Qurtuluş Günü-Müasir Azərbaycanın inkişafının başlandığı tarix

1991-ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqillik qazansa da, həmin dövrdə ölkəmizin belə bir siyasi iradə nümayiş etdirməsi bir sıra xarici dairələr və onların daxildəki əlaltılarını qane etmirdi. Həmin qüvvələrin xaricin dəstəyi ilə fəallaşması və tədricən ölkənin siyasi həyatına müdaxilə etmələri onsuz da ağır olan Azərbaycanda vəziyyəti bir qədər də gərginləşdirirdi. Digər bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə rəvac verən addımları da getdikcə ölkəni idarəolunmaz vəziyyətə gətirirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin vəziyyətdən çıxış yolu tapa bilməmələri və idarəçilik bacarıqlarının zəifliyi Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələrin işinə yarayırdı. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti yoluna qoymaqdan daha çox, prosesləri gərginləşdirməyə rəvac verirdi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi xalqın təkidli tələbi ilə həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Uzun sürən müzakirələr və xalqın kütləvi şəkildə Heydər Əliyevə göndərdiyi müraciətlərdən sonra ümummilli lider Bakıya qayıdaraq çiyinlərini bir daha ağır bir yükün altına verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi dəstəklədi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq 20 ildir ki, xalq bu günü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir.

Heydər Əliyevin Bakıya qayıdışı ilə bütün bu məsələləri, problemləri aradan qaldırmağa təkan verən yeganə amil xalqın inamının özünə qayıdışı oldu. Məhz o inam hər şeyi həll etdi

Həmin dövrdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə tənəzzülün qarşısı alındı, Azərbaycanın inkişafını təmin edən böyük addımlar atıldı. Heydər Əliyev qısa bir müddətdə bütün qüvvələri səfərbər edərək Azərbaycanı təhdid edən təhlükələrin aradan qaldırılmasına nail oldu. O dövrdə ümummilli liderin qarşısında duran əsas başlıca məqsədlər məhz bunlar idi. Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixinin başlanğıcı məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından hesablanır. Bunun əyani sübutu kimi ötən 20 il ərzində Heydər Əliyev siyasəti nəticəsində ölkəmizin yüksək inkişaf etdiyini göstərmək olar, Bir qədər də konkretləşdirsək Heydər Əliyev tarixi qayıdışı ilə Yeni Azərbaycanın qurulmasına nail oldu.

Bu günlərdə 20-ci ildönümü qeyd edilən Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən yadda qalan hadisələrdən sayılır. Çünki Qurtuluş Günündən keçən 20 il ərzində Azərbaycan çoxlarının xəyal edə bilməyəcəyi dərəcədə inkişaf edib, dünya birliyinin bir parçasına çevrilib. 1992-ci ildə Heydər Əliyev tərəfindən başlanılan bu siyasət 2003-cü ildən etibarən ümummilli liderin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 10 il ərzində ölkəmiziin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizin Cənubi Qafqaz regionunun liderinə çevrilməsi, dünya birliyində söz sahibi olması deyilənləri təsdiqləyir. Məhz bu amilləri nəzərə alaraq bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. Həmçinin bu inamın uğurlu nəticəsidir ki, ölkəmizin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin növbəti beş il üçün də prezident kimi namizədliyini dəstəkləyir. Eyni zamanda böyük inam hissi ilə yaşayır ki, İlham Əliyev yenidən ölkə prezidenti seçilərək Azərbaycanın daha yeni-yeni uğurlara imza atmasına yol açacaq. Bu həm də onun bariz nümunəsidir ki, Azərbaycan bütövlükdə Heydər Əliyev yoluna, Heydər Əliyevin irəli sürdüyü namizədə və Heydər Əliyevin Azərbaycan xalqına əmanətinə sadiqdir.

 

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR