Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir

"Artıq 21 ildir ki, iyunun 26 - sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixə düşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir", Bu fikirləri Olaylara-a Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

Onun sözlərinə görə, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır: "Eyni zamanda, Əfqanıstan və Qarabağ müharibələri veteranı olaraq deyərdim ki, hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi - texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən isə , güclü ordu elə güclü dövlət deməkdir".

"Məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur", deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991 - ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993 - cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu: "Bu mənada fəxrlə deyə bilərik ki, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993 - cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir. Artıq Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat - təhcizat baxımından da ordumuz öndədir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir".

Hikmət Şikarov xatırladıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir: "Bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır".

"Heydər Əliyevin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir", bildirən Hikmət Şikarov əlavə edib ki, cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir: "Ümumiyyətlə, son 16 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah - sursatlar Azərbaycan Ordusunun arsenalında yer alır. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu - rəhbər birliyi, ordu - xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır".

YAP Pirallahı rayon təşkilatının sədri sonda qeyd edib ki, bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin: "Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Azərbaycan xalqı öz ordusuna güvənir, sevir və hər zaman onunla qürur duyur".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR