Həmsədrlərin yeni təklifləri nə vəd edir?

Minsk qrupu Ermənistanı yola gətirə biləcəkmi?

Xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib ki,  həmsədrlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret təkliflər təqdim ediblər: "Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər. Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz hazırda həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstəririk. Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik. Həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra yenidən görüşək". Məlumat üçün qeyd edək ki, həmsədrlər fəaliyyətləri müddətində bir neçə dəfə təkliflə çıxış ediblər. Ancaq verilən təklif işğalçı dövləıt olan Ermənistanın qeyri-konstruktivliyi ucbatından elə təklif olaraq qalıb. Bəs bu dəfə necə, həmsdr ölkələr verdikləri təklifin icrası məqsədilə Ermənistana hər hansı təzyiq göstərə biləcəklərmi?

Bir daha xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının dəyişdirilməsində maraqlıdır. Siyasi ekslertlər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Millət vəkili  Elman Məmmədov hesab edir ki, həmsədrlər və ATƏT-in Minsk qrupu bu məsələdə prinsipiallıq göstərmir: "Həmsədrlərin regiona hər səfəri zamanı verilən bəyanatlar əvvəlki bəyanatlardan heç nə ilə fərqlənmir. Yəni, onlar yeni fikir söyləmirlər. Münaqişə o zaman  sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Amma görünən odur ki, Minsk qrupunun belə niyyəti yoxdur. Biz hətta onlar tərəfindən işğalçı dövlətin himayə olunmasını müşahidə edirik. Bu da cəmiyyətimizdə haqlı olaraq narazılıqla qarşılanır". Millət vəkilinin qənaəti ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti konkret nəticə verməlidir: "Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür. Cəzasızlıq isə göründüyü kimi, nəticə vermir. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Ona görə də beynəlxalq birlik işğalçıya qarşı sərt mövqe nümayiş etdirməlidir".

Hüquqşünas Alim Hüseynli bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Onun sözlərinə görə,  1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Ancaq Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Əfsuslar olsun ki, buna görə Ermənistana heç bir təzyiq göstərilmir. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu baxımdan həm BMT və onun srtukturları, həm də ATƏT və onun təsisatları münaqişənin həllində fəallıq göstərməli, problemin ədalətli  çözümünə öz töhfələrini verməlidirlər". Hüquqşünas hesab edir ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı hətta səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir: "Nəyə  görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə-ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiq etmirlər? Bu gün cəmiyyətimizi ən çox narahat edən  problem Dağlıq Qarabağ məsələsi və erməni işğalında olan ata-baba yurdlarımıza baş çəkmək üçün Kəlbəcərə gedən iki vətəndaşımızın girov götürülməsidir. Beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, həmsədrlərin buna açıq-aşkar göz yumması və ikiüzlü siyasət yeritməsi bizi narahat edir". Onun sözlərinə görə,  iki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürlməsi, onlar üzərində saxta məhkəmənin qurulması bir daha onu göstərir ki,  Ermənistan dünyada terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir dövlətdir: "Bu ölkə dünyada həm də terroru dövlət siyasəti səviiyəsinə qaldıran, terroru, terrorizmi, terrorçuları himayə edən bir ölkə imici qazanıb. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələyə göz yumur".  Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların və söz sahibi olan dövlətlərin ikili standart nümayiş etdirdiyini diqqətə çatdıran hüquqşünasın fikrincə, Daqlıq Qarabağı işğalçılardan Azərbaycan ordusu xilas edəcək:  "Aprel hadisələri göstərdi ki, Azərbaycan ordusu nə qədər güclü və qüdrətlidir. O, istənilən an düşmənin hücumlarına layiqli cavab vermək və onu  yerində oturtmaq qüdrətinə malikdir. Eyni zamanda bu hadisələr bir də onu göstərdi ki, bütövlükdə Azərbaycan gəncliyi Vətənin müdafiəsinə hazırdır. Onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Bu, bizim hər birimizi sevindirir və ruhlandırır". Görünın odur ki, Minsk qrupunda təmsil olunan ölkələrin dövlət maraqları  vasitəçilik missiyasını üstələyir. Belə halda həmin dövlətlərdən münqaişnin ədalətli həlli istiqamətində hansısa addım ataılacağını gözləmək sadəlövlük olardı.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR