İşğalçı ölkədən beynəlxalq təşkilatlara hörmətsizlik

İrəvan dünya birliyinin gözünün içinə baxa-baxa beynəlxalq hüquq və normalara da qarşı çıxır, onları tapdalayır

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallığın artdığı bir ərəfədə təmas xəttində də diqqət çəkən proseslər müşahidə edilməkdədir. Əsas diqqətin bir neçə gün əvvəl okeanın o tayında baş tutan Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünə yönəldiyi bir vaxtda İrəvan yenə də öz ənənəsinə sadiq qalaraq təmas xəttində gərginlik yaratmağa, sülh prosesinə mane olmağa yönəlik fəaliyyətlər sərgilədi.  Görüşdən əvvəl qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində öldürülməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməsi və Ermənistan müdafiə nazirinin bu qətli törətmiş hərbi qulluqçuya medal verməsi göstərir ki, işğalçı hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək və danışıqlar prosesini pozmaq siyasəti yürüdür.

Dünyanın gözü qarşısında baş verən və açıqca işğalçı  ölkənin müdafiə naziri tərəfindənb ortaya qoyulan bu mövqe ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə və bütün beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir desək yanılmarıq.

Digər tərəfdən İrəvan dünya birliyinin gözünün içinə baxa-baxa beynəlxalq hüquq və normalara da qarşı çıxır, onları tapdalayır. Qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı iddialarının puça çıxmasından sonra Ermənistan tərəfi mahiyyətli danışıqlardan yayınmaq üçün yeni texniki elementləri danışıqların gündəliyinə gətirməyə cəhd göstərir. Bunların sırasına keçmiş prezident Serj Sarkisyan və sabiq xarici işlər naiziri  Edvard Nalbəndyanın daim təkrarladıqları insidentlərin araşdırılması mexanizmi və guya danışıqların irəli aparılması üçün əlverişli mühitin yaradılması barədə iddialar daxildir. Reallıq isə ondan ibarətdir ki, Düşənbə görüşündən etibarən danışıqların irəli aparılması üçün əlverişli mühit yaradılsa da, Ermənistan bu istiqamətdə hər hansı addım atmayıb. Bunun əksinə olaraq isə Azərbaycan hər zaman olduğu kimi yenə də problemin dinc, sülh yolu ilə həllində maraqlı olduğunu açıq şəkildə ifadə edib, bu mövqeyini ortaya qoyub.

Günümüzdə də Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəy şəkildə nümayiş etdirdiyi konstruktiv mövqeyinin fonunda Ermənistanın danışıqlar prosesini pozmaq məqsədi daşıyan qeyri-konstruktiv davranışı Ermənistanın münaqişənin yalnız sülh vasitəsilə həll edilməsi barədə iddialarının riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirir;

Bu arada işğalçı ölkədə cərəyan edən proseslərə də diqqət çəkməmək mümkün deyil. İnqilab yolu ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyanın Qarabağ klanı tərəfindən sıxışdırılması, İrəvan küçələrində mövcud hakimiyyətə qarşı müntəzəm olaraq etiraz aksiyalarının keçirilməsi Paşinyanı çətin duruma sürükləyib. Açıq-aşkar bu proseslər xaos və anarxiyadan xəbər versə də, lakin başda Paşinyan olmaqla əksər erməni rəsmilər bunu demokratik ab-hava kimi qələmə verməyə çalışırlar. Elə işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri  Z.Mnatsakanyanın BMT-nin insan hüquqları şurasında çıxış edərək Ermənistanda baş verən hadisələri demokratik keçid adlandırmağa cəhdi də bunun sübutudur. BMT insan hüquqları şurasının kuluarlarında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda baş verən hadisələr istehzalı şəkildə yakobin və ya bolşevik sayağı "inqilabi diktatura" adlandırılır.

Mövcud reallıq isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törətmiş bir ölkənin BMT-nin insan hüquqları şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın təməl prinsiplərinə ziddir;

Qeyd edək ki, qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və "inqilabi diktatura" rejimi quran Ermənistan bu ilin payızında BMT-nin insan hüquqları şurasına seçilməyə çalışır. Lakin birmənalı olaraq bu ölkənin BMT insan hüquqları şurasına seçilməsi qəbuledilməzdir, bu təsisatın təməl prinsiplərinin və dəyərlərinin tapdalanmasıdır. Beynəlxalq ictimaiyyət buna imkan verməməlidir.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR