Jurnalistləri təhqir edən MTN generalı əlavə məsuliyyətə cəlb edilə bilər

Fevralın 14-də Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev,Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmə iclasından sonra isə jurnalistlər təqsirləndirilən, hazırda polisin nəzarətində olan Natəvan Mirvətovaya ittihama münasibət bildirməsi ilə bağlı sual ünvanlayıblar. Sabiq MTN generalı isə KİV nümayəndələrinə "rədd olun burdan!" deyərək, suallara cavab verməyib. O, jurnalistləri təhqir edərək ərazidən uzaqlaşıb.

Xatırladaq ki, Natəvan Mirvətovanı çıxmaqla, MTN işi üzrə saxlananların hamısına həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan başqa yerə getməmək barədə iltizam alınıb. O, bu səbəbdən, məhkəməyə evindən gedib-gəlir.

Media eksperti Ələsgər Məmmədli modern.az-a açıqlamasında qadın generalın jurnalistləri təhqir etməsinin yolverilməz olduğunu deyib:
"Məhkəmə prosesi açıq aparılırsa, hakim tərəfindən oradakı vəziyyətlə bağlı istər kamera vasitəsilə, istərsə də digər vasitələrlə müşahidə imkanı tanınsa, jurnalistlərin informasiya almaq imkanına heç kim qarışa bilməz. Açıq informasiya olduğu üçün hər kəs informasiya toplaya bilər. Jurnaslitlər informasiyanı yazan zaman da təqsirsizlik prezumpsiyası hüququ çərçivəsində yanaşmalıdırlar. Onların məlumat toplayarkən tərəflərin xoşuna gəlməməsi təbiidir, başadüşüləndir. Amma bu, jurnalistlərə qarşı kobud, təhqiramiz ifadələr işlətmək, hədələmək imkanı vermir".
 
Ə.Məmmədli bildirib ki, bu kimi hal hüquqi məsuliyyət yaradır:
 
""KİV haqqında" Qanunun müddəaları imkan verir ki, jurnalistlər istədikləri yerdən, cəmiyyət üçün aktual gördükləri məlumatları toplasınlar. Eyni zamanda "KİV haqqında" Qanun jurnalistlərin qanuni fəaliyyətinə mane olan hərəkətləri də məsuliyyət yaradan amillər kimi görür. Buna görə də Cinayət Məcəlləsində, eyni zamanda İnzibati Xətalar Məcəlləsində müəyyən məsuliyyətlər nəzərdə tutulub. Bu baxımdan həmin general jurnalisti təhqir edib, onun informasiya almaq imkanlarını məhdudlaşdırmağa cəhd edibsə, onlar məhkəmə-hüquq yoluna baş vura bilər. Bu halda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.

Açıqlama məsələsinə gəldikdə, şəxsin müsahibə verib-verməməsi özünə aiddir. Əgər o, artıq məmur deyilsə, açıqlama vermək məcburiyyətində deyil. Məmur olsaydı, buna məcbur idi. Amma məmur deyilsə və informasiya vermək istəmirsə, bundan imtina edə, yaxud danışmadan gedə bilərdi. Bu çərçivədə kimisə təhqir edir və hədələyirsə, buna görə də məsuliyyət daşıyır. Jurnalistlər bu çərçivədə də hüquqi yola gedə bilərlər".

Qeyd edək ki, Natəvan Mirvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə əlaqədar 2009-cu ilin martında general rütbəsinə yüksəlib. 2013-cü ildə Natəvan Mirvətova "Vətən uğrunda" medalı ilə təltif olunub. 
Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mirvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, məhkəmə önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamlarından həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, onları qanunsuz olaraq, günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.
"MTN işi" üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR