Fransua Fiyon: “Avropa müstəqilliyini çoxdan itirib”

Avropa İttifaqının ayrı-ayrı institutları tərəfindən Azərbaycana qarşı yönələn qarayaxma, yalan kampaniyasının sifarişli şəkildə həyata keçirildiyini sübut etmək üçün xüsusi canfəşanlıq etməyə ehtiyac yoxdur. Çünki Avropa institutları son illərdə ortaya qoyduqları mövqe ilə müstəqil olmadıqlarını və okeanın o tayından gələn sifarişləri yerinə yetirdiklərini təsdiqləyiblər. Dünyaya demokratiya dərsi keçən Qərb dövlətləri və institutları Vaşinqtonun ssenarisi əsasında baş tutan "narıncı inqilablar"ın xalqlara və dövlətlərə gətirdiyi faciələri görmək istəmirlər.

"Jurnalist təşkilatlarına və QHT-lərə müraciət edən "İFEX" adlı təşkilat Qarabağın Ermənistan tərəfindən işğal edilməsi, yüz minlərlə insanın ən təbii hüquqlarından məhrum olması ilə bağlı niyə müraciət etmir?"

Bu fikri təkcə biz demirik. Avropanın qocaman, təcrübəli siyasətçiləri də bunu açıq şəkildə etiraf edirlər. Rusiyanın "Vzqlyad" nəşri Fransa mətbuatına istinadən maraqlı bir yazı təqdim edib. Həmin yazıda qeyd edilir ki, Fransanın keçmiş baş naziri, qocaman siyasətçi Fransua Fiyon qeyd edib ki, ABŞ Avropadan öz maraqları üçün istifadə edir. Keçmiş alman və ya italyan siyasətçilər də ABŞ-ın Avropa üzərindəki hökmranlığı ilə bağlı açıq ittiham səsləndirirlər. Burada fərq ondadır ki, Fiyon aktiv siyasətdədir və hazırda Fransa "Xalq hərəkatı üçün ittifaq"ın liderlərindən biridir. Bu hərəkat 2017-ci il prezident seçkilərində iştirak etməyə hazırlaşır. Cənab Fiyon açıq şəkildə bildirir ki, Avropa dövlətləri və institutları ABŞ-ın maraqlarına işləyir: "Avropa müstəqilliyini çoxdan itirib. Birləşmiş Ştatlar bizi Rusiya ilə səlib müharibəsinə sürükləyir, hansı ki, bu, bizim maraqlarımıza uyğun deyil.

Aleksey Muxin: "ABŞ-ın "demokratiya ixracı" tipli siyasəti regionlarda sabitliyi pozmağa hesablanıb və bunun Ukraynada yaşanmasının şahidi oluruq. Bunun nəticəsidir ki, indi ukraynalılar avromaydanda vəd edilən "demokratyia cənnəti"ndən qaçırlar"

ABŞ Almaniyaya təzyiq edir ki, Yunanıstan məsələsində Afinaya güzəştə getsin. Alman kəşfiyyatından Fransaya qarşı istifadə edir, amma Almaniyanın yox, ABŞ-ın maraqları üçün. ABŞ-ın məhkəmə orqanları tez-tez Avropa məhkəmə orqanlarının işinə müdaxilə edir. Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi siyasət Avropanın maraqlarına ziddir. Həmin siyasət Avropa üçün çox təhlükəli olsa da qitə dövlətləri onunla razılaşırlar". Keçmiş baş nazir ABŞ-la Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan Transatlantik ticarət sazişinə də qarşı olduğunu bildirib: "Avropa dövlətləri suverenliklərini itiriblər. ABŞ Avropa İttifaqı institutlarından öz maraqları üçün istifadə edir". ABŞ-ın əlində oyuncaq olan Avropa dövlətləri Vaşinqtonun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi siyasətin cəzasını çəkir. Birləşmiş Ştatların "narıncı inqilab"" həyata keçirərək qarışdırdığı dövlətlər bu gün xaosun, vətəndaş müharibəsinin pəncəsindən qurtula bilmir. Həmin dövlətlərin vətəndaşları axın-axın ölkələrindən qaçaraq Avropaya üz tuturlar.

"Biz indiyə qədər Avropa Parlamentinin 1 milyona yaxın Azərbaycan vətəndaşının hüquqlarının Ermənistan tərəfindən pozulması ilə bağlı dinləmə keçirməsinin şahidi olmamışıq. Əgər Avropa Parlamenti demokratiyanı, insan hüquqlarının müdafiəsini prioritet hesab edirsə, onda nəyə görə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dinləmə keçirmir?"

"Vzqlyad" yazır ki, Avropa ABŞ-ın Liviya, Ukrayna kimi ölkələrə "demokratiya ixracı"nın "bəhrəsini" indi görür. Qeyd edilir ki, Litva Avropaya pənah gətirmiş Afrika qaçqınlarının 250-sini qəbul etməyə razılıq verib. "Deutsche Welle" nəşri yazır ki, "yeni demokratiya ölkəsi" olan Ukraynadan da əhali qaçmağa başlayıb. Təkcə may ayında Ukraynadan Almaniyaya 500 nəfərdən çox şəxs gedib. Aprel ayında 460, martda 395, fevralda 340 ukraynalı qaçqın statusu almaq üçün Almaniyaya müraciət edib. Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin bildirib ki, Avropa demokratiya ixracının əziyyətini çəkir: "ABŞ-ın "demokratiya ixracı" tipli siyasəti regionlarda sabitliyi pozmağa hesablanıb və bunun Ukraynada yaşanmasının şahidi oluruq. Bunun nəticəsidir ki, indi ukraynalılar avromaydanda vəd edilən "demokratyia cənnəti"ndən qaçırlar".


Anar Miriyev

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR