

1920-ci ilin iyun günləri idi. Bakıdan Qazağa İvanov familiyalı bir komsomol işçisi gəlmişdi. O, komsomol təşkilatı yaratmaq üçün izahat işləri aparırdı. Hesablama şöbəsində işləyən 10-12 nəfər (çoxumuz  seminarist idik)  gənc İvanovla birlikdə Ağköynək kəndinin  şəhərə söykənən bağında, gilas ağacının altında toplaşmışdıq. İyun ayının 15-i idi. İlk təşkilat iclasımız oldu. Hamımız komsomola yazıldıq. Səmədin  yaşının az olmağını İvanov səbəb göstərərək onun hələ gözləməsini məsləhət gördü. Lakin Səmədin rusca çox yaxşı və inadkar danışdığını, eləcə də bizim məsləhətimizi eşidib razılaşdı. O gündən 14 yaşlı Səmədin taleyi komsomola bağlandı...

Səmədin mənsub olduğu qabaqcıl ziyalı komsomolçular dəstəsi hər şeydən qabaq komsomolun sıralarını "füqareyi-kasibələrlə" doldurmağa çalışırdılar. Göstəriş belə idi. Əvvəlcə şəhərimizdə olan sənətkar şagirdlərini - dəmirçiləri, qalayçıları, papaqçıları,  pinəçiləri, dərziləri, tacirlərin, möhtəkirlərin, sahibkarların və digər varlıların qaravaşlarını, nökərlərini komsomol sıralarına cəlb etməyə çalışırdıq. Bu yolda çətinliklər də olurdu. O vaxt deyildiyi kimi "burjuyların" müqavimətinə rast gəlirdik. Öz ağalarının təsiri altında olanlar çox  çətinliklə komsomola gəlirdilər. Belələrindən Məcid bəyin nökəri Sarı Binnətovu, Əsəd xozeynin (Dürrənin atası) nökəri Məmməd Babayevi və Salahlıa Gəray bəyin nökəri Allahverdi Göyvəli oğlunu Səməd sonralar tez-tez xatırlardı. Qəribədir ki, Allahverdi Göyvalı oğlunu nə komsomola, nə də sonralar kolxoza cəlb mümkün olmadı.

1943-cü ildə Səməd Qarayazı meşəsinə gələndə dedi:

-Allahverdi, sənin boğazına Mədəd bəyin kəndir salıb atın qantarğasına bağlayaraq sürüdüyünü mən görmüşəm, komsomola, kolxoza vaxtında niyə gəlmədin?

-Təki o vaxtlar olaydı,  Mədəd bəy yenə də boğazıma kəndir salaydı, - deyə Allahverdi şəstlə cavab verdi.

Səmədin qaşları çatıldı və fikə getdi. Belə küt şüurlu, fanatik kasıblar da vardı...

Davamı olacaq...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR