Atılmış körpələrin ahı tutan əclaf qadınlar...

Ana olmaq qadınlığın bəşəri vəzifəsidi. Bu vəzifə Yaradan tərəfindən qadına verilən ilahi bir möcüzədi, sirrdi, cazibədi. Qadın doqquz ay bətnində gəzdirdiyi övladına elə qırılmaz tellərlə bağlanır ki, son nəfəsinə qədər bu, onun yaşamını tənzimləyir, həyatı sevməsinə stimul verir.

Amma elə qadınlar da var ki, analıq hissindən məhrumdurlar. Bu da Allahın onlara verdiyi ən ağır cəzadı. Hansısa günahlarının cəzasını çəkirlər. Bundan betərini təsəvvür etmək olmaz. Qadın dünyaya gətirdiyi övladına sahib çıxmırsa, bu, təkcə onun insani duyğulardan məhrum olması deyil, həm də vəhşi xislətinin göstəricisidir. Halbuki vəhşilik heyvana məxsus bir hissdi. Hərçənd vəhşi heyvanlar da balasına valideynlik duyğusu və sevinc hissi ilə yanaşaraq onu qoruyurlar.

Dünyanın hər yerində övladını dünyaya gətirəndən sonra ondan imtina edənlər var. Amma Azərbaycanda olduğu kimi onu doğub diri-diri zibil yeşiyinə atan qadınlar əminəm ki, başqa ölkələrdə yox dərəcəsindədi. Bizim qadınlar doğduğunu bağrına basmağı niyə işgəncə kimi qəbul edirlər? Bu suala yüz cür cavab tapmaq olar, amma heç biri onlara haqq verməz.

Problemin ağrılı tərəfi odur ki, bəzən övladından imtina edən qadınlara haqq verənlər də tapılır, uşağın atasını günahkar hesab edənlər də olur. Heç birinin tərəfdarı deyiləm. Ananın günahı qədər atanın da məsuliyyəti var. Qadın doqquz ay onu bətnində gəzdirir, hər cür ağrılara dözür, analıq hissinin müəyyən məqamlarını canına hopdurur. Elə ki, uşağı dünyaya gətirir, qadın sanki, insanlıqdan çıxır, canından ayrılan bir parçadan imtina edir.

Deyirlər ki, qadın zəif məxluqdu. Bu deyimdə müəyyən həqiqət var. Amma bətnində doqquz ay bir can daşıyırsa, onun nəyi zəifdi? O, sözün bütün mənalarında çox güclü və dözümlüdü. Zəiflik odur ki, övlad istəməsə də hamilə qalır, qarşısını ala bilmir. Halbuki indiki zəmanda bünün üçün xeyli vasitələr var. Əksinə elə məqamlarda qadın güclü, kişi zəif olur. Hər hansı bir kişini öz intim cazibəsinə salan qadın kişinin zəif nöqtəsindən sui-istifadə edir. Əlbəttə istisnalar da var. Qadını zorlayan, özünün şəhvət hissini öldürmək üçün əks cinsin istəyinə məhəl qoymayan kişilər fiziki gücündən istifadə edirlər. Bu, onların alçaqlığıdı.

Müşahidə və təcrübələr göstərir ki, çox hallarda həmin qadınlar dünyaya gətirdiyi uşaqdan imtina etməli olurlar. Bu imtinada maddi çətinliklərlə yanaşı, utanc hissləri də özünü göstərir. Utancaqlığı başa düşmək elə də çətin deyil. Amma körpəsini küçəyə atmağı, zibil qutularında gizlətməyi qətiyyən qəbul etmək olmaz. Dünyaya bir can gəlib, kimsə onu öldürməyə haqlı deyil. Maddi çətinliklər də əsas vermir ki, bu cür mənfur və vicdansız hərəkətə yol verilsin. Quranda deyilir: " Yoxsulluqdan qorxaraq övladlarınızı öldürməyin. Sizin də, onların da ruzisini verən Bizik. Onları öldürmək, şübhəsiz, böyük günah deməkdir"(İsra surəsi, ayə 31).

Bu günah bilirsinizmi nədi? Əvvəla həmin qadın ömürlük başqa bir əzaba, işgəncəyə məruz qalır. Həyatın bütün çətinlikləri ilə üz-üzə qalır. Məhz bu yerdə qadın fiziki və mənəvi cəhətdən zəif olur. Çünki həyatda onu bütün bəlalardan və çətinliklərdən qoruya biləcək analıq hissini, övlad sevgisini imtina etdiyi körpəsi ilə birlikdə atıbdı.

Hə, deyə bilərsiniz ki,ətrafınızda tanıdığınız o qədər qadınlar var ki, uşağını hələ bətnindəykən məhv edib, ya da doğandan sonra kiməsə verib. Hələ ona da şahidsiniz ki, gözünü bu dünyaya açıb ətrafını görməyə macal tapmayan körpəsini zibilliyə atsa da, hünər iş görmüş kimi başıdik gəzir, yaxşıca dolanır, üstəlik də başqalarına yuxarıdan aşağı baxmağa cürəti var. Etiraz etmirəm, hamımız görmüşük, heç olmasa bir nəfər də olsa şəxsən tanıdığımız var. Amma bu, onun görünən tərəfidi. Heç birimiz onun içdən nələr çəkdiyindən, gündüzlər ötkəm danışsa da, gecələr başını yastığa rahat qoya bilməməyindən xəbərsizik. Bilmirik ki, bu qadın imtina etdiyi övladının qulağında səslənən, heç vaxt onu tərk etməyən fəryadını eşitməmək üçün nələr edir. Bilmirik ki, o, bu səhnədən uzaqlaşmaq üçün nələri qurban verə bilər. Bilmirik ki, o qadın əclaflığını ört-basdır etməkdən ötrü hansı vasitələri fikirləşir. Bilmirik...

Bu sadaladıqlarımı filmlərdə, tamaşalarda görmüşük. Amma heç bir aktyor uşağını atan qadının keçirdiyi hissləri, susmuş vicdanının səssiz və amansız hökmünü tamaşaçıya olduğu kimi çatdıra bilməz. Bu, sadəcə bir görüntüdü, dərsdi, aktyor işini görür. Onlar analıq duyğusunu itirmiş, qadınlığını ucuzlaşdırmış, kişilik kimi sanballı bir adı qiymətdən salmış adamları səhnədən, ekrandan göstərir və həmin yolun yolçularının özlərini özlərinə təqdim edirlər. Amma biz bilmirik ki, nəticə çıxarırlarmı, vicdan səslərini batıra bilirlərmi? Bilmirik...

Mən övladına qarşı əclaflıq edən və vicdan əzabı çəkən qadının faciəsini eşitmişəm. Hər dəfə atılmış bir uşaq haqqında eşidəndə illər öncə işlədiyim qəzet üçün yazı hazırlamağa getdiyim 4 saylı cəzaçəkmə müəssisəsində həmsöhbət olduğum qadını xatırlayıram. Göz yaşları içində peşmançılığını dilə gətirən o qadın qatilə necə çevrilidini danışmışdı: "Bacımın 21 yaşı var idi, sevdiyi oğlandan hamilə qalmışdı. Biləndə dedik ki, doğmasın, abort etdirsin. Sözümüzə baxmadı, doqquz aydan sonra dünyaya gətirdiyi oğlunu aparıb qonşu kənddə ucqar bir küçəyə atdı. Faciəsi də bundan sonra başladı. Aylarla ağladı, gecələr yata bilmədi, az qala ağlını itirmək dərəcəsinə çatmışdı. Hər gün o kəndə gedirdi, uşağını axtarırıdı. Bununla belə kənddə, adamların yanında özünü çox sakit aparırdı. Kənardan baxanlar bacımın qan ağladığını hiss etmirdilər. Uşağın atası da Rusiyaya getmişdi. Evlənməkləri mümkün deyildi. Anam onu məcbur etdi ki, başqa bir adamla evlənsin, yenidən doğsun, bəlkə o zaman dərdini unuda bilər. Kəndimizdə özündən 14 yaş böyük olan bir nəfərlə evləndirdik. İki ildən sonra oğlu oldu. Düşündük ki, küçəyə atdığı oğlunun təsəllisini bu oğlundan alacaq. Amma bacım uşağına baxa bilmirdi, saatlarla ağlayan körpəsinə süd vermirdi. Psixikası pozulan bacımı əri hər gün təhqir edirdi, deyirdi ki, sən dəlisən, birinci uşağını atmısan, bunu da atacaqsan. Bütün bunlara dözməyən bacım (məncə, vicdan əzabının ağırlığına dözməyən - Z.N.) iki aylıq oğlunu gecə boğub öldürəndən sonra özünü də asdı. Mən də gedib onun ərini balta ilə öldürdüm"...

Bu da faciəli sonluq. Günah kimdədi, harda səhv olub? Gənclikmi, sevgimi, yoxsa ağılsızlıqmı addımlarını doğru atmayan o qadını uçurumdan itələyib? Məncə, qadının aldığı tərbiyədə də naqis tərəflər olub. Birinci travmadan sağalmayan qızını ikinci dəfə evləndirən ananın da düşüncələri, hadisəyə yanaşması yarımçıq olub və qızının günahını anlamayıb.

Əslində o qadının intihara gedən yolunu öldürdüyü iki körpəsinin ahı açmışdı. Halbuki illərlə uşaq üzünə həsrət qalan, övlad yolu gözləyən qadınlar var. Çox qəribədir ki, Allah da övlad istəyi ilə alışıb-yanan qadınlara yox, uşağın qədrini biləməyənlərə övlad verir. Görünür bunda da bir hikmət var. Allahın hikmətindən baş açmaq çətindi. "Niyə?" deyə Yaradanı sorğu-sual etmək olmaz.

Bu günlərdə televiziyada Bərdə rayonundakı bir ailədə dünyaya gələn 14 uşaq haqqında süjetə baxdım. Nə ana, nə də ata maddi çətinlik çəkdiklərini dilə gətirmədilər. Əksinə tam xoşbəxt görünürdülər. 7 oğul, 7 qız böyüyən bu ailədə, sanki, çiçək açmışdı, gözəlliklər meydan sulayırdı. Doğrudan da evdə layla səsindən, uşaq gülüşündən gözəl səs yoxdu. Normal ev şəraitləri olmayan bu ailə başçıları övladından imtina edən qadından, onu bu yola təhrik edən kişidən nə ilə əskikdi? Təbii ki, qat-qat artıqdırlar. Allah həmin uşaqların ruzusunu özü ilə bərabər göndərib. Sadəcə bir qədər səbr, bir qədər də dözüm lazımdı. Vəssalam!

Xarici ölkələrdə doğum evininin qabağında uşağından imtina edən qadınlar üçün xüsusi şərait yaradıblar. Xəstəxananın yanında içində hər cür şəraiti, uşaq yeməyi olan bir qutu qoyublar. Körpəsini istəməyən qadın çıxarkən onu gizlincə həmin qutuya qoyub gedir. Onunla təsəlli tapır ki, uşağı ölməyəcək, kimsə sahib çıxacaq.

Son vaxtlar Azərbaycanda problemin həll yolu kimi həmin qutudan burda da istifadə olunmasını təklif edirlər. İlk baxışda qəbul olunandı. Amma bu, həm də uşağından imtina etmək istəyənlərə bir çağırış kimi səslənir. Bir qədər tərəddüd edən qadınlar biləndə ki, hardasa belə rahat "mənzil" var heç düşünmədən uşağını aparıb ora qoyacaq.

Türkiyə televiziyalarının birində "Kırqın cicekler" seriyalı yayımlanır. Atılmış qızların yetimxana həyatı, başlarına gələn faciələr fonunda onlardan imtina edən valideynlərin öz günahlarının əvəzini necə ağır ödədikləri ekran dili ilə tamaşaçıya çatdırılır.

Heç bir uşaq valideynini seçmir. Qadın hamilə olarkən sabahı düşünməlidi, dünyaya gətirəcəyi körpəsinin taleyii ilə bağlı uğurlu planlar qurmalıdı. Əgər onu zibilliyə atacaq, xəstəxanadaca imtina edəcək, başqasına verəcək, uşaq evinə göndərəcəksə, əmin olsun ki, mütləq və mütləq həmin körpənin ahı bir gün onun yaxasından yapışacaq, özü də çox pis yapışacaq - "Kırqın çiçəklər"dəki Meralın, Eylülün, Kaderin anası kimi...

Heç kim düşünməsin ki, bu, sadəcə bir filmdi. Bu, ibrətdi. Həyatda da belədi - 4 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən qadının bədbəxt bacısı kimi. Hələ bizim bildiyimiz və bilmədiyimiz nə qədər belələri var...

"Qazandığı suçlarının qarşılığında insanları dərhal yaxalasaydı Allah, bir canlı da qalmazdı yer üzündə. Ancaq yazılı bir əcələ qədər onlara möhlət verər. Əcəlləri gələn zaman eləyəcəyini eləyər. Bəndələrini görür Allah" (Fatır" surəsi, ayə 45).

Züleyxa Nadir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR