Xalqa həsr edilən ömür -MÜNASİBƏT

Bütün həyatını Azərbaycan xalqına, onun xoşbəxt gələcəyinə sərf edən, bu yolda yorulmadan çalışan, fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 ili tamam olur. 1969-cu ildən etibarən mərhələli şəkildə iki dəfə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin ölkənin bütün istiqamətlərdə inkişafında əvəzsiz xidmətləri olub. Elə bir sahə yoxdur ki, onun inkişafı ümummilli lider Heydər Əliyevlə bağlı olmasın. Elə Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə də belə düşünür. Onun sözlərinə görə, bəşər tarixində öz xalqının mədəniyyət və mənəviyyatı ilə sıx bağlı olan, əsl ümumxalq sevgisi qazanmış ən böyük şəxsiyyətlərdən biri, zəmanəmizin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevdir.  Böyük rəhbərin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda,1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyini deyən Səhmdar Cəmiyyət rəhbəri qeyd edib ki, həmin tarix ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi və bu tarix hər bir azərbaycanlı üçün qürur tarixidir: "Tarixdə Heydər Əliyev kimi millətin liderinə çevrilmiş, hamının ümid, pənah yeri olmuş rəhbərlər tək-təkdir. Ümummilli liderimiz Heydər Əliyev öz ölkəsinin hüdudlarından çıxaraq, dünyanın ən böyük siyasətçilərindən birinə çevrilmişdir. O, bir qəhrəman ömrü yaşadı, canlı əfsanəyə döndü. Tanrının verdiyi ömür payını son anınadək xalqına həsr etdi. Elə ömür yaşadı ki, dövlətin, xalqın mənafeyi özünün şəxsi maraqlarının fövqündə durdu. Vətənin abadlığı, uşaqların səadəti, həyatın firavanlığı onun ən böyük arzusu oldu.  Belə bir həyat və fəaliyyət Azərbaycan xalqının xoş alın yazısı, taleyin töhfəsidir. Heydər Əliyev bu xalqın milli sərvətidir. Elə bir sərvətidir ki, peşəsindən, yaşından asılı olmayaraq bütün insanlar ondan faydalanırlar. Bu, dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Və nə qədər Azərbaycan xalqı var, zaman dəyişdikcə gələn hər yeni nəslə bu sərvətdən pay düşəcək". Əhməd Əhmədzadə qeyd edib ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi: "1970-ci illərədək Azərbaycan keçmiş xammal istehsalçısı olan bir respublika sayılırdı. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ölkədə hər şey kökündən dəyişməyə başladı. O, ilk növbədə respublika sənayəsində, kənd təsərrüfatında yeni istehsal sahələrinə və bu sahələrdə çalışan çoxsaylı mütəxəssislər hazırlanmasına diqqət yetirirdi. Onun hakimiyyəti dövründə neft sənayesi tamamilə yenidən quruldu, xalqın maddi rifah halı yüksəlməyə başladı. Belə ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında" (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" (1975-ci il), "1976-1980-cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1976-cı il) və "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. İttifaq dövründə belə qərarların qəbul edilməsinə ancaq Heydər Əliyev nail ola bilərdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu. Heydər Əliyev şəxsiyyətinin gücü bunda idi ki, o, cəmiyyətdə gedən proseslərdə ölkədə baş verən hadisələrdən dərhal xəbər tutub öz münasibətini bildirirdi. Əhali ilə ünsiyyət qurub xalqın həyatına daha yaxın olurdu. Ayrı-ayrı bölgələrə səfərləri zamanı onun kənd əhalisi ilə söhbətlərini unutmaq olarmı? Təcrübəli siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini möhkəmləndirən qüdrətli şəxsiyyət kimi öz fəaliyyəti ilə tariximizdə mühüm mərhələ təşkil edir". Səhmdar Cəmiyyət rəhbəri həmin illəri xatırlayaraq qeyd edib ki, Heydər Əliyev hər bir sahə ilə maraqlanar, ortaya çıxan problemləri yoluna qoyardı:  "Elə götürək, meliorasiya və irriqasiya sahəsini. Ölkəmizdə bu sahəyə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onun geniş miqyaslı inkişafı Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969 -1982-ci illərə təsadüf edir. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz su anbarı elektrik stansiyası ilə birlikdə, Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də Qaraçuq və Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri, Sərsəng su anbarı, Madagiz su anbarı, Arpaçay üzərində Arpaçay su anbarı, Sirab su anbarı, Aşağı Köndələnçay su anbarı, Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası, Tərtərçay magistral kanalları və digər obyektlər tikilib istismara verildi. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdı. Bu tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR