Binəqədidə Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edilib
28 Aprel 2015 14:18 SosialBinəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Belçika parlamentinin senatoru Gülər Turan, və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Millət vəkili Məlahət İbrahimqızı çıxışında Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib. Daha sonra tədbir 276 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.