Ağcabədidə Xalq qəhrəmanı Sultan bəyin 140 illiyi qeyd edilib

Bu gün Ağcabədidə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun təşəbbüsü ilə Azərbaycanın xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi keçirilib. Bu barədə "OLAYLAR" Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib. Rayonun Taktakörpü adlanan ərazisində baş tutan tədbirdə Laçın, Ağcabədi, Kəlbəcər və Xocavəndin ziyalıları, qaçqın və məcburi köçkünləri iştirak edib. Yaqub Mahmudovun dediyinə görə, tədbirdə Sultan bəylə bağlı film nümayiş olunub, xalq qəhrəmanının igidliyi ilə bağlı kadrlar yayımlanıb. Tədbirdə həmçinin Şikar Qasımovun müəllifi olduğu "Sultan bəy" kitabının təqdimat mərasimi də olub. Kitabda bir çox tarixi-elmi axtarışlar əksini tapıb, faktlar dərc edilib. Kitabdakı faktlar ciddi arxiv sənədlərə əsaslanır. Kitabda Sultan bəyin Bakı quberniyasında soyqırımlar törətməyə çalışan ŞAumyanla Andranikin görüşünün qarşısını alması faktı, Azərbaycanda soyqırım törətməyə cəhd edən Andranikin 30 minlik cinayətkar dəstəsinin qarşısının Sultan bəy tərəfindən alınması, həmin dəstənin məhv edilməsi  xüsusi olaraq təqdim edilib.
Tədbirin əhəmiyyətindən danışan Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı hər zaman qırğına, soyqırıma məruz qalan xalq olmayıb, xalqımızın həmişə igid, qəhrəman oğulları olub və onlar dar gündə həmişə xalqı müdafiə ediblər: "Fikrimcə, gələcəkdə biz bu soyqırımlardan bəhs edərkən sadəcə məhv olmanı deyib pessimistlik yaratmamalıyıq. Xalqın bu cür qəhrəmanlıq salnaməsinə çevrilən igidləri barədə məlumatları çatdırmalıyıq. İnsanlarda, xalqda nikbinlik, qəhrəmanlıq əhval-ruhiyyəsi yaratmalıyıq. Bu baxımdan da erməni soyqırımına qarşı mübarizə tarixində ən şanlı səhifələri bizim xalqımız yazıb. Azərbaycan Xalq Cümhuriyyətini biz yaratmışıq, Naxçıvanda Araz-Türk Cümhuriyyətini, Qarsda Qars Cümhuriyyətini biz yaratmışıq və Sultan bəy kimi qəhrəman övladlarımız bu mübarizədə əliyalın xalqımızı tələf olmaqdan qurtarıb. Biz ermənilərlə informasiya mübarizəsində bu faktlara üstünlük verməliyik. Bu baxımdan bu günki tədbiri çox mühüm bir addım kimi qiymətləndirirəm. Bu tədbirin keçirilməsində Laçın, Kəlbəcər, Ağcabədi ziyalılarının, AMEA-nın Tarix İnstitutunun əməkdaşlarının mühüm rolu olub və bu tədbiri biz cəbhə bölgəsində keçirməliyik". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR