Əmlakın qeydiyyatında daha bir yenilik – İş Yerində Qeydiyyat

Bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, ilk belə kampaniya 17 fevral tarixində İmişli rayonunda yerləşən, çoxsaylı əmək kollektivi olan İmişli Şəkər zavodunun işçiləri üçün keçirilib. Qeyd edək ki, zavodda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan olan işçilər çalışırlar. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Kampaniya İmişli Şəkər zavodu işçilərinə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçisinə əmlaklarına dair hazır çıxarışlar birbaşa İmişli Şəkər zavodunda təqdim edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. 70-ə yaxın zavod işçisi isə ilkin mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitənin əməkdaşlarına təqdim ediblər. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilib. Kampaniya sosial xarakter daşıdığı üçün zavod işçiləri tərəfindən  xidmət haqqı və dövlət rüsumu istisna olmaqla heç bir əlavə ödəniş edilməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR