Sosial siyasətdə inqilab - əhalinin rifahı yüksələcək

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sosial paketin imzalanması Azərbaycan xalqının rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır. Ölkədə iqtisadiyyatın inkişafından xəbər verən bu sərəncam Azərbaycan vətəndaşının sosial durumunun yaxşılaşmasına xidmət edir. 2,0 milyondan çox insanı əhatə edən bu sərəncamın, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir. Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir və imzalanan fərman və sərəncamlar ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Sosial paketin imzalanması ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

Vətəndaşlar sosial sərəncamları sevinclə qarşılayıblar. Onlar əmindirlər ki, sosial paketin imzalanması  əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verəcək.

Təhsil işçisi Mədinə Hüseynli düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam təhsil səviyyəsinə də müsbət təsir edəcək: " Bütün müasir respublikalarda olduğu kimi Azərbaycanın da gələcəyi ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Azərbaycan isə  öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. İmzalanan bütün sərəncam və fərmanlar ölkəmizdə son illərdə təhsilin inkişafına təkan verir. Son 15 ildə Azərbaycan sosial- iqtisadi inkişafına görə MDB ölkələri arasında liderliyini qoruyub saxlayır. Bu gün Azərbaycanın siyasi və iqtisadi cəhətdən sürətlə inkişafında xüsusi diqqət və qayğı göstərilən  elm və təhsilimiz əhəmiyyətli rol oynayır. Sosial paketin imzalanması təhsildə  inkişaf tempini sürətləndirmək üçün yüksək savada malik kadrlar yetişdirilməsinə öz tövhəsini verəcək. Ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı artdıqca, sosial inkişaf yaxşılaşdıqca, gənclərin fəaliyyət istiqaməti də daha genişmiqyaslı olacaq. Bu isə öz növbəsində iqtisadiyyatımızı və dövlətimizi daha da inkişaf etdirəcək".

Hərbi qulluqçu Cavid Rüstəmli deyir ki, son sərəncamlar sosial rifah halının daha da güclənməsinə gətirib çıxaracaq: "Bu sərəncamların davamlı olacağına inanırıq. Hərbçilərin sosial məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin daha da gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər sevindiricidir. Bu tədbirlər hərbiçilərin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Bu gün hərbi qulluqçuların pensiya təminatı sahəsində də problemlərlə üzləşmirik. Ümumiyyətlə ordu quruculuğuna dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı Silahlı Qüvvələrimizin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Ordumuzda döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülüb, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, şəxsi heyətin döyüş və mənəvi hazır­lığı əhəmiyyətli dərəcədə artırılıb. Sosial paketin və bu kimi fərman, sərəncamların imzalanması bütün sahələrdə inkişaf oyandırdığı kimi Azərbaycan dövlətinin orduya və hərbi qulluqçulara göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir". 

Təqaüdçü Aydın Məmmədov əhalinin  həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinin Azərbaycan üçün sosial siyasətin əsas məqsədlərindən biri olduğunun göz önündə olduğunu deyir: "İmzalanan fərmanlar və sərəncamlar da bunu bir daha təstiq edir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Əminəm ki, sosial paketin imzalanması ilə rifah halımız yüksələcək və yoxsulluq aradan qalxacaq. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını sübut edir.

Özəl sektor işçisi Aydan Abbasova deyir ki, imzalanan fərman və sərəncamlar onu göstərir ki, Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır. Sosial sahədə uğurlu dövlət siyasəti Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə şərait yaradır. Dövlət başçısı tərəfindən sosial paketin imzalanması ilə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Vətəndaşların güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə edilir. Reallaşdırılan siyasət, aparılan islahatlar istər dövlət, istərsə də özəl sektorda çalışan əhalinin sosial rifahını əhəmiyyətli dərəcədə yüksəldəcək.

Tibb işçisi Gövhər Qurbanlı güclü iqtisadi və sosial siyasətin Azərbaycanın bütün sahələrdə olduğu kimi tibb sahəsində də uğur qazanmasına səbəb olduğunu deyir: "Reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Azərbaycanda səhiyyənin inkişafı, vətəndaşların sağlamlığına göstərilən diqqət və qayğı hər zaman ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Əhaliyə göstərilən tibbi xidmətlər ildən-ilə daha da yaxşılaşır ki, bu da özünü müxtəlif xəstəliklərdən ölüm hallarının azalmasında, nadir əməliyyatların aparılmasında, o cümlədən orqanların transplantasiyasında, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsində göstərir. Sosial paketin imzalanması tibb işçiləri üçün uyğun həyat şəraitini yaxşılaşdıracaq. Bu öz növbəsində Azərbaycan səhiyyəsinin nüfuzunu da nəzərəçarpacaq dərəcədə artıracaq".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR