Kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur

Əhməd Şahidov: "Sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var"

Müstəqillik illərindən sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi nailiyyətlər əldə edildi, ölkədə söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində bir canlanma yarandı, mətbuata olan dövlət qayğısı daha da artdı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu qayğı bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmiz söz və məlumat azadlığının, plüralizmin təmin olunması baxımından regionun, eləcə də dünyanın ən qabaqcıl ölkələrindən biri sayılır. Elə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovla söhbətimiz də məhz bu istiqamətdə oldu. "OLAYLAR"-a verdiyi müsahibədə ADİHİ rəhbəri hazırda media sahəsində mövcud olan vəziyyət barədə də danıpşıb.

- Əhməd bəy, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

-Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Müasir demokratik sistemin beşiyi hesab olunan Avropada bəhs etdiyimiz mövzuya münasibətin təhlili də maraq doğurur. Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb. Xüsusilə internetdə məlumat azadlığı hüququnun tanınması olduqca aktualdır. BMT artıq bu gün "Internet Access" (internetin əlçatımlılığı) anlayışını insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir. Lakin internetdə informasiya azadlığı adı altında bütün məlumatların xaotik şəkildə ictimaiyyətə təqdim olunması yolverilməzdir və burada müəyyən bir tənzimlənmə, bəzi məhdudiyyətlər də tələb olunur. Bu baxımdan İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan "məhdudiyyətlər, şərtlər və rəsmiyyətlər" internetdə informasiya azadlığına da tətbiq oluna bilər. Avropa Şurasının internetdə kommunikasiya azadlığı Bəyannaməsində bu məsələ dəqiq vurğulanıb. Belə ki, sənəddə dövlət tərəfindən internetdə ictimaiyyətin informasiya əldə etmək hüququna müəyyən məhdudiyyətlərin qoyulmasının və ya filtr sisteminin tətbiqinin mümkünlüyü qeyd olunur. Müvafiq məsələ Azərbaycan qanunvericviliyində də öz əksini tapıb. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

- Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?

Əlbəttə, bu kimi hallara rast gəlinir. Jurnalist olmaq heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə üstün səlahiyyətlər vermir. Jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs yaşadığı və fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməyə borcludur. 1993-cü ilədək baş verənləri nəzərə almasaq, indiyədək Azərbaycanda peşə qanunvericiliyinə əməl edən heç bir jurnalistə təzyiq olunmayıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün özünü jurnalist hesab edən bəziləri mətbuatda yol verdikləri etik pozuntuları, vergidən yayınmanı, xuliqanlığı, hətta adi məişət səviyyəsində üzləşdikləri məsələləri söz azadlığının boğulması kimi qələmə verməyə çalışır, hüquqazidd əməllərini mətbuata təzyiq kimi pərdələməyə cəhd göstərirlər. Qəzet və ya jurnalistin məhkəməyə verilməsi tamamilə demokratik normadır və bu, mətbuata təzyiq kimi qiymətləndirilə bilməz. Danılmaz faktdır ki, bir sıra hallarda mətbuatda etik tələblərin pozulması, təhqir və şantaj, məqsədyönlü şəkildə yalan məlumatların yayılması kimi hallar baş verir. Amma buna görə 90-cı illərin əvvəllərində olduğu kimi, heç bir jurnalist döyülmür və ya heç bir redaksiyaya basqın edilmir. Ölkədəki demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan verir. Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir və əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq hər bir KİV-nin və jurnalistin hüquqları dövlət tərəfindən qorunur, o cümlədən ölkədə söz azadlığının olmadığını iddia edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində quran müxalifət mətbuatının. Azərbaycanda heç kim sərbəst düşüncəsinə görə təqib edilmir. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırmaqda azaddır. Bu mənada Azərbaycanda mətbuat azadlığının olmaması barədə xarici hesabatlarda yer alan fikirlər yalandan başqa bir şey deyil. Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, siyasi dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata çıxış imkanlarının məhdudlaşdırılmasına dair bir fakt belə göstərə bilməzlər. Odur ki, onların Azərbaycan mətbuatı ilə bağlı qənaətləri tamamilə obyektivlikdən uzaqdır. Bu cür yalanlar ənənəvi olaraq ölkəmizə qarşı həyata keçirilən antimilli kampaniyanın tərkib hissəsidir. Söz azadlığının pozulması ilə bağlı heç bir fakta əsaslanmadığına görə belə hesabatlar tamamilə qeyri-obyektiv mülahizələrdən ibarətdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR