Azərbaycanın bu günkü inkişafının səbəbkarı -TƏHLİL

Müstəqil Azərbaycanın qurucusu, ölkəmizin bu günkü inkişafının bünövrəsini qoyan ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur.  1969-cu ildən respublikaya rəhbərlik edən ümummilli lider siyasi fəaliyyəti boyunca Azərbaycanın inkişafı, tərəqqisi istiqamətində çalışıb, yorulmadan davamlı və sistemli işlər görüb. İstər siyasi, istər iqtisadi, istər sosial, istərsə də humanitar sahələrdə Azərbaycanın adını zirvələrə yazan ümummilli lider hələ sovetlər zamanında bütün bu qeyd etdiklərimizə nail olmuşdu. Baxmayaraq ki, ümummilli liderin həmin illərdə atdığı addımlar, gələcək Azərbaycanın inkişafına hesablanmış gedişləri mərkəzin, SSRİ rəhbərliyinin maraqlarına zidd idi, ancaq buna rəğmən Heydər Əliyev qətiyyəti, siyasi iradəsi qalib gəlir, vətənin, ölkənin tərəqqisi istiqamətində atdığı addımlar davamlı xarakter daşıyırdı. 

Heydər Əliyevin sovetlərin zamanında ölkəyə rəhbərlik etdiyi illərdə hər bir sahə kimi kənd təsərrüfatı da inkişaf edirdi. Bunun nəticəsi idi ki,  kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,6 dəfə, üzüm istehsalı 4,6 dəfə, tərəvəz və tütün istehsalı 2,3 dəfə, meyvə istehsalı 4,4 dəfə, çay yarpağı istehsalı 2,2 dəfədən çox artmışdı. Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Qısa zaman ərzində görülən işlər və Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyevin böyük şəxsiyyət və xilaskar obrazını yaratdı.

1969-cu ildən etibarən  Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdu. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşdı. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yarandı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail oldu, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etdi. Məhz ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, "qara qızıl"ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdu. Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin mühüm bir mərhələsini də müstəqillik illəri əhatə edir.  Belə ki, Heydər Əliyevin1993-cü ildə yenidən hakimiyyətə qayıdışı hər bir sahədə uğura, inkişafa səbəb oldu. Zamanında Onun rəhbərliyi ilə başlanılmış, lakin yarımçıq qalmış obyektlərin yenidən tikintisinə başlanıldı.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətləri bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir.

Cənab İlham Əliyevin rəhbərliyi altında son 16 il ərzində ölkəmiz böyük və şərəfli inkişaf yolu keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. İqtisadiyyatımızın aparıcı sahələrindən biri olan meliorasiya və su təsərrüfatı sistemi qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilib.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR