Ermənilər yeni düşüncəli siyasi hakimiyyəti formalaşdırdıqlarını iddia edirlər

Mübariz Əhmədoğlu: "Buna baxmayaraq N.Paşinyan və Z.Mnatsakanyan hökuməti də hələki yalanı ən vacib silah hesab edirlər"

Dağlıq Qarabağ probleminin həlli istiqamətində maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən münaqişənin həlli istiqamətində hərəkətlilik artdığı bir zamanda, digər tərəfdən işğalçı Ermənistanın danışıqlar prosesinə maneçilik törətmək kimi cəhdləri özünü göstərir. Bu kimi hallar isə tərəflər arasında yüksək səviyyəli görüşü təxirə salır. Bu arada başqa bir maraqlı tendensiya özünü göstərməkdədir. Belə ki, Avropa İttifaqının Dağlıq Qarabağ tənzimlənməsində mövqeyində yenilik və qətiyyət diqqəti çəkir. Məsələ hazırda kifayət qədər diqqətçəkici və maraqlı olduğundan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da özünün ənənəvi mətbuat konfransında bu istiqamətə diqqət çəkib. O, bildirib ki, Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyan Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı F.Moqerini ilə görüşdə Ermənistan-Avropa İttifaqı münasibətlərinin bütün spektrlərini müzakirə edib: "Təbii ki, Ermənistan-Avropa İttifaqı münasibətlərinin bütün spektrində baş verənlər Azərbaycan üçün maraqlıdır. Ermənistanın çabalamaları diqqətdən kənarda qala bilməz. Ermənistanın vurnuxmalarında  baş verən yeniliklərin heç birisi Azərbaycan üçün cüzi də olsa təhlükə yaradacaq həddə deyil. Bütün bunlara baxmayaraq biz bu məsələlərə diqqət yetiririk. Avropa İttifaqının Ermənistanla münasibətlərində Dağlıq Qarabağ mövzusu xüsusi olaraq diqqətimizdədir və səbəbləri də bəllidir. F.Moqerininin Z.Mnatsakanyanla son görüşündə Avropa İttifaqının rəsmi mövqeyində həm yenilik, həm də artım var. F.Moqerininin fikrincə, münaqişə təcili siyasi həll tələb edir. "Təcili" sözünü də zəruri edən amillər var. Qoşunların təmas xəttində hərbi gərginlik artır və hərbi gərginliyin də artmasının əsas səbəbi Ermənistandır. Həmçinin ATƏT-in  Minsk Qrupu  və Avropa İttifaqının xüsusi nümayəndəsinin vasitəçilik missiyasına və  təkliflərinə Avropa İttifaqı dəstək vəd verir.  F.Moqerini Avropa İttifaqının xüsusi təmsilçisi T.Klaarın gördüyü işi ATƏT-in  Minsk Qrupunun həmsədrlərinin gördüyü işə təxminən bərabər tutur". Mərkəz rəhbəri deyib ki, tərəflərdən  atəşkəs rejiminə qətiyyətlə əməl olunması tələb olunur: "Bu standart ifadədir, amma F.Moqerininin fikirlərindəki diplomatik çalar Ermənistanın müdafiə naziri D.Tonoyanın Azərbaycan Respublikasının mayoru və əsgərini şəhid edən erməni hərbçilərini mükafatlandırmasını əhatə edir". Politoloq hesab edir ki,  Dağlıq Qarabağ tənzimlənməsi ilə substantiv, yəni mahiyyət üzrə məşğul olunmalıdır. Mübariz Əhmədoğlu deyib ki,  "Substantiv mahiyyət", "substantiv danışıqlar" Azərbaycana məxsus anlayışlardır: "Ermənilər bu anlayışdan qaçır, Moqerini  obyektivliyin tərəfində olduğunu göstərir.  Ermənistan danışıqların yalnız imitasiyasında maraqlıdır.  Nikol Paşinyan Rusiya jurnalistləri ilə görüşündə Ermənistanın danışıqları sürətləndirməyəcəyini açıq şəkildə bəyan etdi. Avropa İttifaqı parçalanmanın aradan qaldırılmasına və əhalinin sülhə hazırlanmasına yönəli tədbirləri dəstəkləməyə hazırdır. "Parçalanmanın aradan qaldırılması" Dağlıq Qarabağ regionunun daxilinə aid məsələdir. Ermənistan və Azərbaycan Respublikası cəmiyyətləri həmişə ayrı, müstəqil cəmiyyətlər olub. Onların indi də ayrılıqda olması normaldır. Amma vaxtilə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları bir cəmiyyət kimi mövcud olublar. "Parçalanma" dedikdə Dağlıq Qarabağın 2 icmaya parçalanması nəzərdə tutulub və F.Moqerini Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasındakı parçalanmanın aradan qaldırılmasına dəstəkdən danışır. Məsələnin daha maraqlı tərəfi var: Ermənistan mətbuatı, o cümlədən Ermənistanın Xarici İşlər Nazirliyi Moqerini-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsindəki bu təfərrüatları işıqlandırmadılar. Ermənilər yeni düşüncəli siyasi hakimiyyəti formalaşdırdıqlarını iddia edirlər. Buna baxmayaraq N.Paşinyan və Z.Mnatsakanyan hökuməti də hələki yalanı ən vacib silah hesab edirlər. Odlu silah onların bu "yalan silahını" sıradan çıxara biləcək". Mübariz Əhmədoğlu onu da diqqətə çatdırıb ki,  Ermənistanın müdafiə naziri  D.Tonoyan Azərbaycanın informasiya müharibəsində Ermənistan üzərində qələbə çaldığını etiraf edib: "D.Tonoyan bütün sahələrdə aktivdir. Amma onun son dövrlərdəki aktivliyində məqsədyönlülük xüsusi diqqəti çəkir və gözlənilmədən Azərbaycanın informasiya müharibəsində Ermənistan üzərində qələbə çaldığını etiraf etdi. Onun fikrincə, Azərbaycanın informasiya müharibəsinin təsiri altında Ermənistan ictimaiyyəti müəyyən addımlar atır. Bu bəyanata ən azı 2 kontekstdən yanaşmaq lazımdır. Birincisi, ermənilərdə "məğlubiyyət" və "Azərbaycanın qalib gəlməsi" anlayışları  tam ayrı kateqoriyalardır. D.Tonoyana görə Ermənistan sadəcə uduzmur, Azərbaycan qələbə çalır. Bu, Tonoyanın daxili vəziyyətindəki ciddi narahatlığının göstəricisidir. İkincisi, D.Tonoyan çox gözəl bilir ki, təhlükəsizliyin vacib sahələri ölkənin birinci şəxsinin birbaşa kurasiyasında olan məsələlərdir. Həm hərbi təhlükəsizlik, həm də informasiya təhlükəsizliyi Baş nazir N.Paşinyanın kurasiyasındadır. D.Tonoyana görə hərbi təhlükəsizlikdə Ermənistanda hər şey əladır, çünki o sahəyə birbaşa məsul Tonoyandır. Amma informasiya təhlükəsizliyini Paşinyan lazımi şəxsə tapşırmadığı üçün Ermənistan Azərbaycana qələbə çalmağa imkan verib. Belə olan halda D.Tonoyanın əsas hədəfi N,Paşinyandır.  Tonoyan bu və ya digər formada özünə məxsus metodologiya ilə Paşinyanın zəifliyini üzə çıxardır. Bu deyilənləri aprel döyüşləri kontekstinə gətirəndə artıq tamam fərqli mənzərə alınır. Çünki hələ indinin özündə də aprel döyüşləri ilə bağlı Ermənistanın aldığı zərbələr, Ermənistan hərbisinin məruz qaldığı itkilər gizli saxlanılır. İndi informasiya müharibəsində Azərbaycanın qələbəsini gündəliyə gətirməklə D.Tonoyan həm də fikirləşir ki, komissiyanın açıqladığı faktlar Azərbaycanın qələbəsini daha da möhkəmləndirəcək.  Əlavə hansısa məsələlərə görə Tonoyan aprel döyüşlərinin nəticələrinin sonadək aşkarlanmasında maraqlı deyil". Mərkəz rəhbəri onu da deyib ki, Nikol Paşinyanın özündən qat-qat savadlı və hiyləgər Tonoyana qalib gəlməsi ağıla batan görünmür: "Tonoyan birinci şəxslərə tələ qurmaqda təcrübəsiz deyil. 2016-cı il aprel döyüşlərinin əsas təşəbbüskarı D.Tonoyan idi. O zamankı prezident Serj Sərkisyan güclü idi, vəziyyətdən çıxa bildi. Amma görünür, N.Paşinyan vəziyyətdən çıxa bilməyəcək".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR