Palçıq vulkanlarından niyə faydalanmırıq?

"Palçıq vulkanının tullantılarındakı müxtəlif süxurlar lazımlı mikroelementlərlə - bor, manqan, vanadium, mis, litium və sairə, vulkan suları isə yod, bor, bromla zəngindir. Vulkan palçığı müalicəvi preparatdır və təbabətdə geniş istifadə olunur. Azərbaycandakı bəzi vulkanların palçığı öz tərkibinə görə Naftalan nefti ilə uyğun gəlir. Azərbaycandakı vulkanların palçığı yerin təkindən yer səthinə çıxdığı üçün ekoloji cəhətdən çox təmizdir və heç bir antropogen təsirə məruz qalmır". Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor, əməkdar elm xadimi Adil Əliyev deyib.

O bildirib ki, vulkan gili keyfiyyətli keramzit xammaldır, inşaatda istifadə olunur, gillərdən silikat kərpic də hazırlanır: "Vulkanlar çox dərin təbii kəşfiyyat quyusu adlanır, yerin dərin qatlarında yerləşən neft və qaz yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Bundan başqa, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə də genetik əlaqədardır. Böyük dərinliklərdən çıxan, ekoloji təmiz vulkan palçığı biostimuliyalacı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zəngindir. Biz keçən əsrin 70-80-ci illərində tibb elmləri doktoru Fəridə Əfəndiyeva və başqa mütəxəssislərlə birgə tədqiqatlar apararaq vulkan palçığının balneoloji xassələri və geokimyəvi xüsusiyyətlərini öyrənib ölkənin 15-dən çox tibbi müəssisəsində vulkan palçığı ilə müalicə praktikasını tətbiq etmişdik. Vulkan palçığı özünün müstəsna yüksək balneoloji xassələrinə görə bir çox xəstəliklərin - hərəkət aparatı, oynaqlar, onurğa sütunu, periferik - əsəb sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər diabeti, aterosklerozun müalicəsi, eləcə də ginekologiya, urologiya və xüsusilə kosmetologiyada istifadə olunması üçün zəruridir. Çox təəssüf ki, hazırda bu palçıqdan istifadə olunmur. Bunu xüsusi vurğulamaq istəyirəm. Ötən əsrin 80-ci illərində həkimlər üçün palçıq vulkanlarının xəritələrini tərtib etmişdim. Məsələn, Şamaxı rayonunda olan bütün palçıq vulkanları müalicəvi əhəmiyyətlidir.

Lakin Şamaxı rayonunda olan vulkanlar yalnız bir xəstəliyin müalicəsi üçün daha əlverişlidir. Salyandakı palçıq vulkanları öz tərkibi və mikro elementlərinə görə başqa bir xəstəliyin müalicəsi üçün gərəklidir. Mən bütün bunları nəzərə alaraq həkimlər üçün palçıq vulkanlarının xəritələrini hazırlamışdım. Bir faktı diqqətinizə çatdırım. Salyanın Xıdırlı qəsəbəsində "Xıdırlı" palçıq vulkanı var. Orada olarkən yerli sakinlər mənə dedilər ki, Adil müəllim, Bosniya və Herseqovinadan yaşlı ər-arvad gəlib "Xıdırlı" vulkanının palçığı ilə müalicə olunublar. Təsəvvür edin ki, xaricdən ölkəmizə gəlib müalicə olunurlar. Təbiət bunu bizə bəxş edib, axı biz niyə bundan istifadə etməyək? Xəzərin sahilində "Bahar" vulkanı var. Bu vulkanın yaxınlığında kurort müəssisəsi tikilsə, yaxşı olar. Bakıya gələn turistlərin bir çoxunun vulkanlara getmək istəyi olur".

Şöbə müdiri son günlər bəzi kütləvi informasiya vasitələrində palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar düzgün məlumat verilmədiyini də diqqətə çatdırıb: "Bəzi mütəxəssislər Azərbaycanda və dünyadakı palçıq vulkanlarının sayını 30-40 il bundan əvvəlki məlumatlara əsasən qeyd edirlər. Eləcə də, vulkanların və onların püskürmələrinin sayı, təhlükəsi, tullantı məhsullarının əhəmiyyəti, onlardan istifadə olunması və digər məsələlər barədə bir növ yanlış məlumatlar verilir. Fevralın 6-da Abşeron yarımadasında yerləşən "Otman bozdağ" palçıq vulkanının püskürməsi ilə də bağlı belə məlumatlar səsləndi. Palçıq vulkanlarının öyrənilməsi ilə əlaqədar çox sayda məqalələr yazılıb nəşr olunmasına baxmayaraq, hələ də səhvlərə yol verilir. Ona görə də sizin vasitənizlə həmin mütəxəssislərə həqiqəti çatdırmaq istəyirəm. 2015-ci ildə ilk dəfə olaraq "Dünya palçıq vulkanlarının" Atlası Azərbaycan, ingilis və rus dillərində Bakıda hazırlanıb, İtaliyada nəşr olunub. Dünyada 2500 palçıq vulkanı var ki, onların da 350-si Şərqi Azərbaycanda və onunla həmsərhəd olan Cənubi Xəzərin akvatoriyasında yerləşir. Son 200 il ərzində Azərbaycanda 93 palçıq vulkanında 400-dən çox püskürmə baş verib. Palçıq vulkanları 50 ildən artıqdır ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunda hərtərəfli öyrənilir. Bu ildən başlayaraq yeni elmi istiqamət kimi, biz Azərbaycanın palçıq vulkanları brekçiyasında aksessor minerallaşmanı öyrənirik. Vulkan brekçiyasında aşkar olunacaq bəzi nadir kimyəvi elementlər vulkanların mənşəyi haqqında yeni, daha dolğun fikirlər söyləməyə imkan verəcək".

A. Əliyev qeyd edib ki, möhtəşəm görünüşlü, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm obyektidir: "Ölkəmizin palçıq vulkanlarının dövlət səviyyəsində beynəlxalq turizmə cəlb olunmaması vacib məsələlərdən biridir. Palçıq vulkanlarının diyarı olan Azərbaycanda möhtəşəm, görkəmli, aktiv fəaliyyətli vulkanlar çoxdur və ölkəmizə gələn turistlərin bir qismi onları görmək istəyir. 2008-ci ildə müəllifi olduğum və Azərbaycan, ingilis, rus dillərində nəşr edilmiş "Azərbaycanın palçıq vulkanları" adlı kitabçamda 25 vulkana getmək üçün turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə birgə ayrıca 6 turist marşrutları Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Lakin təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb".

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir MusayevAPA-ya deyib ki, vulkan palçığı təbabətdə geniş istifadə olunur. Onun sözlərinə görə, ümumilikdə palçıqla çox saylı xəstəlikləri effektiv müalicə etmək mümkün olur: "Vulkan palçığından bır sıra xəstəliklərindən müalicəsində geniş istifadə olunur. Ateroskleroz, onurğa sütunu, oynaq xəstəliklərinin müalicəsində, habelə fizioterapiyada vulkan palçığından istifadə olunur. Palçıq insanda olan ağrıları götürür. Lakin məsələ odur ki, kim gedib vulkandan palçığı yığacaq? Gərək bu işi görən, gedib o palçığı yığan olsun".

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ekoturizmin inkişafında palçıq vulkanlarının əhəmiyyəti vurğulanıb.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov APA-ya bildirib ki, A. Əliyevin 25 palçıq vulkanı istiqamətində turist marşrutlarının Nazirliyə təqdim etdiyini təsdiqləyib. Sektor müdiri əlavə edib ki, palçıq vulkanları turistlər üçün cəlbedicidir: "Palçıq vulkanları unikal təbiət abidələridir. Bildiyiniz kimi, dünyada mövcud olan palçıq vulkanlarının əksəriyyəti Azərbaycandadır. Biz palçıq vulkanlarını turistlər üçün cəlbedici vasitə kimi qiymətləndiririk. Başa düşürük ki, palçıq vulkanları turistləri cəlb edir. Həqiqətən də ölkəmizə gələn turistlərin əksəriyyəti palçıq vulkanları ilə maraqlanır. Mədəniyyət və Turizm Nazirliyi olaraq palçıq vulkanlarını turist marşrutu kimi pasportlaşdırmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınaraq təşviq baxımından turizm şirkətlərinin iştirakı ilə info-tur keçirmişik. Abşeronda olan bir sıra palçıq vulkanlarına turistlər bu gün də gedir. Lakin problem ondan ibarətdir ki, palçıq vulkanlarının əksəriyyəti qoruq elan edilib. Azərbaycan respublikasının qanunvericiliyinə görə isə qoruq ərazilərinə giriş qəti qadağandır. Buna əsasən bir çox palçıq vulkanlarına giriş qeyri-qanuni hesab olunur. Biz bununla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında məsələ qaldırmışıq ki, qanunvericiliyə uyğun Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun statusu müvafiq olaraq Milli Park statusu ilə əvəz olunsun. Yaxud da istisna hal olaraq qoruq ərazisindəki palçıq vulkanları turistlərin marşrutuna daxil edilsin. Qanunvericilik sahəsində bu məsələ öz həllini tapmalıdır ki, biz bunu geniş aspektdə təşviq edə bilək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib ki, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna əsasən insanların qoruq ərazilərində bütün növ fəaliyyəti qadağan edilir: "O cümlədən hazırkı statusda qoruğa daxil edilmiş palçıq vulkanlarında ekoturizm fəaliyyəti də qadağan olunur. Ekoturizm fəaliyyət növünə yalnız qoruq statusu Milli Park statusu ilə əvəz olunduqda icazə verilə bilər. Bu məsələ aktuallaşdığı üçün yaxın gələcəkdə qoruğun statusunun Milli Park statusu ilə əvəz olunması məsələsinə baxıla bilər".

Qeyd edək ki, Azərbaycan prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb. Bundan sonra Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun sərhədlərinə Bakı şəhəri üzrə - "Güzdək-Bozdağ", "Ayrantökən", "Qoturdağ", "Kirdağ", "Pilpili Qaradağ", "Torpaqlı Axtarma", "Qaradağ Axtarma", "Bəndovan", "Ağzıbir", "Otman-Bozdağ", "Xərə-Zirə adası", "Qarasu adası", "Zənbil adası", "Gil adası", "Cigil adası", "Səngi-Muğan adası", "Çapılmış", "Gülbəxt-Sarınca", "Şorbulaq", "Keyrəki", "Qırməki", Abşeron rayonunun inzibati ərazisi üzrə - "Kirdağ", "Çeyildağ", "Pirəküşkül", "Şəkixan qrupu", "Ağdam qrupu", "Süleymanaxtarma", "Kiçik kənizədağ", "Sarıdaş boyanata", "Durandağ", "Torağay", "Oyux", "Qaraxura", "Ağtirmə", "Əmcək-əmcək", "Buransız-Çulğa", "Qılınc", "Ağnohur", "Güllütəpə", "Çeilaxtarma", "Qotur", "Qələndəraxtarma" və "Şahqaya" palçıq vulkanları daxildir. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR