Azərbaycanın yarım milyondan çox olan qaçqın və məcburi köçkün uşaqları

Deputat: "O uşaqlar 30 ilə yaxındır ki, hər gün bu müdhiş faciəni yaşamaqdadır"

Elə mövzular, elə problemlər var ki, onlar həmişə aktual olur və onların həlli ilə bağlı əslində hər gün nəsə etmək vacibdir. Belə mövzulardan ən vacibi uşaqlarla bağlıdır, onların hüquqlarının müdafiəsinə nail olmaqla əlaqədardır. Məhz bu amil nəzərə alınaraq AŞPA-nın yay sessiyasında "Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq" adlı məruzə müzakirəyə çıxarılıb. Azərbaycan nümayəndə heyətimizin üzvü Rafael Hüseynov söyləyib ki, ətrafında fikir bölüşdüyümüz məruzə üzv dövlətləri uşaqların hüquqları üzrə Konvensiyanın prinsiplərinə riayət etməyə səsləyir. Uşaqları, konkret olaraq miqrant balalarını zorakılıqlardan, hərbi münaqişələrin fəsadlarından, təqiblərdən, iqlim dəyişikliyinin və təbii fəlakətlərin dağıdıcı təsirlərindən qorumağa çağırır. Bunların hamısı o qədər xeyirxah, elə nəcib çağırışlardır ki, hər birinə ikiəlli səs vermək olar. Dərdi tərəzi ilə ölçməzlər və onun böyüyü-kiçiyi olmur. Lakin miqrant uşaqların çəkdiyi acılarla bağlı səhifələri oxuduqca öz qaçqınlarımızın və məcburi köçkünlərimizin uşaqlarını düşünürəm. Çünki dərdin hər halda miqyasca daha nəhəngləri olur. 2001-ci ildən milli parlamentdə, eləcə də AŞPA-da fəaliyyət göstərdiyini bildirən R.Hüseynov Ermənistanda tarixən yaşadıqları ərazilərdən deportasiya olunmuş və işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan köçkün düşmüş 1 milyon insanla müxtəlif çadır düşərgələrində görüşərkən gələcəyə böyük ümidlərlə baxdığını səsləndirib. Qeyd edib ki, qaçqın və köçkün uşaqların indi öz ailələri və dünyaya qaçqın və məcburi köçkün kimi gəlmiş uşaqları var: "Qaçqın və məcburi köçkün kimi yaşamaq ağır dərddir, lakin dünyaya elə bu statusda göz açmaq ikiqat müdhiş faciədir. Miqrant uşaqları qorumağa çalışdığımız sıxıntıların hamısını və ən dəhşətli təzahürlərini Azərbaycanın sayı yarım milyondan çox olan qaçqın və məcburi köçkün olan uşaqları 30 ilə yaxındır ki, hər gün yaşamaqdadır. Həm də ildən-ilə bu rəqəm azalmır ki, artır. Çünki bu üzücü statusla yeni nəsillər dünyaya gələrək böyüyür. Biz isə problemləri həll etmək əvəzinə, onları sadəcə heyifsilənməklə müşayiət edirik". Millət vəkili qeyd edib ki, illərdir ki, ən ağır görünən, həlli çətin sayılan bir neçə problemin aradan qaldırılmasının əslində çox münasib və sadə üsulu var. Həmin üsuldan istifadə edərək hər kəs ənənəvi olaraq bizi ağrıdan problemlərin həllinə öz töhfəsini də verə bilər, qovuşan ortaq səylərlə həmin düyünlü nöqtələr qısa zaman ərzində birdəfəlik aradan qalxar: "1990-cı illərin ortalarında Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin lap ağır olduğu, onların çadır şəhərciklərdə, vaqonlarda yaşamağa məcbur olduqları vaxtları xatırlayıram. Əlbəttə, problem bütün faciəsi ilə indiyədək həll edilməmiş qalır. Lakin hər halda qaçqın və məcburi köçkünlərin demək olar ki, əksəriyyəti arxada qalan illər ərzində öz doğma yurd-yuvalarına qayıda bilməsə də, hər halda normal mənzillər, normal həyat şəraiti ilə təmin edilib.O vaxt bir amerikalı jurnalist həmin qaçqın və məcburi köçkünlərin uşaqlarına birdəfəlik istifadə üçün olan fotoaparatlar paylamış, bir-birinizin, yaşadığınız yerlərin, gündəlik həyatınızın şəklini çəkin demişdi. Uşaqlar çəkmişdilər və onların gözləri ilə görünən həyatları bizim gördüyümüzdən qat-qat dəhşətli idi".  Deputat deyib: "Mənim təklif etdiyim həll modeli də elə təxminən buna uyğundur. Hər birimiz özümüzü o müsibətə uğramış insanların yerinə qoymağa çalışaq, həmin həyatı özümüz yaşayırıqmış kimi təsəvvür edək. Təsəvvür edək ki, bu gün dünyaboyu səpələnmiş miqrant uşaqları, qaçqınların, məcburi köçkünlərin övladları heç onların balaları deyil. Bir anlıq o uşaqların yerinə öz uşaqlarımızı, öz nəvələrimizi qoyaq. O qadınların yerində öz həyat yoldaşınızı, qızınızı, ananızı göz önünə gətirin. Dözərdinizmi? İnanıram ki, qətiyyən yox və dərhal əzizlərinizi, hətta öz həyatınız bahasına olsa belə, həmin girdabdan çıxarmağa cəhd edərdiniz. Amma təəssüflər olsun ki, biz həmin problemləri qəlbimizə nə qədər yaxın tutsaq da, adətən onlara kənardan nəzər salırıq. Ən yaxşı halda həmin dərdlərə qorxulu filmə baxan seyrçi kimi həyəcanlanırıq. Ona görə də ən kəskin çıxışlarımız belə əməli gücə malik deyil, quru bəyanatdan uzağa getmir. Həmin hisslərin və sözlərin vəziyyəti kökündən dəyişə biləcək enerjiyə çevrilməsi üçün isə yol yeganədir. Özümüzü bütünlüklə onların yerində qoymağı bacarmalıyıq". Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir və biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik.  Biz məruzəçini təbrik edərək, onun irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha da dəhşətli olur. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan  Ermənistanın Avropa Şurasının üzvü olan  Azərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi.  Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları ona görə sayıram ki işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənlər isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞPA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı törədilmiş zoralıq və cinayətlərin qarşısını almaq üçün çox təəssüf ki AŞ, AŞPA heç bir ciddi addımlar atmadı. Ermənistan silahlı qüvvələri isə azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə 2 yaşı tamam olmamış olan balaca Zəhranı qətlə yetiridilər. Bu siyahını davam etdirə bilərəm amma təəssüf ki zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı bəlkə nə qədər uşaq bu gün aramızda olardı. Ona görə də biz sizi uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq. İkili standartlara yol vermədən". Millət vəkili əlavə edib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparılır: "Dayanıqlı İnkişaf Hədəflərinə uyğun olaraq uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərdəndir. Və bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla beynəlxalq qurumlarla effektiv əməkdaşlıq edilir. İnsan alveri o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar Parlamentdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir,  maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib. Köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə isə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı "Hər beş uşaqdan biri" kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə "Biz zorakılığa yox deyirik" mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir.Bütün bunlara baxmayaraq bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir. İnanırıq ki, bugünki müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha effektiv mübarizəyə öz müsbət töhfəsini verəcək".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR