Türkiyədə seçki həyəcanı bitdi

Qardaş Türkiyədə seçki həyəcanı başa çatdı. Həftə sonu İstanbul bələdiyyəsinə keçirilən təkrar seçkilərdə yenə də Əkrəm İmamoğlu seçicilərin 50 faizdən çoxunun səsini toplayaraq İstanbul bələdiyyəsinin sədri seçildi.

Türkiyədə keçirilən seçkilər və onun nəticələri Azərbaycanda da maraqla izlənilirdir. Seçkinin nəticələrinə gəlincə isə, bu məsələ ilə bağlı fikirlər müxtəlifdir. Ümumi fikir isə ondan ibarətdir ki, iyunun 23-də türk xalqı bir daha demokratiyaya səs verərək, ona sahib çıxdı. Müstəqil ekspert Kamran Sultanlı deyir ki, Türkiyə demokratiyası üçün seçki instutu son qala idi və Türk xalqı o instutu qorudu. Onun sözlərinə görə, CHP namizədi Əkrəm İmamoğlu aşırı fərqlə İstanbul Böyük Şəhər Bələdiyyəsi Başqanı seçildi: "Burada həm də İmamoğlunun apardığı möhtəşəm kampaniyanın nəticəsini də qeyd etməkdə fayda var. Əgər 31 mart seçimlərinin nəticəsini Rəcəb Tayyib Ərdoğan qəbul etsəydi, Ərdoğana qarşı demokratiya amilindən tənqidlər edən bir çoxuna cavab verə bilərdi. Lakin İstanbulu itirməyi gözə ala bilmədilər. İstanbulun Türkiyənin əsası olması, ölkənin bütün tərəflərindən və bütün etnoslarından ibarət bir mozaika olması, ölkə iqtisadiyyatının, sənayəsinin, habelə Türkiyəyə qoyulan investisiyaların 85-86 milyard hissəsinin, İstanbul olmasını nəzərə alsaq, bu şəhəri itirmək iqtidar üçün ciddi zərbə idi. Həmçinin Ərdoğanın digər iki böyük meqapolisi itirməsi İstanbulu itirməmək üçün daha ciddi səy göstərməsinə səbəb oldu. Ərdoğanın məşhur "İstanbulu alan Türkiyəni alar" fikri, bu şəhərin Ərdoğan üçün nə demək olduğunu açıq ortaya qoyur. Siyasi establişmentin zirvəsinə getmək üçün İstanbul böyük və olduqca önəmli tramplindi. Vaxtilə Ərdoğan özü də bu şəhərdən Türkiyənin başına keçmişdi".

Kamran Sultanlı deyib ki, 31 mart seçkilərindən sonra əsas mübarizə mazlum mübarizəsi idi: "Türk xalqı bu mübarizədə İmamoğlunu seçdi. 31 mart seçkilərindən sonra İstanbulda əsas mübarizə Kürdlərin səsi uğrunda gedirdi. Buna görə hakim partiya bir sıra addımlar atdı. Abdullah Öcalanın öz vəkilləri ilə görüşməsi qadağası götürüldü, daha sonra Öcalanın bəyanatı İmralıdan yayıldı. Həmçinin Necirvan Barzani, Ərdoğan tərəfindən qəbul edildi. Türkiyə XİN rəhbəri İraq Kürdistanına göndərildi, Masud Barzani, Nacirvan Barzani ilə görüşdü. Öcalanın qardaşı TRT- 1-ə çıxarıldı. Bütün bunlar kürdlərin səsini qazanmaq üçün atılan addımlar idi. Lakin bütün bunlara baxmayaraq, kürdlər İmamoğluna səs verdilər. Burada HDP və onun həbsdə olan lideri Selaheddin Demirtaşın da xüsusi rolu var. Demirtaş yeni seçkinin təyinatından dərhal sonra bəyanat yayaraq demokratik qüvvələrə dəstək olacağını qeyd etdi. HDP hər dəfə bəyanat yayaraq, AKP-yə qarşı bəyanatlar verirdi. PKK lideri Öcalanın birtərəf qalmaqla bağlı kürdlərə çağırısına baxmayaraq, PKK-nın hazirki lideri olan Murad Karayılan, kürdlərin İmamoğluna dəstək olmalı olduğunu vurğuladı. Kürdlər İmamoğluna dəstək verdilər. Bu isə Demirtaş fenomeninin kürdlər arasında əsas nüfuza malik olduğunu sübut edir. Seçkiyə Öcalanla bağlı atılan addımların milliyətçilər tərəfindən mənfi yanaşmasının da təsir göstərdiyini düşünürəm. Bu onların İmamoğlu fenomeninə meyl etdiklərini göstərir".

Ekspert hesab edir ki, seçkinin nəticələrindən sonra İmamoğlu Türkiyə siyasi sferasında parlayan yeni fenomenə çevrildi: "Bu Türkiyədə psixoloji tupikin aşındığını, 2023 seçkilərində İmamoğlunun Ərdoğan üçün ciddi rəqib ola biləcəyi nəticəsinə gəlir. CHP Türkiyə siyasi məkanında öz rolunu bununla artırmış olacaq. Bu seçkilər hakim partiyada yeni qopmalara da səbəb ola bilər. Əgər İmamoğlu növbəti illərdə güclü fəaliyyət göstərsə, Türk xalqının alternativinə çevrilə bilər. İmamoğlu Türkiyədə ideoloji qütbləşməyə də ciddi təsir edəcək. Türkiyənin demokratik və rifahlı olması, bizim maraqlarımıza uyğundur. Çünki Ankara bizim dünyaya açılan qapımızdır. Türk xalqı üçün xeyirli olsun".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyir ki, heç kəs Əkrəm İmamoğlunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı qoymağa çalışmasın.  Partiya sədrinin sözlərinə görə, onlar ayrı müstəvilərin, ayrı miqyasların adamıdır: "Hərəsinin öz yeri var. İmamoğlu sadəcə İstanbulun bələdiyyə başçısıdır. O, gələcəkdə Türkiyənin dövlət başçısı səviyyəsinə də yüksələ biləcəkmi, gəlin hadisələri və zamanı qabaqlamağa tələsməyək, özümüzü Nostradamus kimi aparıb öncəgörmələrlə çıxış etməyək. Bunu zaman göstərəcək. Ərdoğan isə hal-hazırda qosqoca Türkiyə Cümhuriyyətinin prezidentidir və dünya çapında geopolitik oyunçulardan biri sayılır. Ərdoğan istəsəydi İmamoğlu İstanbulun meri seçilməyə də bilərdi. Bununçün Ərdoğanın əlində kifayət qədər imkanlar, resurslar, rıçaqlar da vardı. Ancaq o buna getmədi. Doğrusu, Ərdoğan özü də yaxşı bilirdi ki, Binəli Yıldırım təkrar seçimlərdə də seçilməyəcək. Lakin o bununla sadəcə olaraq Türkiyədə demokratiyanın var olduğunu göstərmək istədi. Odur ki, lütfən, İmamoğlunun qələbəsini Ərdoğanın dəhşətli məğlubiyyəti kimi dəyərləndirməyək və bundan istər bölgə siyasəti üçün, istərsə də beynəlxalq siyasi proseslər üçün hər hansı bir dərin nəticələr çıxarmağa da çalışmayaq". DADP sədri qeyd edib ki,  bu gün İmamoğlunun personası Azərbaycan üçün heç bir xüsusi əhəmiyyət daşımır: "Adam başını aşağı salıb mer seçildiyi şəhərin irili-xırdalı problemlərinin həlli ilə məşğul olsun. Biz də bu işlərində ona uğurlar diləyirik. Bir də imkanı olarsa, İmamoğlu öz erməni seçicilərinə təşəkkür etdiyi kimi, onu cani-könüldən və tam təmənnasız olaraq dəstəkləyən azərbaycanlı heyranlarına da quruca bir sözlə minnətdarlığını bildirsin. Amma Ərdoğan isə bizim üçün öz yerini, öz çəkisini, öz dəyərini qoruyub saxlamaqdadır. Unutmayaq ki, son 30 il ərzində (yəni ki, müstəqillik illərində) məhz Ərdoğanın dönəmində Azərbaycanla münasibətlər bu qədər yüksək səviyyəyə çatdırılıb. İstər iqtisadi planda, istərsə də siyasi münasibətlərimizdə hər şey strateji müttəfiqlikdən də üst səviyyədədir. Düzdür, bu illər ərzində Azərbaycana qarşı müəyyən səhvlər də olub. Amma o səhvlər iki ölkənin strateji münasibətlərinə, sıx dostluğuna, qardaşlığına əsla kölgə sala bilməyib. Ərdoğan bir qardaş ölkə lideri kimi hər zaman Azərbaycanın haqqını qorumağı bacarır. Türkiyənin dünya siyasətinin önəmli aktorlarından birinə çevrilməsi istiqamətində də Ərdoğanın görəcəyi hələ çox işlər var. İmamoğlunu ona rəqib sayıb Ərdoğanı kiçiltməyək".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR