Deputat: "Avropa Şurasındakı bir çox problemlər Ermənistan kimi dövlətlərə ifrat güzəştli münasibətdən irəli gəlir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə belçikalı deputat Petra Sutterin "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbuletmə prosesinin möhkəmləndirilməsinə" dair hazırladığı məruzə ciddi müzakirələrə səbəb olub. Belə ki, övzu ilə bağlı müzakirələrdə 70-ə yaxın deputat çıxışa yazılıb.Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq, AŞPA nizamnaməsi və qaydalarında dəyişiklik etmək cəhdlərinin müsbət və mənfi tərəflərinə toxunub. Bildirib ki, 70 yaşını qeyd edən bir təşkilatın nizamnaməsində, fəaliyyət prinsiplərində dəyişikliklər etməyə çalışması, bir tərəfdən çox yaxşıdır, digər tərəfdən isə narahatedicidir. Deputat deyib: "Yaxşıdır ona görə ki, bu, təşkilatdakı daxili dinamikadan xəbər verir. Göstərir ki, təşkilat öz işinə tənqidi yanaşmağı bacarır, yeniləşməyə, daha mükəmməl olmağa can atır. Narahatedici tərəfi isə 50-yə yaxın ölkənin ictimai-siyasi taleyi ilə bilavasitə bağlı olan bir mötəbər təşkilatın indiyədək kamil və rəvan işləyən nizamnaməsinin, qaydalarının olmamasıdır. Belə görünür ki, indiyəyədək müəyyən məsələlərdə yanlış yolla irəliləyirmişik".

Yeniləşmənin, təkmilləşmənin vacibliyinə toxunan R.Hüseynov bildirib ki, yeniləşməyə meyl, müsbət dəyişikliklər etmək cəhdi məqbul gedişatdır. Lakin Avropada və dünyada müşahidə etdiyimiz oxşar islahatların öyrətdiyi təcrübə də var. Belə dəyişikliklər müəyyən qrupları, şəxsləri, dövlətləri nəzərdə tutaraq, onların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasını və ya genişləndirilməsini hədəf götürməməlidir. Dəyişikliklərdən hamı faydalana bilməlidir, bu yeniliklər hamı üçün daha yaxşı fəaliyyət imkanları təmin etməlidir. R.Hüseynov üzv ölkələrin hər birinin bu quruma qəbul edilərkən müəyyən öhdəliklər götürdüyünü, prosedurlardan keçdiyini diqqətə çatdıraraq deyib ki, AŞPA-ya daxil olan ayrı-ayrı dövlətlərin fərdi öhdəliklərindən başqa, ortaq və mühüm öhdəlik üzvlüyün başlıca şərti kimi təşkilatın nizamnaməsinə, qaydalarına, tələblərə tabe olmaqdır, onları danışıqsız icra etməkdir. Üzv ölkə bu tələbləri yerinə yetirmirsə, hətta nümayişkaranə şəkildə bundan imtina edirsə, həm də bunu dəfələrlə edirsə, təbii ki, sanksiyalar işə düşməli, təşkilat ən azı öz nüfuzunu, ləyaqətini qorumaq naminə qəti sözünü deməlidir. Əks təqdirdə, təşkilata inam, etibar itəcək, nüfuzu aşağı düşəcəkdir.

Azərbaycanlı deputat təcavüzkar Ermənistanın AŞPA nizamnaməsi və qaydalarına zidd fəaliyyətlərindən müfəssəl danışıb. Bildirib ki, Ermənistan ötən illərdə sistemli şəkildə Parlament Assambleyasının müəyyən məruzələrinin hazırlanmasına açıq şəkildə müqavimət göstərib, maneçiliklər törədib, qəbul edilmiş qətnamələrə qətiyyən məhəl qoymayıb, illər boyu onları yerinə yetirməkdən imtina edib. Nizamnaməsinə üzv dövlətin belə açıq hörmətsizlik göstərməsinə Avropa Şurası dözüb, dözməkdə davam edir. Bütün bunlardan sonra təşkilatda böhranların ardı-arasının kəsilməməsi, arzuolunmaz proseslərin ardıcıl başlaması təəccüb doğurmur: "Hamının tələblərinə tam cavab verən nizamnamə olmalı, onu hər yeni situasiyaya uyğun dəyişdirmək cəhdləri edilməməli, prosedur qaydalarının tələblərinə riayət də istisnasız hamı üçün eyni olmalıdır". Düputat Avropa Şurasındakı bir çox böhranların və problemlərin məhz Ermənistan kimi dövlətlərə ifrat güzəştli münasibətdən irəli gəldiyini vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR