“Tikinti sektorunda on minlərlə yeni iş yeri yaradılacaq”

"İnşaat sektorunun inkişafı bütün bölgələrdə nəzərdə tutulmalıdır"
 

Azərbaycanda inşaat sektorunun inkişafı vətəndaşlara məzilə sahib olmaq imkanı yaratmaqla yanaşı, həm də məşğulluq probleminin həllinə təkan verəcək. Bu isə o deməkdir ki, ölkənin sənaye sahəsinin inkişafı əhalinin rifah halının yüksəlməsini təmin edəcək. Məhz bu amillər nəzərə alınaraq respublikanın bütün bölgələrində inşaat sektorunun inkiçafı nəzərdə tutulub. Bu məqsədlə reallaşdırılan layihələrin miqyasının geniş olduğu nəzərə alınaraq sahibkarlar da sözügedən prosesə cəlb olunublar. Sirr deyil ki, Azərbaycan vətəndaşlarının mənzilə sahib olmaları üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif təbəqələrinin ipoteka krediti ilə mənzil əldə etmək imkanı qazanmalarının ardınca sosial evlər layihəsinin icrasına başlanılıb. Artıq Prezident İlham Əliyevin iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. Açılış mərasimində dövlət başçısı ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini açıqlayıb: " Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik. Müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə, şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər". Məlumata görə, bu layihə çərçivəsində 29 bina tikiləcək. Ancaq, bu son deyil, prosesin bütün ölkə üzrə davam etdirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, evlərin adi vətəndaşlar üçün əlçatan olmaları istiqamətində fəaliyyət davam etdirləcək. Artıq bu fəaliyyət genişləndirilərək köhnəlmiş mənzil fondunun yerində də müasir binaların tikintisinə start verilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, inşaat sektorunun inkişafı bütün bölgələrdə nəzərdə tutulmalıdır: "Biz özümüzü hansı inşaat materialları ilə təmin edə bilmiriksə, o sahələr yaradılmalıdır. Təkcə sadalanan layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq". Məlumdur ki, tikinti sektorunun inkişafı həm də yeni infrastrukturun yaradılması deməkdir. Sözssüz ki, sözügedən infrastruktur layihələr pərakəndə halda deyil, şəhər və rayonların estetik görünüşü nəzərə alınaraq nizamlı şəkildə həyata keçiriləcək. Təsadüfi deyil ki, dövlət başçısı diqqətə çatdırıb ki, Bakı qanunsuz tikililərdən təmizlənəcək: "Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək". 
Ekspertlər hesab edirlər ki, ölkədə inşaat sektorunun inkişafı eyni zamanda ölkənin sosial-iqtisadi inkişafına hesablanıb. Yəni, bu layihə zahirən sosialyönümlü olsa da, eyni zamanda iqtisadi inkişaga xidmət edir. Daha doğrusu, iayihənin icrası ilə həm ölkənin inşaat sektoru dirçələcək, daxili istehsal artacaq, həm yeni iş yerləri açılacaq, həm də vətəndaşlar daha sərfəli şərtlərlə mənzilə sahib ola biləcəklər. Dövlət başçısının təbiri ilə desək, bu layihələrin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq. Üstəlik aztəminatlı ailələr güzəştli şərtlərlə mənzilə sahib ola biləcəklər. Mənzil İnşaatı Dövlət Agentliyinin açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır: "Biz təklif edirik ki, yalnız sosial ipoteka ala bilənlər deyil, əhalinin digər aztəminatlı təbəqəsi, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil ala bilməyənlər, yeni ailə quran gənclər də bu fürsətdən faydalana bilsinlər. Hələlik MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillər sosial ipotekadan faydalanmaq hüququ olan vətəndaşlarımıza təklif ediləcək. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən də istifadə olunacaq". Mütəxəssislərin qənaətinə görə, sosial mənzillərin müddətinin sosial ipotekanın müddətinə uyğun olacağı gözlənilir ki, bu da əhalinin aztəminatlı ailələri üçün əlavə imkan yaradır. Həçinin güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq yalnız güzəştli təbəqəyə şamil olunmayacaq. Bu isə o deməkdir ki, prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün Azərbaycan vətəndaşlarının maraqlarına uyğundur.

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR