Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunub

Səbinə Novruzzadə: "İnsanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər"

Günümzdə kütləvi informasiya vasitələrinin cəmiyyət həyatında rolu və yeri müstəsna əhəmiyyət kəsb edir. Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş sosial problemlərə qədər bütün məlumatları cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrini əbəs yerə cəmiyyətin maarifləndirilməsi, onun məlumatlandırılmasında əvəzsiz vasitə hesab etmirlər. Azərbaycanın kütləvi informasiya vasitələri də bu günm ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti ölkədə işıq üzü görən yüzlərlə qəzet və jurnallarla özünün informasiyaya olan tələbatını ödəyir. Etiraf etmək lazımdır ki, Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib. Mətbuatın maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər, kütləvi informasiya vasitələrinin nümayəndələrinin təqib və təzyiqlərə məruz qalmasından, onların öldürülməsinə qədər enişli-yoxuşlu, çətin bir dövr keçib Azərbaycan mətbuatı. Xüsusilə, bu qeyd edilən tendensiyalar müstəqilliyin ilk illərində özünü büruzə verib. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi. Hər kəsə məlumdur ki, həmin illər Azərbaycan öz müstəqilliyini çətinliklərlə də olsa əldə etsə də, lakin bu müstəqillik heç də bütün sahələrdə özünü tam mənada göstərə bilmirdi. Bunu mətbuat sahəsinə də şamil etmək mümkündür. Ölkədə müstəqil mətbuatın mövcud olmaması, kütləvi informasiya vasitələrinin fəaliyyətində söz və fikir azadlığına tətbiq edilən məhdudiyyətlər, eləcə də bu kimi irili-xırdalı problemlər Azərbaycan mətbuatının inkişafını ləngidirdi. Tezliklə, ümummilli lider kütləvi informasiya vasitələrində mövcud olan bu və ya digər problemləri aradan qaldırmağa müvəffəq oldu, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu mənada mətbuat orqanları, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addım idi. İstər bu, istərsə də digər müsbət addımlar tədricən  Azəörbaycan mətbuatının inkişafına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafı etdirilməsi istiqamətində atmış olduğu addımlar birbaşa ölkədə söz və fikir, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə xidmət edirdi.

Sevindirici hal ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir. Bu sahədə həyata keçirilən tədbirlər və KİV-in inkişafına yaradılan şərait tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə təmin olunur. Elə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Səbinə Novruzzadə dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan da danışıb.

-Səbinə xanım, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

-Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar.Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var. Onlar müxtəlif holdinqlərdə birləşiblər. Orta və yaşlı nəsli təmsil edən həmkarlarım danışırlar ki, ötən əsrin 90-cı illərində KİV redaksiyaları daimi iş yeri sayılmırmış. Hətta ən çox oxunan qəzetin də bir gecədə bağlanmaq təhlükəsi varmış. İndi isə durum fərqlidir. Jurnalistlər KİV redaksiyalarına daimi iş yeri kimi baxa bilir, həvəslə yazıb-yaradırlar. Sözsüz ki, burada dövlətin mətbuata göstərdiyi qayğının böyük rolu var. Azərbaycan dövləti çətin dövrdə KİV-ləri və jurnalistləri tək qoymadı. Çətinliklər isə çoxdan arxada qalıb.Obrazlı desək, tuneli çoxdan tərk etmişik.

-Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunub. Bizim ölkəmizdə insanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər. Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var. Söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir mane yoxdur. Əvvəlki illərdən fərqli olaraq, indi dövlət qurumları da mətbuatla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu isə jurnalistlərin onlara lazım olan məlumatları vaxtında əldə etməsini asanlaşdırır.

-Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Azərbaycan Prezidenti Cənab İlham Əliyev demokratik dünyagörüşünə malik olan görkəmli dövlət başçısı, qətiyyətli liderdir. Azərbaycanda demokratikləşdirmə prosesi məhz Cənab Prezidentin siyasi iradəsilə həyata keçirilir. Özünün də dediyi kimi, Cənab Əliyev siyasi baxışlarından asılı olmayarq, hər bir azərbaycanlının prezidentidir. Bu düşüncə tərzi, bu təfəkkür Azərbaycanın sürətlə demokratikləşməsini təmin edir, ölkədə mövcud olan sağlam ab-havanı bir qədər də möhkəmləndirir. Sözsüz ki, bu cür münbit şərait mətbuatın inkişafına müsbət təsir göstərir.Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı dövlət qayğısı ilə hərtərəfli təmin olunub. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli binanın inşası, ildə iki dəfə çap mətbuatına qrantların ayrılması, ayrı-ayrı dövlət qurumları ilə birgə həyata keçirilən layihələr mətbuatımızın maddi-texniki bazasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı oldğu açıq-aşkar görünür.Bu fakt bizi sevindirir.

-Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

- Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci ildə senzuranı ləğv etməsi mətbuat tariximizin ən yaddaqalan hadisəsi sayıla bilər. Heydər Əliyev təkcə jurnalistlərə deyil, bütün yaradıcı insanlara diqqətlə yanaşıb, onlara qayğı göstərib. Təsadüfi deyil ki, ümummilli liderimiz sağlığında "Jurnalistlərin dostu" mükafatına layiq görülüb, mətbuatın təmənnasız hamisinə çevrilib. Əgər xatırlayırsınızsa, məhz Heydər Əliyevin göstərişi ilə dəfələrlər qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub. Heydər Əliyev jurnalistlərin ən sevimli müsahibi idi. O, bütün suallara təmkinlə cavab verir və bu hərəkəti ilə məmurlara nümunə olurdu. Azərbaycan mətbuatı bu gün ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sağlam zəmin üzərində yüksəlir.

-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?

- Medianın əsas silahı tənqiddir. Amma bu "silah" öldürməyə, iflic etməyə yönəlməməlidir. Sağlam tənqid cəmiyyəti irəli aparmalı, dinamik inkişafı təmin etməlidir. Jurnalist obyektiv olmalı, öz yazısı, araşdırmaları ilə cəmiyyətə fayda verməlidir. Azərbaycan dövlətinin yaratdığı demokratik ab-havadan sui-istifadə cəhdi jurnalisti nüfuzdan sala bilər. Jurnalist məsuliyyəti heç vaxt gözardı edilməməlidir. Təəssüf ki, bəzən sui-istifadə hallarının da şahidi oluruq. Amma bu, kütləvi xarakter daşımır. Müasir Azərbaycan mətbuatını yaşadan qələm sahibləri öz məsuliyyətlərini gözəl dərk edirlər. Azərbaycanda peşəkar jurnalist ordusu var. Həqiqi jurnalistlərin yaradıcılığında, yanaşma tərzində yalana, böhtana, şərə yer yoxdur. Sensasiya, ucuz şöhrət axtarışı heç kimi xoşbəxt etməyib. Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı bu mərhələni çoxdan arxada qoyub. Buna görə də mən mətbuatımızın gələcəyinin daha parlaq olacağına inanıram.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR