Səs-küylü qətlin şahidinin səsini eşidən olacaqmı?

Nazir müşavirini toxunulmaz kim edir?

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan dustaq Rövşən Əhmədovun həyat yoldaşı mətbuata sensasion açıqlamalar verib. Xanım Əhmədova deyib ki, onun həyat yoldaşı R.Əhmədov 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ifadə vermək istəyir. Onun bildirdiyinə görə, R.Əhmadov bu qətlin təşkilatçılarının digər cinayət əməlləri ilə bağlı kifayət qədər bilgiyə malikdir. Elə buna görə də onu  Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüb orada öldürmək planı var. X.Əhmədovun iddiasına əsasən həyat yoldaşı Rövşən Əhmədov 2016-cı ilin apreli ayında Nəqliyyat Nazirliyində illərlə birgə çalışdığı yaxın qohumu Çingiz Baxşıyevin şikayət ərizəsi əsasında saxlanılıb. Onu Ç.Baxşıyevin 50 kiloqram qızılını oğurlamaqda ittiham ediblər. Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. X.Əhmədova vaxtilə Nəqliyyat Nazirliyində müşavir vəzifəsini tutmuş Çingiz Baxşıyevin onun həyat yoldaşını aradan götürmək istəyinin səbəbini belə izah edib: "O, ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir. Rövşəni Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürməsələr, Çingiz Baxşıyev əlaqələri vasitəsilə onu da zəhərlədib öldürəcək". Əslində X.Əhmədova həyat yoldaşının demək istədiyi məlumatları detallarına qədər olmasa da, ümumi halda açıqlayıb. İttihamın kifayət qədər ciddiliyini nəzərə alan hüquq mühafizə orqanları sadalanan faktları araşdırmaq üçün fəaliyyətə keçə bilərlər. Görünür Rail Rzayevin qətl məsələsi əlavə başağrısı olduğunu güman edərək sükutu pozmaq istəmirlər. Ancaq ən azından iddiada adı çəkilən  Çingiz Baxşıyevin fəaliyyəti araşdırıla bilər. Bunun üçün araşdırılmağa ehtiyac olan xeyli sayda açılmamış suallar mövcuddur. Məsələn, araşdırıla bilər ki,Ç.Baxşəliyev hansı əlaqələrdən istifadə edib dustağı istədiyi təcridxanaya köçürərək susdurmaq istəyir, keçmiş nazir müşaviri 50 kq qızılı hansı yolla əldə edib və sair. X.Əhmədovanın müraciətindəki detalları adi qaydada təhlil etdikdə məlum olur ki, söhbət mütəşəkkil cinayətkar dəstədən gedir. Əks halda, adi bir nazir müşaviri ordu generalını öldürmək üçün Orta Asiyadan killeri necə gərizdirə bilərdi? X.Əhmədovanın bildirdiyinə görə, Çingiz Baxşəliyev Rövşən Əhmədovu onun tapşırıqlarını icra etməkdən imtina etdikdən sonra öldürmək qərarına gəlib: "Rövşən onun  göstərişlərini yerinə yetirməkdən imtina etdi. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməmişdi. Rövşənin "Sərnişinnəqliyyat"dan aldığı aylıq "paket" maaşını kəsdirmişdi. Rövşən də gedib işdən çıxması haqda ərizə yazmışdı. Çingiz Baxşıyev bu haqda məlumat alandan sonra Rövşəni yanına çağırıb dilə tutmağa çalışdı ki, işə qayıtsın. Rövşənə demişdi ki, guya İranda Azərbaycanın Müdafiə Nazirliyi ilə iş qurur, onu da ora özünün nümayəndəsi kimi göndərəcək,  ayda da 500 min dollar əmək haqqı verəcək". Əslində bu faktın özü Ç.Baxşəliyevin hansısa qanunsuz fəaliyyətlə məşğul olduğunun göstəricisi kimi qəbul oluna bilər. Təsəvvür edin ki, bir nazirliyin işçisi xarici ölkədə başqa bir nazirliyin fəaliyyətini qurur, öz nümayəndəsinə də ağlasığmaz məbləğdə "əmək haqqı" təklif edir. Xatırladaq ki, belə bir təklif  R.Əhmədovun "qara qaşına" görə təklif edilə bilməzdi. Görünür bu təklifdə onun ağzını yummaq niyyəti olub. Təsadüfi deyil ki, elə bu təklifdən imtina olunduqdan iki gün sonra R.Əhmədov həbs edilib.  X.Əhmədova ölkə başçısına videomüraciətinin hazır olduğunu, özünün və həyat yoldaşının başına bir iş gələrsə, ölkə rəhbərliyinə, beynəlxalq təşkilatlara göndəriləcəyini də açıqlayıb: "Rövşənin Çingizin elə cinayətləri haqda bilgisi var ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə çatdırmaq istəyir. Onu DTX-nin təcridxanasına köçürsünlər, orada təhlükəsizliyinə təminat versinlər, o bütün bildiklərini danışmağa, deməyə hazırdır. Çingiz Baxşıyev bu gün vaxtilə Rövşənə gördürtdüyü işləri öz kürəkəni Mübariz Ələkbərova gördürür. "Comfort taksi"dən bahalı "BMW", "Audi" götürürlər, Salyan yolundakı xüsusi məntəqəyə,  Quba yolundakı xüsusi məntəqəyə, Astaradakı yerlərə gedib maşına yükü vurub Bakıya gətirirlər. Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar. Rövşən bunları bildiyi üçün onu aradan götürmək istəyir. Rail Rzayevin qətli də bu işlərə görədir. Rail Rzayev də, Çingiz Baxşıyev də, başqa bir general da Salyandandırlar. Bir-birilərini tanıyıblar, münasibətləri olub. Bu qətl elə-belə törədilməyib".  X.Əhmədova bu açıqlaması ilə hətta qanunsuz fəaliyyətin   trayektoruyasını cızıb, konkret ünvanlar göstərib. Özü də söhbət iri həcmli cinayət əməlindən gedir ki, artıq "cidanı çuvalda gizlətmək olmaz". Çünki məsələ kifayət qədər ictimailəşib. Belə məlum olur ki, R.Əhmədov Çingiz Baxşəliyevin tapşırıqlarını icra etdiyindən onun cinayət əməlləri barədə kifayət qədər bilgiyə malikdir. Düzdür, bu bilgilər R.Əhmədovu etdiyi qanunsuz əməllərə görə cəzadan azad etmir, ancaq hər halda onun dinlənilməsi bir çox qaranlıq mətləblərə aydınlıq gətirə bilər. Əks halda mütəşəkkil cinayətkar dəstə qanunsuz əməlllər törətməkdə davam edəcək. İndi maraqlı suallardan biri ondan ibarətdir ki, öz çirkin əməllərinə müxtəlif insanları cəlb edən şəxs necə olur ki, nazirlikdə yüksək vəzifəyə yiyələnə bilir, üstəlik cinayətkar dəstənin təşkilatçısı qismində fəaliyyət göstərir? O da nəzərə alınmalıdır ki, sözügedən məsələ bitməmiş çinayət hesab olunduğundan onun qarşısını almaq hüquq mühafizə orqanlarının vəzifə borcudur.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR