“Qarabağda şimşək çaxır” kitabının təqdimatı keçirilib

Fevralın 16-da Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə nasir, publisist, Əməkdar jurnalist Yusif Kərimovun "Qarabağda şimşək çaxır" kitabının təqdimatı keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, kitabda Qarabağ ağrılarından bəhs edən əsərlərdən seçmələr toplanıb. Yuzdən çox yazının içərisindən seçilən bu nümunələr həm publisistik, həm də bədii əsərlərdən ibarətdir. İlk dəfə toplum halında təqdim olunan bu seçimlər Qarabağ faciəsi haqqında həqiqətləri ardıcıl və bitkin şəkildə oxuculara çatdırmaq imkanı verir.

Jurnalist-publisist, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə qeyd edib ki, Y.Kərimov hələ sovet dövründə Azərbaycan əsgərlərinin Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqları ilə bağlı kitab yazıb. Müharibə mövzusunun gözəl bilicisi olan Yusif müəllim 3 il ərzində Qarabağa həsr olunmuş 3 kitabı ərsəyə gətirib: "Yüsif müəllimin yaradıcılığında Qarabağ mövzusu qızıl xətlə keçir. Həmin əsərlər insanda qürur hissi doğurur. Təsadüfi deyil ki, bu kitabın məntiqi sonluğu aprel döyüşləri barədə yazı ilə bitir. Çünki, aprel hadisələri hünər döyüşü, Qarabağa qayıdışın başlanğıcı idi".

"Qarabağda şimşək çaxır" kitabının gənclərin vətənpərvərlik hissinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edən jurnalist-yazar  Fazil Abbasovun sözlərinə görə, Yusif müəllimin əsərlərini həyəcansız oxumaq mümkün olmur: "Bu kitab insanlarda vətənpərvərlik hissi yaradır, gəncləri daha cəzarətli olmağa çağırır. Kitabda Qarabağda baş verən hadisələr bədii obrazlarla verilib".

Yusif Kərimov yaradıcılığına toxunan jurnalist-hüquqşünas Əfrahim Təhməzov bildirib ki, kitabda onun müxtəlif vaxtlarda qələmə aldığı əsərlərdən parçalar sujet halında birləşib: "Yazıçı-publisist Yusif Kərimov  Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan yazarlardandır. Oxucular onu yaradıcılığında publisistikanın və bədiiyyatı məharətlə bacaran qələm sahibi kimi tanıyırlar". Onun sözlərinə görə, kitabı oxuduqda adamda əminlik yaranır ki, işğal altında olan torpaqlarımız mütləq azad ediləcək: "Şimşək təbiət hadisəsidir. Heç şübhəsiz ki, rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda elə şimşəklər çaxdıracaq ki, təbiət hadisəsi özü ordumuzun qüdrəti qarşısında aciz qalacaq".

Alim  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR