Ukrayna siyasi kursunu dəyişməyib

Kiyevin Qərbə meyillənməsi Moskva üçün əlavə problemlər yarada bilər

Çoxları Ukraynanın yeni seçilmiş prezidentinin Qərb, yaxid Rusiyaya meyilli olacağı barədə mülahizələr səsləndirir, fikirlər bildirirdilər. Onu da qeyd edək ki, prezident Zelinskinin daha çox Rusiyaya meyilli olacağı fikirləri də üstünlük təşkil edirdi. Çünki yeni Ukrayna prezidenti mədəniyyət sahəsini təmsil edən zaman belə Rusiyaya meyilli biri kimi tanınırdı. Hətta yeni prezident şoumen kimi daha çox üz tutduğu ölkələr sırasında Rusiya ön sıralarda gəlirdi. Ona görə də xarici ekspertlər hesab edirdilər ki yeni Ukrayna prezidenti əslində Kremlin adamıdır. Ancaq Zelinskinin prezident seçildikdən sonra atdığı addımlar, etdiyi gedişlər bütün bu gözləntiləri təkzib etdi. Ortada olan mənzərə onu deməyə əsas verdi ki, Kiyevin Avropaya istiqamətlənmiş yolu davam edəcək. Hər halda yeni Ukrayna prezidentinin ilk xarici səfər olaraq Brüsselə getməsi, burada Avropa İttifaqı rəsmiləri ilə görüşlər keçirməsi belə deməyə əsas verir. Elə müstəqil ekspert Kamran Sultanlı da bu qənaətdədir. O, bildirib ki, Ukrayna prezidenti Zelinski prezident seçildikdən sonra ilk səfərini Brüsselə etdi. Ekspertin sözlərinə görə, Zelinski Avropa ommisiyasının Sədri Jan Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, NATO baş katibi, Yens Stoltenberqlə görüşdü: "NATO baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın strateji seçiminin NATO olduğunu və NATO-nun Ukraynanın təhlükəsizliyi üçün xüsusi olduğunu qeyd etdi. Zelinski referendumdan sonra ölkəsinin NATO-ya üzv olacağına inandığını qeyd etdi. O, həmçinin Rəsmi Kievin AvroAtlantik məkana tam inteqrasiya etmək üçün reformlara və korrupsiya ilə mübarizəyə davam edəcəklərini açıqladı. NATO baş katibi də öz növbəsində, Ukraynanın ərazi bütövlüyünə dəstək olduqlarını və Ukraynada demokratik prosesləri bundan sonra da dəstəkləyəciklərini açıqladı. Jurnalistin Ukrayna NATO-ya üzv olacaqmı sualına, Stoltenberq bunun Ukrayna hökümətindən və siyasələrindən aslı olduğunu qeyd etdi". Kamran Sultanlı hesab edir ki, NATO lideri burada Ukrayna daxilindəki qüvvələrə xitab edir. Çünki son dövrlər Ukrayna parlamentində Kievin alyansa üzvlüyünə qarşı çıxan rusyönümlü qüvvələr silsilə çıxışlar edirlər: "Ukraynanın eks prezidenti Poroşenko, Zelinskiyə Avroatlantik kursda dəstək olmağa hazır olduğunu açıqlayıb: "Zelinski Brussel səfərindən sonra, Fransa və Almaniyaya səfər etdi. Fransa səfərində prezident Makronla görüşdü. Fransa Putinlə, Zelinskinin görüşünü təşkil edə biləcəyini açıqlayıb. Zelinski də öz növbəsində, Putinlə dialoqa hazır olduğunu, həbs edilmiş girovların təcili azad edilməli olduğunu qeyd edib. Berlin səfərində Almaniya Federal Kansleri Angela Merkel və Prezident Ştaymerlə görüşüb. Zelinski Şimal Axini 2-ni Ukrayna suverenliyi üçün təhlükə adlandırıb. Almaniyada bunu səsləndirməklə, Ukrayna lideri, xanım Merkelin diqqətinə çatdırmaq istəyir ki, bu lahiyə bizim maraqlarımıza ziddir, və Avropa daha da Rusiyadan enerji aslılığını artıracaq. Hazırda ABŞ da, Şimal Axını 2-yə qarşı çıxır. Yaxında Zelinskinin, Vaşinqtona səfəri də gözlənilir. Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların azaldılmasının və ya ləğv edilməsinin yalnız Minsk formatının təmin edilməsindən sonra mümkün olacağını vurğulayıb. Ukrayna lideri Berlin səfərində NATO və AB-la bağlı danışıb və vurğulayıb ki, Ukraynada yoxsulluq və korrupsiya var, biz istəyirik ki bu istiqamətdə uğurlara nail olaq. Ukraynanı elə inkişaf etdirək ki, Ukrayna Qərbin laiqli və bərabərhüquqlu müttəfiqinə çevrilsin. O həmçinin Putinlə görüşündə Krımın və Luqansk, Donetskin Ukraynanın olduğunu qeyd edəcəyini və qarşılıqlı dialoqa inandığını qeyd edib".

Ekspertin qənaətincə, Zelinskinin ilk səfərinin Avropadan başlaması, onu göstərir ki, rəsmi Kiev, Avroatlantik inteqrasiyaya davam edir və kursu dəyişməyib: "Əslində kursu dəyişmək heç də asan deyil. Zelinskinin Rusiya ilə dialoquna müsbət baxıram, lakin bunun uğurlu ola biləcəyini söyləmək çətindir. Çünki Kreml, Zelinskinin Poroşenkodan fərqlənmədiyini qeyd edir və güzəştə getmək istəmir. Yaxında Ukrayna lideri okeanın o tayına, Qərbin lideri ABŞ-a səfər edəcək. Bununla Zelinski Qərbyönümlü kursa sadiq olduğunu göstərir".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR