Bir daha məhəbbət haqqında

Dünyaca yaşı olan məhəbbət dünyanın özü kimi nə qocalar, nə köhnələr. Kainatda dünya adlı məkandan gəlib-gedənlərin ömrü az, sayı çoxdur. Hərə bir dövrdə öz ömür payını yaşasa da, müxtəlif dillərdə danışıb paylaşsa da, hamını birləşdirən ümumi dil var - MƏHƏBBƏT! Sevənlər üçün dil, din, irq, yaş fərqi heç vaxt aşılmaz sədd olmayıb. Məhəbbət kor olar, deyiblər. Məhəbbətsə onu görməyənləri, duymayanları kor adlandırıb həmişə. Hər aşiqin öz dövranı olduğu kimi, hər dövranın da öz aşiqi var. Elə aşiqlər də olub ki, ömrü əsrlərlə uzanıb, məhəbbəti dastanlar yaradıb, işıq salıb sevənlərin yoluna. Dəyişən dünyanın dəyişməz anlayışıdır məhəbbət. Bu qoca dünyada iki nəfərin yaratdığı, yaşatdığı yeni dünyadır məhəbbət. Bəzən dünyanın özündən böyük olsa belə, əslində iki sakinlik sakinlik özəl dünyadı məhəbbət. Kainatda insane nəfəsindən isinən daha bir dünya varsa, onun tək ünvanı sevdalı könüllərdir. Yer üzünün əşrəfi sayılan insanın özü kimi, ən böyük sənət əsərləri də sevgidən yaranıb. Bütün gözəlliklərin anası sevgidir. Məhəbbətin mənası yalnız vüsalda olmadığından sevilmədən yaşamaq olar, fəqət sevmədən yaşamaq mümkün deyil. Sevənlər üçün torpaq yoxdur, səma var. Gözə görünən maneə yoxdur, yalnız arzu-kama çatmaq üçün hədəf var. Nahaq yerə demirlər ki, sevənlərin ayağı yer tutmaz. Aşiqlərin xəyalları buludlardan yüksəklərdə pərvazlanar. Ulduz kəhkəşanında parlayan Zöhrə ona qəlbindəki bəxt ulduzunu xatırladar. Hər kəs işığı Günəşdən alar. Sevənlərin qəlbinin çırağını isə Ay alışdırar, yandırar. Şair deyər, məhəbbəti ən yaxşı vəsf edən qələmdir. Rəssam deyər, sevginin boyasız rəsmini kətan üzərində canlandıran fırçadır. Bəstəkar deyər, məhəbbəti göylərə ucaldan yeddi səsin sehrindən doğan nəğmələrdir. Məhəbbətsə cavab verər: "mən nə sözəm, nə rəngəm, nə səsəm. Mən sözlə, rənglə, səslə ifadəsi mümkün olmayan ilahi duyğuyam. Mən yaradanın səbəbiyəm, məqsədiyəm, nəticəsiyəm! Mən - məni görənlər üçün varam. Kimin qəlbində yuva saldımsa, onu bəxtiyar etdim. Şeir mənə deyil, mənim gücümlə yazılar. Mən varamsa, nəğmələr qoşular, mahnılar oxunar. Hər məmləkətdə bir bəhanə ilə ildə birgün - kimi qışda, kimi yayda sevənləri şad edərlər. Əslində nə qədər ki, ürəklərdə sevgi odu sönməyib, sevənlər üçün həyat bayramdır. Məhəbbət alovu man-qalda közərməz, məşəl tək yanar. Bu alovu dənizlərin fırtınasından, səhraların səmum yelindən, qı-şın çovğunundan, payığın leysanından qoruyub saxlayanlar, sonadək yaşatmağı bacaranlar, həqiqə-tən xoşbəxtdirlər. Dünya həqiqətən sevənlərindir!

Etibar Babayev

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR