Cəbhədə gərginliyin artmasında kimlər maraqlıdır?

Hərbi ekspert: "Qarabağda yaxın günlərdə çox ağır və faciəvi lokal xarakterli toqquşmaların olması qaçılmazdır"

Ermənistan tərəfi cəbhədə gərginliyi artırmaq, yenidən hərbi əməliyyatlara yol açmaq üçün bütün mümkün vasitələrdən istifadə edir.  Atəşkəs rejiminin nütəzəm olaraq pozulması, bu zaman düşmən tərəfindin iriçaplı silahlardan, minaatanlardan istifadə etməsi, son bir həftə ərzində iki hərbiçimizin şəhid edilməsi, bütün bunlar işğalçı ölkənin təmas xəttində gərginliyin artırılmasına hesablanmış hərəkətləridir. Düşmən o qədər azğınlaşıb ki, hətta öz ərazilərimizdə təlim uçuşu həyata keçirən təyyarələrimizi də vurmaq niyyətinə düşüb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də yaydığı məlumatda qeyd olunur ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

Erməni tərəfinin bu hərəkəti və açıq-aşkar nümayiş etdirdiyi təxribat cəhdi düşmən ölkənin müharibə arzusunda olduğunu təsdiqləyir. Əksər hərbi ekspertlər də hesab edirlər ki, Ermənistan bununla Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadığını sərgiləyir və cəbhə xəttində hərbi əməliyyatların başlamasına rəvac verir. Ekspertlərin qənaətincə, Ermənistan tərəfinin bu təxribatına ciddi şəkildə cavab verilməlidir.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, cəbhənin Füzuli istiqamətində baş vermiş hadisədən sonra əgər biz yenə də səbr və dözüm nümayiş etdirəcək, sadəcə quru bir bəyanat səsləndirməklə işimizi bitmiş hesab edəcəyiksə, yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinə, həmçinin düşmənlə üz-üzə dayanan Azərbaycan Ordusunun həm şəxsi heyəti, həm də döyüş texnikası və avadanlığı ilə bağlı faciəli xəbərlər alacağıq: "İnanmayanlar qoy inanmasınlar, yatanlar da qoy "şirin röyalarını və xam xəyallarını" davam etdirsinlər". Üzeyir Cəfərov hesab edir ki,   cəbhədə gərginliyin olmasına birbaşa ATƏT-in Minsk qrupunun xeyir-duası ilə həm razılıq verilib, həm də Ermənistan qarşısında bir qədər də sərt tələblər qoyulub: "O şərəfsiz üçlüyə və onların başbilənlərinə çoxlu qan-qada lazımdır. Özləri də hiss edirlər ki, onlara olan inam və etimad çox mənfidir, demək olar ki, sıfırdan da aşağı səviyyəyə düşüb. Onların guya rolunu bir balaca qabartmaq üçün fərq etməz, azərbaycanlı olsun, ya erməni yaramazı, ölməlidir, ya yaralanmalıdır, əsir də götürülə bilər. Təki tərəflər bir birini "qırıb-töksünlər".
Sragagün ATƏT sədrinin şəxsi nümayəndəsi, erməni agenti, erməni maraqlarını birbaşa müdafiə edən polşalı diplomat Anjey Kaspşik Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı qapılar arxasında çox mühüm və Azərbaycan üçün heç də yaxşı olmayan planları müzakirə edib və yaxın günlərdə siz bu müzakirələrin necə acı nəticələrlə müşaiyət olunacağını özünüz də görəcəksiniz. Son vaxtlar iki Azərbaycan igidinin-mayor Aqil Ömərovun Ağdam istiqamətində, əsgər Elşən Xəlilovun isə Tərtər istiqamətində qətlə yetirilərək şəhid olmalarına görə Ermənistan siyasi və hərbi rəhbərliyini topa tutmağa borclu olan bir qurum, sadəcə susur və təxribatların miqyasının daha da çoxalmasını arzulayır və istəyir.
Davamı çox ağır və faciəli olacaq. Allah Azərbaycanın mərd oğulllarını qorusun. Onlar haqq işində şəhid olurlar, amma hər şeyin bir həddi-hüdudu olduğuna görə, biz də cəmiyyət olaraq baş verən və verə biləcək hadisələrə seyrçi mövqe tutmamalıyıq". 
Hərbi ekspert bildirib ki, Qarabağda yaxın günlərdə çox ağır və faciəvi lokal xarakterli toqquşmaların olması qaçılmazdır: "Müdafiə Nazirliyimiz düşməni susdurmaq və onun ağılsızlığının qarşısını almaq üçün qabaqlayıcı, profilaktik addımlar atmazsa, nəticələr dəhşətli ola bilər".

Məhəmməd 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR