20 Yanvar qələbəsi

1990-cı ilin 20 yanvarında Sovet İmperiyası tərəfindən Bakıda törədilən qətliamdan 25 il ötür. Bu hadisəyə müxtəlif prizmadan baxılır. Rəsmi olaraq da Milli Hüzn günü kimi qeyd olunur. 25 ildir xalq 20 yanvar günü Xiyabana gedir, tər qərənfillər şəhidlərin məzarını bəzəyir. Tarixini, qəhrəmanlarını unutmur. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov qeyd edib ki, dövlət də bu tarixin yaşaması, Prezident Administrasiyası Azərbaycan xalqının qəhrəmanlığının gənc nəsilə çatdırılması üçün tədbirlərin keçirilməsini təmin edir, müxtəlif ictimai-siyasi tədbirlər keçirilir, bütün səviyyələrdə xüsusi qeyd edilir: "Amma təəssüfləndirici odur ki, 20 yanvar 25 ildir hüzn kimi qeyd edilir. Əslində 20 yanvar hüzn günü deyil, Azərbaycanın, xalqın, şəhidlərin qələbə Günüdür. 20 yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin ilk qələbəsidir. Xalq olaraq, dövlət olaraq məhz o gün qalib gəldik. Ölümdən qorxmamaqla. Azadlığın şirinliyini o gün daha çox hiss etdik. Müstəqillik, azadlıq havası o gündən Azərbaycana tam hakim kəsildi. Məhz o gün Azərbaycan xalqı da, Sovet imperiyası aydın dərk etdi ki, bu AZADLIQ eşqi dönməyəcək. Milli Azadlıq Hərəkatı o gündən yeni bir dönəmə daxil oldu". Azərbaycan siyasətçiləri, liderləri və xalqı müstəqillik davasında birgə mübarizəyə başladılar. 22 yanvarda şəhidlərin dəfnində o izdiham daha bir qələbə idi. Şeyx Allahşükür Paşazadənin mübarizliyi, AXC liderlərinin qorxmazlığı, Etibar Məmmədovun dünya mətbuatı üçün Moskvada keçirdiyi konfrans, Heydər Əliyevin Moskvadan bütün dünyaya səslənməsi qələbənin labüd olacağını göstərirdi və o qələbə qazanıldı, Azərbaycan müstəqil oldu. O gün imperiya ordusunun gülləsinə tuş gələnlər Azərbaycan xalqının qəhrəmanlarıdır. Babək, Xətai, Koroğlu, Qaçaq Nəbi, Məmmədəmin Rəsulzadə, Nəsibbəy Yusifbəyli, Fətəli xan Xoylu kimi. Babək işğalçı ərəb ordusuna qarşı mübarizə aparırdısa, Koroğlu qaniçən hakimlərlə döyüşürdüsə, Qaçaq Nəbi əzilən xalqın hüquqlarını öz gücünə bərpa edirdisə, Rəsulzadə, Yusifbəyli, Fətəli xan Azərbaycanın müstəqilliyi uğunda ağ-qırmızılarla, daşnaklarla, ingilislərlə necə vuruşurdularsa, 20 yanvarda şəhid olan, yaralanan bu qəhramanlar da əliyalın, dinc yolla, etirazla Azərbaycanın işğalına qarşı çıxırdılar, xalqdan uzaq kommunist hakimiyyətini istefaya getməyə çağırırdılar, milləti əlindən alınmış ən ali hüquqa- azadlıq hüquqna qovuşdurmaq istəyirdilər: "20 Yanvar bizim qürur yerimiz, millətimizin qəhrəmanlıq tarixidir. Qəhrəmanlıq tarixləri təkcə hüzn günü olmur, həm də Qələbə günü kimi qeyd edilir. 20 yanvarda televiziyalarda, digər ictimai yerlərdə təkcə Kamil Cəlilovun yanğıli ifasını, kamanın naləsini eşitməklə yox, həm də ruhumuzu coşduran, bizi yeni qələbələrə səsləyən, Qarabağı azad edəcək marşları eşitməliyik..."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR