“Qarabağda vuruşan hər bir azərbaycanlının qarşısında baş əyirəm”

Zaur Ağakazımoğlu Spivak: "Qarabağ bizim ağrılı yerimizdir"

Azərbaycanlı məmurların xarici ölkələrdə mülk sahibi olması barədə müntəzəm olaraq bəzi sosial şəbəkə və saytlarda xəbərlər yayılır. Bu günlərdə isə bəzi media orqanlarında, eləcə də elektron KİV-lərdə Almaniyanın paytaxtı Berlindəki "Karabakh" və Kölndəki  "Old Baku" restoranlarının azərbaycanlı məmurlara aid olması barədə məlumatlar dərc edilib.

Berlindəki "Karabakh" restoranın sahibi Zaur Ağakazımoğlu Spivak isə məsələyə aydınlıq gətirərək deyilənləri təkzib edib.  Redaksiyamıza ünvanlanan məlumatda iş adamı qeyd edir ki, bu cür əsassız məlumatların yayılması Azərbaycan maraqlarına düşmənçilik kimi qiymətləndirilməlidir: "Karabakh" restoranı mənə aiddir və 2014-cü ilin oktyabr ayından fəaliyyət göstərir. Mənim digər biznes sahələrində də işlərim var. Niyə ondan da yazmırlar. Bir azərbaycanlının Almaniyada uğur qazanması digər azərbaycanlıları niyə narahat etməlidir ki? Axı "Karabakh" restoranını açmaqla məqsədim məhz dövlətimizin adına, Berlində yaşayan ermənilərə Qarabağın Azərbaycana aid olduğunu göstərməkdir. Mən Bakıda doğulmuşam. Heç kim mənə məcbur etmirdi ki, restorana Qarabağ adı verim. Biz ermənilərin "Qarabağ Ermənistanındı" fikirlərinin əsassız olduğunu, əslində Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dünyaya çatdırmalıyıq. Düşünürəm ki, hər kəs çalışdığı sahədə bunu etməlidir. Restoranıma Qarabağ adı verilməsi buradan qaynaqlanır". Həmyerlimiz qeyd edib ki, azərbaycanlı nazirlər, səfirlər, dövlət adamları, diplomatlar Almaniyaya qonaq gəldikləri zaman həmin restoranda olurlar: "Əcnəbilərlə də bizim resroranlarda görüşürlər. Biz də belə məsələlərdə çox həssasıq. Nə yazıq ki, bizim bu milli maraqlara xidmət edən fəaliyyətə Ermənistan mətbuatı deyil, Azərbaycan mətbuatı çamur atır.  Restorana qonaq gələn insanlarla xoş münasibət yaratmağa çalışırıq, onlarla fotolar çəkdirib sosial şəbəkələrdə paylaşırıq. Azərbaycanlı jurnalistlərin bizə aid olan və milli maraqlarımıza xidmət edən işi kimlərinsə adına bağlamaları mənim üçün çox qəribə gəldi.  Axı biz Azərbaycan mədəniyyətini burada təbliğ etməklə məşğuluq. Üzdəniraq jurnalistlər haqqımda bu cür yalan məlumatları yaymaqla nüfuzumuzu gözdən salmağa çalışırlar. Əgər mənim soyadımı belə səhv yazırlarsa, demək ki, mənimlə bağlı heç bir bilgiləri yoxdur. Görünür onların niyyəti başqadır, ermənilərə xidmət etmirlərsə, mənə müraciət edərdilər, doğrunu yazardılar. Bu saytlar bizim şəkillərimizi paylaşıb, hansı ki, həmin şəkildə mən bu il Brüsseldə Xocalı ilə bağlı tədbirdə iştirak edirdim. Bizimlə birgə başqa azərbaycanlılar da o tədbirə qatılmışdı. Bunlar necə şərəfsiz insanlardır ki, bizim o tədbirdə iştirakımızı başqa ad altında dərc edirlər. O tədbirdə ki, 10 kv.m bayrağı mən gətirmişdim. Yanlışmı etmişəm? Brüsseldə Avropa parlamentinin qarşısında həmin bayrağı asaraq, Azərbaycanı bir daha dünyaya tanıtmışıq. Bu insanların qanında erməni qanı var, yoxsa milli maraqlarımız üçün gördüyümüz işi niyə kimlərinsə adına bağlasınlar? Bu şəkli yaymaqda məqsəd nədir?  Bu adamlar dərhal təkzib verməsələr mən onları məhkəməyə verəcəm".

İş adamı deyib ki, Azərbaycanın dövlət qurumlarına müraciət edəcək: "Artıq bu haqda danışıqlar da aparmışam. Onlardan elə təzminat alacam ki,ömrü boyu yadlarından çıxmayacaq, peşman olacaqlar. O təzminatı Qarabağ qazilərinin övladlarına verəcəm. Onların heç bir haqqı yoxdur ki, tanımadıqları insan haqda bu cür şər-böhtan xarakterli yazılar yaysınlar.  Bu, Avropa qanunlarına da ziddir. Bir insan haqqında dəqiq araşdırma aparmadan böhtan yazmaq qətiyyən doğru deyil.  Bu, onlarımqərəzli və sifarişə işlədiyinin nümunəsidir.  Bir daha bəyan edirəm, başqalarından fərqli olaraq Azərbaycanı çox sevirəm, Vətənimə bağlıyam, bütün işimi doğma yurduma fəda etməyə hazıram. Bundan kimlərsə narahatdırsa, artıq bu, düşmənçilik, erməniçilikdir. Belə azərbaycanlı varsa, ona ar olsun. Doğrudan da onlar jurnlistika adına ləkə ola biləcək şəxslərdir. Onlar öz dövlətinə, millətinə niftər edirlər.  Mən burada diasporanın fəal üzvüyəm. Və əlimdən gəldiyi qədər Azərbaycanı  təbliğ etməyə çalışıram. Berlində yaşayan azərbaycanlılar da daxil olmaqla buranın insanlarına Azərbaycanın mədəniyyətini tanıtmağa və onlara hansısa bir işdə köməketməyə çalışıram. Burada kimsə məndən narazı olduğunu deyə bilməz. Əlbəttə ki, damarından erməni qanı axan insan məndən narazı olacaq.  Burda yaşayan hər bir azərbaycanlı bilir ki, mən Qarabağım üçün canımı verərəm".

İş adamı məktubunda qeyd edib ki, bir neçə gün bundan öncə feysbukda Azərbaycanda yaşayan bir tələbə ona müraciət edərək, Almaniyadakı universitetlərin birinə daxil olduğunu, amma imkansızlıq səbəbindən təhsilini davam etdirə bilməyəciyini söyləyib.. "Həmin xanım həm də Qarabağ qazisinin qızı olduğunu bildirdi. Mən bu sözləri eşitdikdən sonra ona kömək edəcəyimi dedim. Qarabağda vuruşan hər bir azərbaycanlının qarşısında baş əyirəm. Qarabağ bizim ağrılı yerimizdir. Biz həmin bu şəxlsərin sayəsində bu gün torpağımızda azad yaşaya bilirik. Necə ola bilərdi ki, mən o qıza kömək etməyim? Bu, bizim gördüyümüz işlər, bu da Azərbaycan mətbuatının bizə münasibəti. Belə yazı yazanlara "Ayıb olsun" deyirik".

S.İsmayılbəyli 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR