Zəlimxan Yaqubsuz bir il...

Şairin məzarüstü abidəsinin açılışı olub

Azərbaycan xalq şairi Zəlimxan Yaqubun vəfatından bir il ötür... Bu gün Fəxri Xiyabanda mərhum şairin məzarüstü abidəsinin açılışı oldu. "Olaylar" bildirir ki, mərasim Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutdu. Mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkilləri Rəfael Hüseynov, Qənirə Paşayeva, Aqil Abbas, Nizami Cəfərov, Yunus Oğuz, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərəmov və şairin ailə üzvləri iştirak edirdilər. Həmçinin mərasimdə Cənubi Azərbaycandan olan yazarlar da iştirak edirdilər.

Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışdı. "Böyük şairimiz  Zəlimxan Yaqub abidəyə çevrilərək  yenidən bu millətə qayıtdı. Əslində, Zəlimxan Yaqub hər şeri ilə, dillərdə yaşayan hər misrası ilə, nəşr olunan hər yeni kitabı ilə hər dəfə millətə qayıdır. Amma abidə olaraq millətinə qayıtmasının bir başqa rəmzi mənası var.

66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, Azərbaycan tarixində daimi yaşanacaq.

Azərbaycanda Bakı şəhərində şairə ucaldılan ilk abidə 1922 - ci ildə dahi Mirzə Ələkbər Sabirə yüksəldilən abidə idi. O zamandan bu günə qədər sıra - sıra şairlərimizə abidələr yüksəldilir. Abidələr o şairlərə yüksəldilir ki, o şairlərin özləri də abidə olsun, sözləri də abidə olsun. Zalimxan yaqub yaratdıqları ilə Azərbaycanın, Türk dünyasının, Müsəlman şərqinin və dünya insanının ruh dünyasını ifadə edən əsərləri ilə elə abidələr yaradıb ki, o abidələri söz yadigarları onu həmişə yaşadacaq, yenidən millətə qaytaracaq, yenidən insanlara qaytaracaq" - deyə Rəfael Hüseynov bildirdi.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-dan ömürünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri işləyib.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Daha sonra Qəzənfər Paşayev, Nizami Cəfərov çıxış edərək Zəlimxan Yaqubun Azərbaycan  ədəbiyyatında mühüm xidmətlərindən danışdılar. Sonda şairin oğlu Bəhlul mərasimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.

Qeyd edək ki, xalq şairinin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR