“Kaspi” maarifçilik meydanı” kitabının təqdimatı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az adlı ədəbi-mədəni saytın və "Kaspi" maarifçilik meydanı" kitabının təqdimat mərasimi keçirilib. Təbdirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Kaspi" qəzetinin tarixi, onun ictimai şüurun formalaşması, cəmiyyətin maarifləndirilməsi prosesindəki rolundan danışıb. Bildirib ki, 1881-ci ildən 1919 -cu ilədək işıq üzü görən qəzet müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. 1897-ci ildə qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyevin öz üzərinə götürdüyünü deyən Əflatun Amaşov sonradan  redaktorluq vəzifəsinin Əlimərdanbəy Topçubaşova tapşırıldığını söyləyib. Millət vəkili deyib ki, qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış ediblər. Müxtəlif vaxtlarda isə "Kaspi" qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və başqaları iştirak edib. Əflatun Amaşov müstəqillik illərində "Kaspi" qəzetinin yenidən nəşrə başladığını və qəzetin nəşrə başlamasında Sona Vəliyevanın xüsusi əməyinin olduğunu diqqət çatdırıb. Bildirib ki, 3 əsrin qəzeti olan "Kaspi" günümüzdə Azərbaycan ədəbiyyatı və mədəniyyətini layiqincə təbliğ edir. Mətbuat Şurasının sədri deyib ki, "Kaspi" dövrün salnaməsidir.  

Daha sonra çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva təqdimatı keçirilən kitab haqqında iştirakçılara məlumat verib. Bildirib ki, "Kaspi" maarifçilik meydanı" kitabında yer alan materiallar müntəzəm olaraq qəzetin xüsusi buraxılışında dərc edilərək oxuculara təqdim olunub. Sona Vəliyeva diqqətə çatdırıb ki, sonradan qəzetin xüsusi buraxılışında yer alan həmin materialların kitab halına salınaraq oxuculara təqdim edilmək qərara alınıb. O, qeyd edib ki, kitabda haqqında söz açılan Azərbaycan ədəbi mühitinin nümayəndələri, grkəmli şəxsiyyətlər milli şüurun formalaşmasında yaxından iştirak edib, əzmli, cəsarətli yol keçiblər. Sona Vəliyeva bildirib ki, adları qeyd edilən tarixi şəxsiyyətlər sıradan bir maarifçi olmayıblar. Sona Vəliyeva ümummilli lider Heydər Əiiyevin və Prezident İlham Əliyevin hər zaman görkəmli şəxsiyyətlərə diqqət və qayğı ilə yanaşdığını, onların arxiv materialları, əsərlərinin Azərbaycana gətirilməsinə ciddi cəhdlər göstərdiklərini diqqət çatdırıb. Bildirib ki, istər Heydər Əliyevin zamanında istərsə də günümüzdə Azərbvaycanın ədəbi-mədəni mühitinin görkəmli simaları ən yüksək dəyərə, qiymətə layiq görülüb. Sonda Sona Vəliyeva onu da qeyd edib ki, belə bir kitabı ərsəyə gətirməkdə məqsəd gələcək nəsillərdə bizim tarixi şəxsiyyətlərimiz barədə bilgi formalaşdırmaq və onları maarifləndirməkdir.

Sonra çıxış edən qəzetin baş redaktoru İlham Quliyev "Kaspi" qəzetinin bütün saylarının artıq Azərbaycanda olduğunu diqqət çatdırıb. Qeyd edib ki, aparılan araşdırmalar nəticəsində qəzetin arxivinin Avropa ölkələrindən birində olduğu müəyyənləşib və aparılan danışıqlar, görülən işlərin nəticəsi olaraq qəzetin arxiv sayıları Azərbaycana gətirələrək disk halına salınıb. Tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin arxivini əks etdirən diski Milli Kitabxananın direktoru Kərim Tahirova təqdim edib. Kərim Tahirov da çıxışında bunu mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirərək "Kaspi" qəzetinin bütün saylarının olduğu arxiv materiallarının Milli Kitabxana üçün dəyərli töhfə olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, əməkdar jurnalist Tahir Aydınoğlu, tənqidçi, şair Əsəd Cahangir "Kaspi" qəzetinin Azərbaycanın ictimai siyasi şüurunun formalaşması, günümüzdə ədəbiyyatımız, mədəniyyətimiz, tarixi şəxsiyyətlərimiz, mədəni incilərimizin təbliğ olunmasındakı rolundan danışıb, qəzetin həyata keçirdiyi bu missiyanı yüksək dəyərləndiriblər. Tədbir çərçivəsində həmçinin qəzetin İsa Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş Ədəbiyyat Əlavəsinin xüsusi sayı təqdim edilib, Artkaspi.az adlı ədəbi-mədəni saytı barədə iştirakçılara geniş və ətraflı məlumat verilib.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR