Bəzi “işbazlar”  coğrafi göstərici qismində “Naxçıvan” adından qeyri-qanuni istifadə etməklə kontrafakt məhsullar istehsal edirlər

Muxtar respublikada əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü sosial-iqtisadi islahatların səmərəli nəticəsi kimi qida təhlükəsizliyinin təmin olunması, ixracyönümlü və daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının xüsusi çəkisinin artırılması, bu sahədə geniş məşğulluq imkanlarının yaradılması üzrə sosial rifahın daha da yaxşılaşdırılması istiqamətlərində ciddi uğurlar əldə edilib.

Həyata keçirilən islahatların mühüm bir istiqaməti qida məhsullarının keyfiyyətinin davamlı olaraq yüksəldilməsindən ibarətdir. Qida istehsalı üzrə ixtisaslaşmış təsərrüfat subyektlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, bu sahədə texniki, innovasiya, logistika və marketinq dəstəyinin ardıcıl olaraq gücləndirilməsi, güzəştli kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, orqanik məhsul istehsalının səmərəli təşviqi fonunda geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması, son nəticədə, geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksəkkeyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb.

Lakin bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla yerli istehsalçıların narahatlığına və istehlakçıların yanıldılmasına səbəb olur. Bunlarla bağlı  Naxçıvan Muxtar Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən serqqapısı.az-a məlumat verilib. Məlumatda deyilir  ki,  son vaxtlar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Sabir küçəsi 8a ünvanında yerləşən "Al-Sana" MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu, Xırdalan şəhəri, akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən "Zəhmət-Ruzi" MMC-nin istehsal etdiyi "Sab" markalı süd məhsullarında coğrafi göstərici qismində "Naxçıvan" sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən ünvanımıza müraciət daxil olub.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.

Məsələ ilə bağlı komitə tərəfindən daxili bazarda aparılan araşdırmalar zamanı müəyyən olunub ki, həqiqətən də "Al-Sana" və "Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli cəmiyyətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan" adı ilə markalanıb. Bu qanunazidd əməl, ilk növbədə, məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlarımız uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər.

İstehlakçıların və sahibkarların nəzərinə çatdırılır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.

Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.

Bu mövzuda hazırlanmış geniş material "Şərq qapısı" qəzetinin növbəti nömrələrində dərc olunacaqdır.

Aşkar olunmuş kontrafakt məhsulların şəkillərini təqdim edirik:

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR