Hüquqi islahatların yeni mərhələsi

Dövlətin insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atmış olduğu addımların məntiqi davamı

Artıq xeyli müddətdir ki, Azərbaycan köklü islahatlara start verib. Sevindirici hal ondan ibarətdir ki, bu islahatlar məhdud bir çərçivə deyil, geniş bir spektri əhatə edir.  Siyasi sahədən tutmuş iqtisadiyyata, idarəetmə sahəsindən hüquq sahəsinədək hər bir istiqamətləri əhatə edən bu islahatların təməlində isə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, eləcə də insan hüquq və azadlıqlarının daha təkmil səviyydə qorunması dayanır. Zaman-zaman qeyd edilən məqsədlərin həyata keçirilməsi istiqamətində qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar da məhz bu məqsədə xidmət edir.  Təsadüfi deyil ki, bütün bu müsbətyönümlü addımlardan dolayı 2017-ci ilin Azərbaycanda köklü islahatlar ili olacağı bildirilir.

Yuxarlda qeyd etdiyimiz kimi ölkədə həyata keçirilən məqaədyönlü tədbirlər, islahatlar hüquq sahəsindən də yan keçmir. Əsas məqsədi insan hüquq və azadlıqlarının daha təkmil səviyyədə qorunması olan bu islahatlar qeyd edilən sahə ilə məşğul olan müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, müsbət qiymətləndirilir.  Necə ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı kimi. Kifayət qədər geniş hüquqi sferanı əhatə edən bu sərəncam əslində indiyə qədər dövlətin insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atmış olduğu addımların məntiqi davamıdır. Eyni zamanda bu sərəncam zaman-zaman insan hüquq və azadlıqlarından yalnız sözdə bəhs edən, ondan təzyiq vasitəsi kimi istifadə edərək ayrı-ayrı ölkələri öz "qara siyahı"sına salan bəzi dövlət və beynəlxalq qurumlara bu islahatlartın əməli şəkildə həyata keçirilməsinin isbatıdır. İlk növbədə dövlət başçısının imzalamış olduğu bu sərəncam  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, təsdiqidir.  Bununla prezident İlham Əliyev bir daha təsdiq etmiş olur ki, ölkədə insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların təmin olunması onun üçün ən ali vəzifədir. İstər bu baxta qədər, istərsə də bundan sonra ölkədə həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi məhz ətəndaşların hüquq və azadlıqlarının qorunmasına hesablanıb. Sözügedən sərəncam həm də onu deməyə əsas verir ki, bir çox Avropa və Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda hətta həbsxana rejimində saxlanılan, müxtəlif cinayətlər törədərək məhkumluq həyatı yaşayan ayrı-ayrı vətəndaşlar da dövlətin, dövlət başçısının hər zaman diqqət mərkəzindədir. Prezidentin müntəzəm olaraq imzaladığı əfv fərmanları da bunun bariz nümunəsidir.

Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı isə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi sayıla bilər.

Bu bir reallıqdır ki, hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması günümüzün zərurətinə çevrilib. Eyni zamanda bu sahədə səmərəli idarəetmənin təşkili vacib elementlərdən biridir.  Həmçinin onu da qeyd etmək lazımdır ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur; ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır. Ən ciddi problemlərdən biri isə pondan ibarətdir ki, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaxın tariximizdə bu kimi mənfu tendensiyalar baş verib və bəzi şəxslər haqq etmədikləri halda müxtəlif cəzalara məhkum ediliblər. Nəticə etibarilə bu kimi ədalətsiz qərarlardan şikayət halları çoxalıb və hətta bəzi hallarda bu və ya digər məsələlər Avropa Məhkəməsinə qədər gedib çıxıb. Eyni zamanda zamanında müdaxilə, dövlət başçısının müntəzəm olaraq hüquq sistemi səlahiyətlilərinə verdiyi tapşırıq və tövsiyyələr nəticəsində bir çox məsələlər öz ədalətli həllini tapıb, kimlərinsə qərəzli, ədalətsiz mövqeyi səbəbindən bir neçə ilini həbsxana şəraitində keçirən insanlar öz azadlıqlarına qovuşublar.  Bəzi hallarda böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur ki, məlum sərəncam bu kimi mənfi halların aradan qaldırılması, eyni zamanda həmin cinayətlərə görə həbslərin dinamikası azalmasına yol açacaq. Ümumilikdə götürəndə, sözügedən sərəncam cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması. cəza siyasətinin humanistləşdirilməsi məqsədi daşıyır.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR